beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri

Bağça yaşı dövründə uşaqların ümumi inkişafı. Məktəbəqədər yaş dövrü uşağın həm fi­ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin­də inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi­nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve­rir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq­lar qalır. Uşağın skeleti əsasən qığırdaq toxuma­lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmya­şıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşa­ğın sosial şəraitə və həyatın tələblərinə uyğunlaş­masına imkan verir.
Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyük­lərin qiymətləndirməsi və nəzarətinin təsiri altın­da bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəa­liyyətlərindəki qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə baş­layır. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları ya­ranır və özünü göstərməyə başlayır.

Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir.
Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir.
Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün­siy­yət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid et­mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəra­­itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır.
Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtə­lifliyinə görə kiçik bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir gös­tərir. Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə ye­tirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prose­sində uşaqlar qarşılıqlı münasibətlərin hə- yata ke­çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun pro­sesində ilk dəfə olaraq uşaqda liderlik özünü gös­tərir, təşkilatçılıq bacarıq və vərdişləri inki­şaf etməyə başlayır. Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla bəzi sadə əmək baca­rıqlarına da yiyələnirlər.

İdrak prosesləri və nitqin inkişafı. Məktə­bəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişiklik baş verir.
Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır. Burada oyunun rolu böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan qavra­yışının inkişafı kimi özünü göstərir. Məktəbə­qədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü göstərir. Bağça yaşının sonunda uşaqlar onla­rı maraqlandıran obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı başqasından fərqlən­dirmək, onların arasında mövcud olan əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər. Nəticədə zahiri perseptiv işlər əqli işlərə çev­rilməyə başlayır. Psixoloqlar belə qənaətə gəlmiş­lər ki, (L.A.Venqer) qavrayışla bağlı olan qabiliy­yətlərin əsasını perseptiv işlər təşkil edir. Bu cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi persep­tiv etalon sistemini mənimsəməsindən asılıdır. Qavrayış zamanı bu cür etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.
Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. Bu dövrdə qavrayış uşaqlara yaşlıların həyatına qoşulmağa, nüfuz etməyə imkan verir. Bununla bərabər böyüklərlə ünsiyyət qavrayışın məzmununu zənginləşdirir.
Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf edir, müşahidə və müşahidəçilik özünü göstərməyə baş­layır. Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qo­yur, onları ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər. Məhz buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə bilirlər.
Bağça yaşı dövründə uşaqlarda qavrayışın, müşahi­dəçiliyin inkişafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyunlar xüsusi yer tutur.
Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yap­ma, quraşdırma da mühüm rol oynayır. Uşaq nəyisə çək­mək, nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə müşahidə etməli, onun konturunu, rəngini müəy­yənləşdir­məli olur. Bütün bunlar uşağı müşahidə etməyə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.
Bağça yaşı dövründə qavrayışla yanaşı olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu dövrdə hələ uşaqda qavradığı obyektə maraq üstünlük təşkil edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daşıyır.
Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diq­qətin inkişafı yeni maraqların meydana gəlməsi, dünya­görüşünün genişlənməsi, uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi ilə sıx bağlı olur. Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb etməyən cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət sahəsinin genişlənməsi, marağının zənginləşməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olur.
Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin xassə­lərini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım gəlir. Qavrayışda olduğu kimi, bağça yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafında da oyun mühüm əhəmiyyət kəsb edir. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə bilməz. İxtiyari diqqətin mey­dana gəlməsində nitq də mühüm rol oynamağa başlayır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyari diqqətin inkişafına öz-özünə hündürdən fikirləşmək xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyari olaraq və daha uzun müddət öz diq­qətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.
Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diq­qətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.
Bağça yaşı dövründə uşaqların hafizələri də tədricən qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxla­ma­ya keçidlə səciyyələnir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanma­dıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı uşaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter daşıyır. Böyük bağça yaşı dövründə eyni şəraitdə tədricən materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti­yariyə keçid baş verir. Beləliklə bağça yaşının sonunda uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyari görmə-emosional hafizə üstünlük təşkil edir.
İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik məq­səd­lərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəaliyyətindən istifadə daha səmərəli nəticə verir.
Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısına qoyur.
İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter daşımır. Uşaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir. Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə yaddasaxlama və yadasalma priyom­larından istifadə etməyə başlayır. Məsələn, uşaq materialı diqqətlə qavrayır, onu anlamağa, başa düşməyə çalışır, bir neçə dəfə təkrar edir, mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir ki, böyük bağça yaşlı uşaqlar anladıqları, başa düşdükləri sözləri daha yaxşı yadda saxlayırlar.
Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça yaşının sonunda əyani-obrazlı hafizə ilə yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, emosional cəhətdən zəngin, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən materiallar uzun illər onun hafi­zəsində hifz oluna bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur.
Bağça yaşı dövründə uşaq təxəyyülü də özünə­məxsus xüsusiyyətləri ilə fərqlənir. Bağça yaşının birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır. Uşaqların təxəyyül surətləri əl­də etdikləri təəssüratların obrazlar şəklində me­xaniki canlandırmaları şəklində özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosional əsas­lar, emosio­nal təəssürat əsasında yaradılır. Bütövlükdə bağça yaşlı uşaq­ların təxəyyülləri olduqca zəif olur. Təxəy­yülün ayrı-ayrı xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli şəkildə inkişaf etməyə baş­layır. Bağça yaşı dövründə bərpaedici təxəyyül surət­ləri xeyli inkişaf etsə də hələ solğun olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər yarat­maqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsi­nin azlığı, təəssüratlarının zəifliyi, müvafiq bi­liklərin məhdudluğu ilə bağlıdır.
Bağça yaşı dövründə uşaqlarda yara­dıcı təxəyyülün inkişafı da özünü göstərir. Uşaq­larda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur. On­lar oyun zamanı, hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.
Bağça yaşlı uşaqların təfəkkürü əsa­sən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim və hadisə­lərlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırlar. Nit­qin inkişafı ilə əlaqədar olaraq ümumiləşdirmə­ləri mühüm əlamətlər əsasında aparmaq meyli yüksə­lir. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadi­sənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamə­tində gedir. Bağça yaşının sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqi­ni anlamağın meydana gəldiyini göstərir.
Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsas­lı irəliləyiş baş verir.
Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir. Erkən uşaqlıq dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq tutmağa başlayır ki, bu da dinləyicidən situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaşlı uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl (geniş) monoloji ifadə forması təzahür və inkişaf edir.
Bu dövrdə nitq inkişafının digər sahələrində də irəliləyiş baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır. Bunlardan xeyli hissəsi (təxminən 1500) passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və qrammatik cəhətdən inkişafı baş verir. Bütün bunlara baxmayaraq həmin dövrdə bəzi uşaqlar bəzi səsləri, məsələn, r , l, ş səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşağın nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində tədricən aradan qalxır.
Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də inkişaf etməyə başlayır.


Tarix: 27.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Ümumi Psixologiya