beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüstəm Behrudi

Behrudi Rüstəm Hidayət oğlu - müasir Azərbaycan şairi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gəlmişdir. Üç uşaq atasıdır. Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.

Şair "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. "Şaman duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur.

Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



Yaradıcılığı

SALAM, DAR AĞACI!

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.


ATA DİLİ

"Anamın kitabı" - anamın dili,
Bu adla çağırdım dilimin adın.
Mənim ürəyimdən özgə şey keçir,
Ey məni dünyaya gətirən qadın !..

Bu sirri açmaqda bəlkə günahdır,
Mənim günahımı, ana, bağışla.
Sən yenə əvvəlki ucalıqda ol.
Oğlunam, verdiyin cana bağışla.

... Bu dildə söz desəm, çatar tanrıya,
Çoxları bu sirri anlamır, dədə,
Biz "bizi" yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə de.

Dilimə "can" dedim, canım dilimdə,
Ey dilim, sözümü köməyə gətir.
Min il açmamışıq bir sirri, ustad,
Gərək mən danışım bu həqiqəti.

- "Anamın kitabı" çoxuna yaddır,
Deyərəm nə üçün, səbrini gəl bas,
-Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
- Bizans, ərəb, fars...

O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca...
Halalı, qadını kim oldu?!
- Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.

Allah, dahimi də yad qadın doğub,
Müqəddəs dilimin ruhun qırıbdı.
Görən Nizamini, ya Xəqanini
Anası nə dildə danışdırıbdı?

Mənim ocağımı kim yandırdı, kim?!
Evimin qadını yad qadın indi.
Oğlumun anası dilimi bilmir,
Özüm də, oğlum da özgələrindir.

Yad qadın nazına yenən millətin,
Başına nə gəlir, nə gəlir azdı.
Babək öz oğlunun xəyanətini
Yad eldən aldığı qadına yazdı...

Bildi ki, xəyanət o qandan gəlir,
Oğul mənim deyil, dedi: - yaddı, yad.
Niyə bacarmırıq tövbə eyləsək,
Yoxsa unutmuşuq o dərsi, ustad!

... Böyük Britaniya... London civarı...
Gətirilib yedəkdə Qarabağ atı.
Duyub yadlığını bu at madyanı
Gözəl madyanlardan uzaqda yatır.

Hardasan, Oğuzun müqəddəs ruhu?!
Gəl, məni təmizlə, kədər, ey kədər!
Yadla bir yastığa baş qoyanların
Qeyrəti yoxmudur - kəhər at qədər?!

... Gərək Dədə Qorqud, Güntəkin babam,
Təzədən üz tutam yazına indi.
Ata kitabları unutduğumdan
Əsirəm yad qadın nazına indi.

Hansısa bar namərd hökmdar deyib,
Bugünkü məqsədin deyib çox qısa:
"Tutduğu oba, yurd tutanın deyil,
Qadını o yerə varmayıbdısa".

Düşmənim evimdə gəzir mələktək,
İçimdən yıxacaq məni lap sabah.
Heç kim siyasəti bu cür ağılla
Həqiqət donuna bükəmməz, allah!...

Heç kim tablaşammaz bu dərdə, heç kim,
Bəs bizi yaşadan nə sirmiş, nə sirr?!
Nə yaxşı mənə dost kağız-qələm var,
Nə yaxşı önümdən adamlar keçir.

Durub soruşuram: - Adın? Cavab yox...
- Millətin?
Anlamır, nə qəribə iş!
Atası - Məhəmməd, adı - Oğuzdu; -
Beşikdə yad millət südünü əmmiş...

Səndən soruşuram: - Ananın adı?
Dillənir: - Veradır; Sənin? - Anuşdur.
Səninki Innadır! Dilim, can dilim,
Gördünmü sabahın ölümə tuşdur.

Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki, qənimdi.
Kərəmin dilində Kərəmə "can-can",
"Qurbanam" - söyləyən Əsli mənimdi.

Səninlə böyüyəm, varam, can dilim,
Meni sözlərinin başına çevir.
Sənə yenməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.


RUHUM BƏDƏNİMDƏ ƏZİYYƏT ÇƏKİR

Ruhum bədənimdə əziyyət çəkir,
Dilimdə sözlərə çevrilir ahı...
Günahkar canımda məndən xəbərsiz
Qəfəs içindədir ruhum, İlahi!

Günahkar canımda günahsız ruhum,
Nədəndir həmişə göylərə baxıb,
Məni niyə qoymur rahat yaşayım?
Mən də özgələr tək adamam axı!

