Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məcnun Göyçəli

İbrahimov Məcnun Səməd oğlu (Məcnun Göyçəli) - şair, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü.

Həyatı

Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967-1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973-1979).

Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru işləmişdir (1982-2002).

Ədəbi fəaliyyətə erkən başlamışdır. Lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir.

"Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H.B.Zərdabi", "H.Z.Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır.

2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.

Əsərləri
Göyçə yallısı (şeirlər). Bakı: Yazıçı, 1988, 68 səh. 2000 nüs.
Göyçə təbəssümləri. Bakı: Gənclik, 1996, 92 səh. 2000 nüs.
Köçkün nəğmələri (şeirlər və poemalar). Bakı: Elm, 2000, 300 səh. 500 nüs.
Tanrıdan payım mənim (şeirlər və poemalar). Bakı, Nurlan, 2003, 228 səh. 500 nüs.
Ağ buluda qanad ömür.
Göyçənamə.
Ocaq yalı. 2009.


Tarix: 17.01.2013 / 11:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 373 Bölmə: Şairlər və Yazıçılar
loading...