beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən dili

İnsanlar danışmadan öncə bir-birini bədən dili vasitəsilə tanıyırlar. Bədən dili üzümüz, başımız, qollarımız və bütün bədənimizlə duyğu və düşüncələrimizi göstərmək üçün etdiyimiz hərəkət və jestlərdir. Baş və üz jestləri hiss etdiklərimiz haqqında çox şey söyləyə bilər.Çaşdığımızda qaşlarımızı qaldırar və ya «bəli» deyərkən başımızı yelləyərik. Bədən dilimiz ətrafı necə hiss etdiyimizi və özümüzü necə tanıtmaq istədiyimizi izah edir. Yorğun insanlar donqarlaşar və kiçilərlər. Xoşbəxt və həyəcanlı insanlar isə böyük və özündən əmin jestlər edərlər. İnsanların oturub-qalxması belə onlar haqqında müəyyən məlumatlar verir. Özündən əmin insanlar qamətlərini dik saxlayırlar.

Psixoloq Günel Aslanovanın bildirdiyinə görə, bədənin önə doğru meyli, əllərin qabaqda birləşməsi, çiyinlərin aşağı endirilməsi insanın gücsüzlüyünü və zəifliyini büruzə edir. Əllərin sinədə birləşdirilməsi etibarsızlığı, əllərin arxada birləşməsi özünə inamı, əllərin belə qoyulması meydan oxumağı ifadə edir. Ayaqların üst-üstə atılması rahatlığı, ayaqların birləşdirilməsi gizlilik və gərginliyi bildirir.

Psixoloqlar hesab edirlər ki, bədənin ən çox diqqəti cəlb edən hissəsi üz, üzdə isə gözdür. Amma üz ifadələrini başa düşmək çox çətindir, çünki üz ifadələri hər saniyə dəyişə bilər. Belə ki, üzdə qısa zaman ərzində yüzdən artıq ifadə görmək mümkündür. Sevinc və xoşbəxtlik ağız və gözlə, hirs qaş və dodaqla, heyrət, sürpriz və xatirələrə dalma gözlərlə ifadə edilir.

«Göz birbaşa mesaj qaynağıdır. Gözə baxma qarşıdakı insana olan marağı ifadə edər. Maraq duyulan adama, ya da əşyaya qarşı göz bəbəyi böyüyür. Göz bəbəyinin böyüməsi maraq hissindən irəli gəlir», — deyən G.Alıyevanın sözlərinə görə, söhbət zamanı həmsöhbətlə göz təmasına girmək lazımdır. Amma dediyinə görə, uzun müddət qarşıdakı insanın gözlərinə baxmaq düzgün deyil «Qarşınızdakı insan baxışlarınızdan narahat olar və bunu səhv başa düşə bilər. Ümumiyyətlə, yalan danışanlar, nə isə gizlədənlər çox zaman göz təması qura bilmirlər. Uşaq müəlliminə və ya valideyninə yalan danışarkən, önlüyü, ya da çantasıyla oynayar».

Hiss etdiklərimizi əl-qol hərəkətləri vasitəsilə daha çox ifadə etmək mümkündür. Bəzi davranışlar həyəcanı, gərginliyi və hirsliliyi ifadə edir. Qrup içərisində barmaqla birini göstərmək işarə etmək və ya hədələmək kimi qəbul edilə bilər. Əllərin açıq olması və əlin içinin yuxarı baxması ünsiyyətə açıq olmağı, əllərin bağlı olması insanın çətinlikdə olmasını və ünsiyyətə bağlılığı, əllərin içinin yerə baxması təzyiqi və hökm etməyi, əllərin çarpaz hərəkət etməsi isə rədd etməyi ifadə edir.

Psixoloqlara görə, toxunuş insanlara inam hissi verir, qarşıdakı insanın önəmli və xüsusi olduğunu göstərir. Ancaq hər yerdə, hər zaman, hər adama toxunmaq düzgün deyil. Çünki hər adam toxunulmağı sevməyə bilər.

Səsin tonu, vurğular və susmalar danışan adamın təhsilini, ictimai vəziyyətini, nəzakətli, ya da kobud olduğunu, həyəcanını, kədərini və ya xoşbəxtliyini, heyrət və sürprizləri ifadə edər. Bədən dili fərddən-fərdə, cəmiyyətdən-cəmiyyətə, hətta mədəniyyətdən-mədəniyyətə dəyişə bilər. Bu səbəblə, insanın hər hansı bir davranışına baxaraq, onun barəsində qərar vermək düzgün deyil.


Tarix: 27.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Ümumi Psixologiya