beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülbaqi Yusifzadə

Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920).

1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928). Eyni zamanda , yazıçı S.S.Axundovun müdirlik etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim işləmişdir 1926-cı ildə "Gənc qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmişdir. Əvvəcə 1 Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-Nəşriyyat institutunda təhsil almış, orada 111 kursu bitirmişdir (1928-1933). Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir (1933-1941).

Sovet Ordusuna çağırılmış, Zaqafqaziya cəbhəsində siyasi idarədə təlimatçı-ədəbiyyatçı kimi xidmət etmişdir (1942-ci ilədək). Səhhətinə görə tərxis olunub Azərbaycan Radio Verilişləri Komitəsində—"Son xəbərlər" redaksiyasında məsul redaktor, sədr müavini, uşaq şöbəsində məsul redaktor, ədəbi-dram şöbəsinin məsul redaktoru, sonra redaktoru işləmişdir.

Yaradıcılığı

Ədəbi fəaliyyətə 1920-1922-ci illərdən başlamışdır. "Gəncə seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin 1920-ci il payız nömrələrində çap olunmuşdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində "Eynək" şerini "Salik" təxəllüsü ilə dərc etdirmişdir.

İstər "Yeni fikir" qəzeti, "Qızıl şəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol", "Pioner", "Maarif işçisi", "İnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində şer və hekayələrini Şahid, xüsusən Şirvani təxəllüsləri ilə çap etdirmişdir. Onun Simferopolda Krım tatarlarının dilində çap edilən "İleri" ("İrəli") jurnalında, "Yeni dünya", "Yaş qüvvət" ("Gənc qüvvə") qəzetlərində də yazıları çap olunmuşdur. "Tamara" adlı ilk pyesi Bakı və Gəncədə 1923-1924-cü illərdə fəhlə klubunda tamaşaya qoyulmuşdur. Bakıya köçdükdən sonra əsərlərini Fövzi təxəllüsü ilə dərc etdirmişdir. Əsas janrı poeziya olsa da Hekayə və pyeslər də yazmışdır. V.Mayakovski, M.Lermontov, A. Qaydar, N Qribaçov və b. sənətkarlardan tərcümələr etmişdir.

İctimai işlərdə fəal çalışmışdır Ştatdankənar mühazirəçi, təşviqatçı olmuş, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1946, 1951). Xidmətlərinə görə üç medalla təltif olunmuşdur. 1956-cı il yanvarın 7-də Bakıda vəfat etmişdir.


Tarix: 14.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 397 Bölmə: Şairlər və Yazıçılar