Mən də özgələr tək adamam axı...
Mənim də canımda həsrət, sevgi, qəm...
Bu ocaq qayğısı, bu ev bu uşaq...
Qorxuram ruhuma qoşulub gedəm.

Qorxuram ruhuma qoşulub gedəm...
Gedəm göy üzündə təmizlənəm mən.
Niyə buraxmırsan günahkar canım,
De niyə qorxursan təmizliyindən???

De niyə qorxursan təmizliyindən?
Niyə adamların hər üzü belə?!
Bu dünya, bu dünya özündən qaçır,
Günah içindədir yer üzü belə.

Ey ruhum yaşama günah içində...
Onsuz da bilirsən bu baş, əl nədir?
Ey məni öldürmək istəyən adam,
Ruhum göy üzündə, canım əldədir.

Ruhum bədənimdə əziyyət çəkir,
Dilimdə sözlərə çevrilir ahı,
Günahkar canımda məndən xəbərsiz
Qəfəs içindədir ruhum, İlahi!


BİR ÖMÜR HEÇ NƏDİR TƏKRARDAN ÖZGƏ

Varammı, yoxammı görən dünyada,
Yaşaya - yaşaya bəlkə mən yoxam.
Bəlkə min il əvvəl yaşamışam mən
Bəlkə min il sonra yaşayacağam.

Ey məni sükuta qərq edən heyrət,
Məni öldürməyə bu sükut yetər.
Gözlərim kor oldu bu yeddi rəngdən,
Qulağım kar oldu sus, ey səs, yetər!

Yetər aldatdığım özümü tanrım,
Nə günəş təzədir, nə bu dan özgə.
Milyon il əvvəlki adamam elə,
Bu ömür heç nədir təkrardan özgə.

Yaratmaq ilhamım, sənə min yazıq,
Yaradan bağışla bu istək nahaq.
Hər bir şey əzəldən varmış,
ortaya
Biz təzə bəzəklə çıxardıq ancaq.

De nəyi yaratdım,
istəyə bir bax,
Var olan təzədən var olur indi.
Ən böyük kəşfi də dahi kəslərin
Elə damla - damla özgələrindi.

Yarımçıq ömürlər yoxdu dünyada,
Bil, nə möcüzə var, nə sirr dünyada.
Bu adsız bəndələr günah içində
Kiminsə ömrünü yaşayıbgedir.

Köhnədən köhnədir dünyada hər şey,
Nə təzə söz olub, nə təzə şair.
Fizuli ahından xəbəri yoxdur
Deyirsə təzədir, bil, sözə şair.

Bir söz var dilimdə, bir söz var ondan,
Həm köhnə, həm təzə nə var dünyada?!
Köhnədən köhnədir, təzədən təzə
"Sevirəm" sözüdür yaşar dünyada.

Bu sözün xətrinə fırlanır bu yer,
Ruhumda məzar tək bil dardı hər şey.
Olanlar olacaq, olanlar olub,
İlahi, təkrardır, təkrardır hər şey.

Yetər aldatdığım özümü tanrım,
Nə günəş təzədir, nə bu dan özgə.
Milyon il əvvəlki adamam elə,
Bu ömür heçnədir təkrardan özgə...


TÖVBƏ

Nəğmə oxuyuram, söz ilmə-ilmə
Tale toxuyuram ilməsi köz-köz.
Elə toxuyuram dərdimi Allah,
Bu cür hörümçək də toxuya bilməz.

İlahi sən mənə bir az səbir ver,
Hisslərn əlində qopar, çək məni.
Yoxsa ki tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

Məni gözləyən var min ildi bəlkə,
Gözləyə - gözləyə alışır goru.
Döyüş gərəkdirsə qoy varım - gedim.
Məni gecikməyin şərrindən qoru.

Kim məni qurtarar görən özümdən,
Dərdi - dərdim oldu nədən özgənin.
Mənim bədənimdə kimin ruhudu,
Bəlkə ruh mənimdi, bədən özgənin.

Bəlkə ruh mənmdi - bədən özgənin,
İlahi, ruhuma, boyuma bir bax,
Bu ruhu günahsız dolandırmağa
Div boyda bir bədən gərəkdir ancaq.

Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma qənimdir, nədən?
Bu əllər, bu saçlar, bu göz mənimmmi?
Yoxsa özgə ruhu gəzdirir bədən?

Günah içindəyəm, ruhum didərgin,
Günahın həmişə son ucu - tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.

