Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azad Nəbiyev

Nəbiyev Azad Mövlud oğlu (d.20 aprel, 1945. İkinci Nügədi, Quba)- ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1980), professor (1981), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).

Həyatı

Azad Nəbiyev 1945-ci il aprelin 20-də Qubanın İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1963-1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967-1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974-1976), Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976-1989). "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olmuşdur (1992-2000). Beynəlxalq ekoenergetika akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvüdür (1998-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1972). "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1980). İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifıdir.

Əsərləri
1. Bağlarda bahar. Bakı: Gənclik, 1969, 87 səh.
2. Qəhrəmanlıq səhifələri. Bakı: Gənclik, 1975, 174 səh.
3. Azərbaycan-özbək folklor əlaqələri. Bakı: Azərnəşr, 1978, 182 səh.
4. Azərbaycan folklorunun janrları. Bakı: BDU nəşri, 1983, 92 səh.
5. El nəğmələri xalq oyunları. Bakı: Azərnəşr, 1988, 172 səh.
6. Sərhəd bilməyən əlaqələr (Azərbaycan-türkmən folklor əlaqələri). Bakı: Azərnəşr, 1992, 112 səh.
7. İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, 112 səh.
8. İlin əziz günləri. Bakı: Maarif, 1999, 121 səh.
9. Azərbaycan uşaq folkloru. Bakı: Elm, 2000, 76 səh.
10.Azərbaycan xalq ədəbiyyatı (ali məktəblər üçün dərslik). I hissə. Bakı: Nəşrlər evi, 2001, 678 səh.
11.Milli təəssübkeşlik yoxsa erməni saxtakarlığı. Bakı: BDU nəşri, 2003, 78 səh.
12.Nəhrələrdən güc alanda. Bakı: BDU nəşri, 2003, 62 səh.
13.Koroğlu (uşaqlar üçün). Bakı: 2001, 37 səh.
14.Qaçaq Nəbi (uşaqlar üçün). Bakı: 2001, 62 səh.


Tarix: 13.01.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 569 Bölmə: Şairlər və Yazıçılar
loading...