Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milet məktəbi

Qədim Yunan fəlsəfəsi Yunanıstanın özündə deyil, Kiçik Asiyanın Qərb sahilindəki İoniya şəhərində meydana gəlmişdir. Bu şəhərlərin əsasını yunanlar qoymuşdur. Ticarət yolları üzərində yerləşən bu şəhərlər xeyli inkişaf etmişdi. Onlardan biri də Milet şəhəri idi. İlk fəlsəfi məktəb həmin şəhərdə, yunanların «yeddi müdrik» içərisində saydığı ilk filosof Fales (b. er. əv. 625– 547) tərəfindən yaradılmışdır. Fales Babilistan və Misir dinləri və elmləri ilə tanış idi, Misir kahinlərindən, riyaziyyat və astronomiyanı öyrənmişdir. Bu biliklərə əsaslanaraq o, günəşin tutulmasını qabaqcadan xəbər vermişdi. Falesin əsərləri bizə çatmasa da, Layertli Diogenin və Aristotelin onun haqqındakı məlumatları bizim üçün çox qiymətlidir. O, ticarətlə məşğul olaraq çoxlu sərvət qazanmışdır. Bir sıra teoremlərin müəllifi hesab olunur. Ona təqvim məlum idi və günəşin illik hərəkətini göstərə bilirdi. Fales Avropa elminin və fəlsəfəsinin banisi hesab olunurdu. Anaksimandr və Anaksimen ilə birlikdə Fales fəlsəfi baxışlar sistemini yaratmışdır. Milet məktəbi mütəfəkkirləri üçün səciyyəvi cəhətlər aşağıdakılardır:
1. İlk başlanğıcın axtarışı;
2. İlk başlanğıc monistik xarakterdədir;
3. O ilkin və maddidir;
4. O canlıdır (bu nöqteyi– nəzər gilozoizm adlanır. Gilo– maddə+zoe– həyat. Gilozoizm– ümümi canlı materiya haqqında təlimdir). Daha dəqiq desək, əbədi hərəkət və çevrilmələr haqqında təlimdir. Ona görə də çox vaxt Falesi materialist hesab edirlər. Əslində gilozoizm materializm deyildir. Materializm (b. er. əv. V əsrin sonunda) materiya və ruhun bir– birinə qarşı qoyulmasından sonra yaranmışdır.
Fales suyun dünyanın əsasında durduğunu qeyd etməklə kosmoqonik ideyanın yaradıcısı olmuşdur. Məşhur «öz– özünü dərk et!» fikrini də Falesə aid edirlər.
Bir sözlə, dünyanın başlanğıcı haqqında ilk təlimi Fales yaratmışdır. Qeyd etmək lazımdır ki, Qədim Yunanistanda hərəkət dedikdə hər cür dəyişiklik nəzərdə tutulurdu.
Anaksimandr (b. er. əv. 545– ci ildə ölmüşdür) ilk başlanğıcı apeyron– qeyri– müəyyən bir şey hesab etmişdir. Anaksimandra görə, günəşin dairəsi yerdən 28 dəfə, ayın dairəsi isə Yerdən 19 dəfə böyükdür. Onun fikrincə, bütün canlılar günəşin buxarlandırdığı rütubətdən yaranır. İnsan heyvandan deyil (məs.: meymundan), balıqdan əmələ gəlmişdir.
Anaksimen (b. er. əv. 525– ci ildə ölmüşdür) ilk başlanğıc kimi havanı götürmüşdür. Anaksimenə görə, havanı Allah deyil, hava ilahələri yaratmışdır. Kainat hava və onun formalarından ibarətdir.
Bizim er. əvvəl 494– cü ildə Miletdə böyük bir üsyan baş verdi. Bu üsyan şəhərin dağıdılmasına, onun siyasi müstəqilliyinin itirilməsinə, fəlsəfənin inkişafının dayanmasına gətirib çıxardı. Lakin Yunanıstanın digər şəhərlərində Milet məktəbinin ardıcılları fəlsəfəni inkişaf etdirməkdə davam edirdilər.


Tarix: 09.12.2014 / 13:48 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Fəlsəfə
loading...