Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antik fəlsəfənin inkişaf mərhələləri

Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. «Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və «Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv. VI– V əsrlər) də daxil edilir. İkncisi, yunan fəlsəfəsinin bu mərhələsi böyük filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür. Yunanıstan və əyalətləri Makedoniyalı İskəndərin imperiyasının tərkibinə daxil edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar: skeptisizm, epikurçuluq və stoisizm idi.
III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyllər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır. Lukretsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.


Tarix: 09.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Fəlsəfə
loading...