İlahi, sən mənə bir az səbir ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

AZADLIQ

Azadlıq! Bu şirin sözdə nələr var!
Azadlıq yoxdursa, viranələr var!

I

Bütün pərdəsiz pəncərələr
Qəm pəncərəsidir, qəm ...
...Istanbulda Kadıköydə
Çamlıca xəstəxanasının
pərdəsiz pəncərələrindən
Həyətdə qar altında çiçəkləyən
Gilənar ağacına baxa-baxa
Sən və Azadlıq haqqında
düşünürəm...
Və elə bu an;
xatırlayıram -
Sən azad olasan deyə
Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!
Ah, mənim azadlığım!
- Qarımış bacı, yenilmiş qardaş,
Gəlməyəcəyini bilə-bilə
Oğul yolu gözləyən ana...
Tanrım! Ölüm yatağında
Ölüm də çox zor görünür
azadlığı olmayana.

III

Azadlıq!
Bu şirin söz dilimdə
zəhər dadır;
Azadlıq Bakıda
Gecələr sağı-solu
Fahişələrlə dolu
Gedib dənizə dirənən
Ən uzun bir küçənin adıdır...
Bakıda Azadlıq sadəcə
bir küçənin adıdır.
"Azadlıq" susan meydandır bir də
Nə zamandı köz kimi
bağrına basıb Bakı;
Bu meydan indi addır
Bir də yatan qiyamdır,
qiyamdı ruhumdakı.

Bu məmləkətdə şairlər lal-kar,
Əvəzində Bakının küləkləri dəlidir,
Əvəzində Bakının çiçəkləri dəlidir...
Azadlıq - Bakıda soyunan bir qadın heykəlidir...

IV

...Azadlıq Sinqapurda
arxideya çiçəyidir;
Bu məmləkətdə dibçəkdə doğulub
Dibçəkdə yaşayıb, dibçəkdə ölər.
Yazıq dibçəklərdə yatıb, külə dönən
çiçək azadlığımız,
Yazıq mənə, kül oluram tüstünə...
...Azadlıq Sayqonda
Düşmən qərargahına uzanan
250 km-lik yeraltı tuneldir
Təkbaşına döyüşçü Kuçili qızlar
Gəlin gedən kimi gedər,
gedər düşmən üzərinə.

V

Qərbdə Azadlıq!
- Amsterdamda əzan səsidir,
Parisdə pəncərəsi pərdəsiz
Notrdam kilsəsidir...
Vatikanda mavi keşişlərin
duaları, andı,
Londonda şəhərə çökən dumandır,
dumandır azadlıq.

VI

Şərqdə Azadlıq -
Azadlıq anı
Lüt-üryan hacıların
Məkkədə şeytana atdığı daş;
Qərbdə Azadlıq -
Kələkbaz Leonardo Da Vinçinin
Isanın Torino kəfənidir,
Sirri açılır yavaş-yavaş.
Şərqdə Azadlıq -
Çində Çin səddidir,
Qüdsdə ağlayan divarlar.
Kəbənin hər il təzələnən örtüsüdür
Və bir də ilbəil dəyişən zəvvarlar.

VII

"Azadlıq"
Amerikanın qulağının dibində
Kuba adlı bir ada;
Xalqı Azadlıq haqqında
Che Guevara adlı mahnı oxuyur
Acqarnına səhərdən axşamacan
Havanada, Varedorada.
Azadlıq adası - Kuba...
Kuba azadlığın köksündə bir yara.
"Azadlıq" adasında
Azadlıq haqqında bir mahnı
Öldürür məni,
Mahnımın adı - Che Guevara.

VIII

Kim nə deyir desin,
Azadlıq qılıncların
oxuduğu nəğmədir;
Çünki,
Azadlıq qan tökməkdir,
Fərqi yoxdu
Başqasının olsun, ya özününkü...

IX

Hər il
"Azadlıq" meydanından
zəvvarlar gedir.
Allahın evinə
sevinə-sevinə.
Bu nə yoldu Tanrım?!
Bu nə yoldu imanlı
Imansızla bir gedir.
Şuşadan keçməyən yol
Kəbəyə nə cür gedir?!

X

Bu nə cür şəhərdi, Tanrım?!
Şairləri yox,
küləkləri dəlidir
Sevənləri yox,
çiçəkləri dəlidir.
"Azadlıq"!, Azadlıq
Bakıda soyunan bir qadın
heykəlidir.


Tarix: 17.01.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1105 Bölmə: Şairlər və Yazıçılar