Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim Zakir

İbrahim Zakir — azərbaycanlı şair.

Həyatı

İbrahim Zakir 1891-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalında Şeyx Kəlxoran kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zakirə "Molla Nəsrəddin" məcmuəsinin böyük təsiri olmuşdur. 60 ildən artıq bədii yaradıcılıq yolu keçmiş İbrahim Zakir M.Ə.Sabir və M.Ə.Möcüz satira məktəbinin layiqli davamçılarındandır. Gənc yaşlarından məşrutə hərəkatında iştirak edən Zakir 1916-cı ildə yazdığı "Mənə nə", "Ara həkimləri" adlı satirik şerləri ilə öz yaradıcılıq yolunu müəyyənləşdirmişdir. "Fəryad edirəm", "Novruz bayramı" adlı şeirləri Rəşt qəzetlərində çap olunmuşdur. Sonralar o, satirik şerlərinə və siyasi fəaliyyətinə görə yurdundan sürgün edilmişdir. Onun satiralarında feodal-patriarxal münasibətlərin, faşizmin, mövhumatın və geriliyin ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir.

İ.Zakir 1941-1945-ci illərdə Cənubi Azərbaycanda başlamış milli-azadlıq hərəkatında yaxından iştirak etmiş, fədai başçısı olmuşdur. 1945-ci ilin dekabrında Azərbaycanda demokrat hökuməti qurulduqdan sonra məsul partiya vəzifəsində işləmişdir. 1946-cı ilin dekabrında Cənubi Azərbaycan demokrat dövləti şah istibdadı və imperializm ağaları tərəfindən qan dəryasında boğulduqdan sonra Zakir də minlərlə təqib olunan kimi Sovet Azərbaycanına pənah gətirmiş, ömrünün son 25 ilini Sovet İttifaqında keçirmişdir. Bu dövrdə onun yaradıcılığı forma və məzmun cəhətdən daha da zənginləşmişdir. Həmin illərdə onun "Mənim andım" (1950), "Zəfər günəşi" (1951), "Mübariz gənclər" (1955), "Şerlər"(1956), "Savalan xatirəsi" (1961), "Vətən nəğmələri" (1964) və "Məni susdurmayacaq" (1967) adlı kitabları nəşr edilmiş, mətbuat səhifələrində bir çox şerləri dərc olunmuşdur. Şair "Mənə nə", "Ara həkimləri", "Fəryad edirəm", "Novruz bayramı", "Vətən, ey vətən", "Azər", "Qürbətdə", "Təbriz", "Mən aşiqi-hürriyyətəm", "Şanlı xalqımız", "Zahid və Şair", "Mənim öz dilim var", "Qardaşlıq köməyi" adlı şerləri ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Şair ömrünün sonuna qədər bədii yaradıcılıqdan ayrılmamışdır.

İbrahim Zakir 1971-ci il oktyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş və burada dəfn olunmuşdur.


Tarix: 16.01.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Şairlər və Yazıçılar
loading...