Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdrak və onun formalaşması

İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. İdrak nəzəriyyəsi - idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyətkəsb edən məsələlərdən biri praktika problemidir.
İdrakın həqiqi əsası kimi praktikanın həlledici rolunu ilk dəfə K.Marks açmışdır. Praktika insanların təbiət və cəmiyyəti dəyiçdirməyə yönəldilən maddi, hissi – predmetli, məqsədyönümlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir.
İdraka münasibətdə praktika üçqat rol oynayır.
Əvvəla, praktika idrakın mənbəyi, əsası və hərəkətverici qüvvəsi olub, ona faktik materiallar verir. İkincisi, praktika biliyin tətbiq üsulu olub, bu mənada idrakın məqsədidir. Praktika sanki biliyin gücünü nümayiş etdirən sınaq meydanıdır. Üçüncüsü, praktika idrakın nəticələrinin, bu prosesdə qazanılmış biliklərin həqiqiliyinin meyarı, ölçüsüdür. Yeni dövrdə qərqrlaşmış fəlsəfi sistemlərin əksəriyyəti idrakda iki əsas mərhələni ayırır: hissi və məntiqi idrak.
İdrak prosesinin ilkin, başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində bilavasitı, konkret inikasından ibarət psixi prosesdir. Hissi idrakın iki başlıca əlaməti vardır:

1) hissi idrak gerçəkliyin bilavasitə inikasıdır. O, hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır;
2) hissi idrak gerçəkliyin konkret inikasıdır. Hissi idrakın formaları duyğu, qavrayış və təsəvvürdür.
Duyğu insan idrakının və ümumiyyətlə insan şüurunun ən sadə elementidir. Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv rellıqdır. Duyğu obyektiv aləmin subyektiv obrazıdır. Duyğunun obyektiv aləmin subyektiv obrazına çevrilməsi də ayrı - ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qavrayışa daxil edilməsi hesabına əldə edilir. Qavrayış predmetin bütöv bir obrazıdır. Bu obraz insana məxsus bütün analizatorların, yaxud da onlardan heç olmasa bir nöqtəsinin birgə fəaliyyəti nəticəsində yaranır. Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. Qavrayış əsasında yaranan bu hissi obraz təsəvvürdür.
Təsəvvür qavrayışın bir növ reproduksiyasıdır. Təsəvvür qavrayışa nisbətən daha ümumidir, idrakın məqsədəuyğunluğu təsəvvürdə daha güclüdür, təsavvürdə predmetin insanı maraqlandıran cəhətləri ön plana çəkilir və qeyri – mühüm tərəflərdən sərfnəzər edilir. Təsəvvür həmişə yaradıcı xarakter daşıyır, belə ki, insan gerçəklikdə mövcud olan elementlər əsasında real həyatda olmayan və yaxud gerçəklikdə mövcud olmayan və ya praktikanın əsasında gələcəkdə yarana biləcək, yeni şeylər haqqında təsəvvür yarada bilər.


Tarix: 09.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Fəlsəfə
loading...