beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc Əliyev

Oruc Söhrab oğlu Əliyev - tədqiqatçı

Həyatı

1949-cu il noyabr ayının 10-da Azərbaycanın zəngin folklor mühitlərindən olan Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. O, 1967-ci ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Oruc Əliyev 1981-1984-cü illərdə AEA-nın Ədəbiyyat İnstitutunda aspiranturada oxumuş, 1988-ci ildə «Azərbaycan sehrli nağıllarının ideya - bədii xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan folklorşünaslığında az öyrənilmiş bir elmi problemə həsr olunmuş bu elmi - tədqiqat işi sehrli nağılların ideya - bədii xüsusiyyətlərinin öyrənilməsi sahəsində son dərəcə orijinal bir tədqiqat işi idi. Alim uzun illərdir ki, «Azərbaycan nağıllarının poetikası» adlı doktorluq dissertasiyası üzərində çalışır. O, bu aktual elmi - problemlərlə bağlı «Azərbaycan nağıllarının poetikası» monoqrafiyasının, həmçinin 40-dan artıq məqalənin müəllifidir. Onun Azərbaycan şifahi xalq ədəbiyyatının həm ideya - məzmun, həm də həcm - forma özəllikləri baxımından son dərəcə xüsusi aparıcı mövqeyə malik nağıllar haqqındakı çoxistiqamətli tədqiqatları, demək olar ki, bu sahəyə aid tədqiqatlara yön verən, bu tədqiqatların strateji elmi istiqamətlərini müəyyənləşdirən tədqiqatlardır.

Fəaliyyəti

Oruc Əliyev son iyirmi ildə öz orijinal dəsti - xətti ilə seçilən, istər toplama, kataloqlaşdırma, janrlar üzrə təsnif və tərtib, istərsə də toplanılmış materialların müasir elmi - nəzəri təfəkkür işığında konseptual tədqiqi üzrə yorulmaz fəaliyyəti sayəsində seçilən folklorşünaslarımızdandır. Yorulmaz alimin bu iki istiqamətli fəaliyyətinə üçüncü bir cəhəti - elmi - təşkilati fəaliyyəti də əlavə etsək, onda onun müasir Azərbaycan folklorşünaslığı qarşısındakı əvəzsiz xidmətləri bütün dolğunluğu ilə görünər. Folklor Elmi - Mədəni Mərkəzi yarandığı gündən Oruc Əliyev bu mərkəzin elmi katibi kimi məsul bir vəzifəni icra edərək elmi - təşkilati işdə də son dərəcə böyük fəallıq göstərmiş, elmi fəaliyyətin səmərəlilik dərəcəsinin artırılması, məqsədyönlü təşkili üçün Hüseyn İsmayılovun yaxın köməkçisi olmuşdu.


Tarix: 17.01.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Şairlər və Yazıçılar