beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lətif Hüseynzadə

Hüseynzadə Lətif Talıb oğlu — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, dr.dosent.

Həyatı

Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dosent (1957-1968), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent (1968-1976) vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətə başladığı XX əsrin 30-cu illərindən elmi-tədqiqatla ardıcıl məşğul olmuş, dövri mətbuatda məqalələr dərc etdirmişdir. "Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1950). XV əsr Qaraqoyunlu hökmdarı Cahanşahın "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı divanı aşkara çıxarıb tədqiq və tərtib edib çapa vermişdir. Qazi Bürhanəddin, Nəimi, İmadəddin Nəsimi, Heyran xanım, Qönçəbəyim kimi sənətkarların poetik irsinin ilk tədqiqatçılarından biridir. Külli miqdarda elmi məqaləsi və 10 elmi-kütləvi monoqrafik əsəri dərc olunmuşdur. Türkiyə, İran və Ermənistanda keçirilən konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Əsərləri
1. İran şahlarının Naxçıvan xanlarına fərman və məktubları (XVIII-XIX əsr). Bakı: 1930.
2. Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatdan yazı metodikası. Bakı: 1955.
3. Əliqulu Qəmküsar. Bakı: 1959.
4. Həqiqi. Yerevan: 1966.
5. Cahanşah Həqiqi (qəzəllər, rübailər, tuyuğlar). Bakı: 1986.
6. Qaraqoyunlu Sultan Müzəffərəddin Cahanşah Həqiqi. Bakı: 1999.
7. Qaraqoyunlu Cahanşah Həqiqi (Farsca divanı). Bakı: 2000.
8. Araz şahiddir. Kazım Qarabəkir Paşa Naxçıvanda. Bakı: 2002.
9. Naxçıvan teatr tarixindən. Bakı: 2002.
10. Aras Şahittir. Türk ordu generalı Kazım Karabekir Paşa Nahcıvanda. 1918-1920. yıllar. Türkiye, İstanbul, 2008


Tarix: 17.01.2013 / 10:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Şairlər və Yazıçılar