beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sara Nəzirova

Ssenari müəllifi. Mətn müəllifi.

Həyatı

Nəzirova Sara Mollaçı qızı, 1944-cü ilin 29 dekabrında Azərbaycan Respublikasının Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu qurtarıb. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbinin diplomunu alıb.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyir. Hazırda Azərbaycan Yazıçılar Birliyində, «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışır.

1968-ci ildən dövri mətbuatda çap olunur. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri «Ədəbiyyat və incəsənət», «Odlar yurdu», «525-ci qəzet», «Vışka», «Bakinskiy raboçiy», «Azerbaydjanskie izvestiə», «Mir literaturı», «Denğ» qəzetlərində, «Qobustan», «Yurd», «Avropa-Asiya», «Gənclik», «Literaturnıy Azerbaydjan», «Pioner», «Kontakt», «Ulduz» jurnallarında, habelə Çexoslovakiyada «Umeni a remesla», Türkmənistanda «Aşxabad», Qazaxıstanda «Prostor» jurnallarında dərc olunub.

1994-cü ildə Amerika Birləşmiş Ştatlarında «İkarus» jurnalında onun povesti Azərbaycanı təmsil edib.

1996-cı ildə YUNESKO-nun «The World Literature to Day» toplusunun payız sayında «Kəpənək ömrü» povesti dərc olunub.

2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olub.

1983-cü ildə «Yazıçı» nəşriyyatında «Terrakota», 1986-cı ildə «Qədir ağacı», 1992-ci ildə yenə həmin nəşriyyatda «Tale damğası», 1990-cı ildə «Gənclik» nəşriyyatında «Nağıl nabatı», 1996-cı ildə «Şərq-Qərb» nəşriyyatında «Beton evdən yazılar», 2007-ci ildə «Ziya» nəşriyyatında «Əşrəf Muradoğlu», AME nəşriyyatında ingilis dilində «Selected Works» kitabları çapdan çıxıb. Sonuncu kitab hətta Oksfordun Bodlean kitabxanasında yer alıb.

Onun yaradıcılığı haqqında 2003-cü ildə «Elm» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə «Oğuz gözəlləməsi» kitabı nəşr olunub.

«Azərbaycanfilm» kinostudiyasında «Batmış şəhərin incəsənəti», «Nar nağılı», «Qəsd», «İçərişəhərin hamamları», «Dost dosta tən gərək», «Üfüqü ötənlər» filmləri onun ssenariləri əsasında çəkilmişdir.

Sara Nəzirovanın «Nağılını göstər», «Mərd körpüsü», «Qayıt», «Sözün sehri» pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub.

Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.

YUNESKO Tasis, European Council, Internews layihələrində iştirak edib. Vaxtaşarı xarici ölkələrdə elmi konfranslarda Azərbaycanı təmsil edir.

9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Nar ağacının nağılı (film, 1989)
Qədim hamamlar (film, 2001)
Qəsd (film, 1990)
Söhbətül-əsmar (film, 1994)
Dost dosta tən gərək (film, 2007)
Üfüqü ötənlər (film, 2011)


Tarix: 19.01.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 590 Bölmə: Şairlər və Yazıçılar