beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ziqmund Freyd və onun dinin yaranması barədə görüşləri

Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O, dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir. Lakin uşaqlıq illərindən başlayaraq ata-ana öz övladına öyrədir ki, cinsi azadlıq yasaqdır. İnsanın yaşı ötdükcə o yaşadığı cəmiyyətdə cinsi azadlığa qarşı məhdudiyyətləri daha çox müşahidə edir. İnsan bu qadağaların müqabilində təslim olmaq istəmir. Cinsi meyllər sıxıntılarla üzləşən zaman boğulur və insan psixikasının dərinliklərinə ötürülür. Freyd hesab edir ki, insandakı daxili təzadlar nəticəsində şer, incəsənət və hətta dini təlimlər ərsəyə gəlir. Deməli, dinin mənşəyi bir çox hadisələr kimi insanın boğulmuş cinsi meylləridir.

Freyd Totem və tabo kitabında dini etiqadın köklərini ibtidai icma quruluşunda axtarır. O, dinin ərsəyə gəlməsi prosesini maraqlı bir dastan şəklində izah edir. Freydə görə ibtidai insanlar ilk icmada yaşamışlar. Bu icmanın başçısı qüdrətli bir kişi idi. Onun bir neçə həyat yoldaşı var idi. Ata öz xanımlarını oğlanlarından qoruyurdu. Bir gün oğlanlar əlbir olub atanı qətlə yetirir, sonra onu yeyirlər. Freyd ata ətinin yeyilməsi səbəbini açıqlayır və deyir: “Onlar güman edirlər ki, bu yolla atanın qüvvəsini əldə etmək olar.”

Bir müddət keçdikdən sonra oğlanlar tutduqları əməldən peşiman olur və öz günahlarını yumaq üçün iki qadağa icad edirlər.
Əvvəlcə, onlar atanın yerinə bir heyvanı simvol seçirlər. Bu simvol totem adlanırdı. Qardaşlar totemi yeməyi haram iş elan edirlər. Sonra onlar qəbilə arası nigahı özlərinə qadağan edirlər. Freyd oğlanların öz atalarını öldürməsini «tarixin ilk cinayəti» adlandırır və totemizm dininin həmin cinayət nəticəsində yarandığını bildirir. Qardaşlar totem dinini yaratdılar ki, yenidən cinayətə əl bulaşdırmasınlar. Bəli, ibtidai və ilkin totemizm inanclardakı günah hissini yumaq üçün ərsəyə gəlir. Freyd əlavə edir: Bütün bəşəri dinlərdə bu amil mühüm rol oynamışdır. Hərçənd ki, günah müxtəlif dinlərdə müxtəlif ayinlərlə yuyulur . Freyd son əsəri olan “Musa və təkallahlılıq” kitabında təkallahçı dinlərin kökünü təbii amillərlə izah etməyə çalışır. Onun bu kitabı həm xristianlar, həm yəhudilərin geniş etirazına səbəb olur. Freyd bu kitabda dinlərin tarixini araşdırır, yəhudilik və onun yaranış tarixi haqqında deyir: “Musa rəsmi yəhudilik dinində təbliğ olunduğu kimi yəhud qövmündən deyildi. O, Misir şahzadələrindən idi. Misir fironlarından birinin davamçısı olan Axnaton belə bir qərara gəldi ki, günəş tanrısı olan Ateni Misirin çoxsaylı tanrıları ilə əvəz etsin. O, bu məqsədlə insanları Atenə sitayişə dəvət edirdi. Lakin Axnaton bu ideyasını həyata keçirə bilmədi. Onun ölümündən sonra Musa yəhud qövmündən olan qulları ətrafına toplayıb bu vəzifəni üzərinə götürdü. Musa onun əleyhinə çıxan insanları ölümə məhkum edirdi. Musa vahid Allaha sitayiş etməyi Bəni-İsrail qövmünə məcbur qəbul etdirdi. Musadan sonra yəhud qövmü Musanın təbliğ etdiyi dini dəyişdi və bu din bütün dinlərə müxalifətdə dayandı. Sonralar yəhudilər arasında bir neçə Peyğəmbər təkallahlıq dinini təbliğ etmişlər. Nəhayət, yəhudilik xristianlığın yaranmasına səbəb olmuşdu. Freyd bu iddialarında öz təxəyyülündən xeyli faydalanmışdır. Ən əsası, onun təkallahlılıq dinlərinin tarixi barədə mülahizələri tarixi faktlarla uzlaşmır. Çünki tarixi sənədlərdə Musanın Misir şahzadəsi olması və yaxud Firon davamçısının təkallahlıq dinini təbliğ etməsi barədə məlumat yoxdur.

Freydin dinə psixoanalitik baxışları bir çox məqamlarda məntiqsiz görünür. Freydə birinci etiraz edən elə psixoloqlar olmuşdur. Bu Freydin metodologiyasına münasibətdə ciddi iraddır. Freydin din haqqında fikirləri onun başdan-başa psixoanalizmindən qaynaqlanmışdır. Halbuki onun psixoanalitik görüşləri xüsusilə şəhvani meyllərə ifrat dərəcədə istinadı özündən sonrakı bəzi psixoloqlar, o cümlədən isveçrəli psixoloq Karl Yunq (1875-1961) və avstriyalı həkim-psixoloq Alferd Adler (1870-1937) tərəfindən tənqid atəşinə tutulmuşdur. Bundan əlavə, Freydin din məfhumu barədə dəlilləri düzgün olsa belə, onun aldığı nəticələr qəbulolunmazdır. Freyd göstərir ki, dindarlığın və ilahi varlıq məfhumunun yaranmasında əsas amil insanların ilkin cinayətləri və boğulmuş cinsi istəkləridir. Freyd sübut etməyə çalışır ki, Tanrı məfhumu sırf xəyaldır. Bu nəticənin nə dərəcədə məntiqli olduğu göz qabağındadır. Mümkün deyilmi ki, həqiqi bir varlığa inancın səbəbi qeyri həqiqi və yanlış bir hadisə olsun. Misal üçün, bir şəxs ilk dəfə dəmir parçasının kəhraba daşı üzərinə düşməsini görür və bunu cazibə qüvvəsi ilə izah edir. Halbuki, bu hadisənin əsas səbəbi kəhraba daşının tərkibindəki maqnit qüvvəsidir. Bu şəxsin yanlış təsəvvürü ümumiyyətlə cazibə qüvəsinin həqiqətə uyğun olmamasına sübut sayıla bilməz. Digər bir tərəfdən, Freydin dini ata-oğul münasibətləri üzərində təhlil etməsi ilk baxışda xristian dininə uyğun gəlsə də, İslam və yəhudilik dini ilə uzlaşmır. Çünki bu iki dində insan və Allah arasındakı əlaqələr ata-oğul münasibəti deyil. Bu səbəbdən də Freydin uyğun görüşləri başqa dinlərə tətbiq oluna bilməz.


Tarix: 27.11.2014 / 11:43 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Ümumi Psixologiya