Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixologiyanın tədqiqat metodları

İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə, onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa çalışır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür etməyə təşəbbüs göstərir.

Psixoloji tədqiqat metodlarının təsnifi

Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını aid edirlər.
Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə gəldikdə bu müəy­yən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır.
Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə psixoloqun sub­yektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.
Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.
Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.
Eksperimentin birinci növbədə iki növünü – təbii və laborator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır.
Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür.
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı) eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir.
Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq mümkündür.

Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reaksiya və davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. Lakin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyən­ləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.
Psixologiyada yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq müm­kündür. Fəaliyyət məh­sullarının təhlili daha çox yoxlananı əhatə etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.

Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.
Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır.
İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testləri yaratmışdır(1905-ci il). «Əqli yaş » anlayışından istifadə edən alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) bu formulla ölçməyi müəyyənləşdirmişdir: İQ=(Əqli yaş/Xronoloji yaş)*100
Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Veks­lerin şkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz qabiliyyətlərinizi yoxlayın», «özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.
İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır.
Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar. Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Məsələn, obyektlərin şərhi zamanı onları daha çox sahəyə tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur. Bunun üçün yoxlananlara dairələr (kvadrat) şəkli çəkilmiş vərəqə verilir. Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək şəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə qiymətləndirilir.
Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur.
Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun)
Psixodiaqnostik metod kimi sosiometriya metodundan da istifadə olunur. Sosiometriya (latınca – sosietas-cəmiyyət və yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və kollektivlərdərəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur.
Nəhayət psixologiyada riyazi – statistik metodlardan da istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır.
Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.


Tarix: 27.11.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Ümumi Psixologiya
loading...