Aktyor. Film səsləndirən. Mətn oxuyan. Rejissor. Filmlərdə və arxiv kadrlarda iştirak edən.Mündəricat
1 Həyatı
1.1 Səhnə fəaliyyəti
1.2 Kino fəaliyyəti
1.3 Pedaqoji fəaliyyəti
1.4 Rəhbərlik fəaliyyəti
2 Adlar və Mükafatlar
3 Filmoqrafiya
4 Həmçinin bax
Həyatı
Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.
Səhnə fəaliyyəti
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.
İncəsənət İnstitutunu bitirmişdi, məşhur sənət adamlarından dərs almışdı. Həsən Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin qəlbinə asanlıqla yol tapmışdı. Dramatik aktyor idi. Yaratdığı obrazlarda həmişə bütövlük olardı. Adətən baş rolları ifa edərdi. 1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. Kimlərlə işləməmişdi: Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə özünəməxsusluq var idi. "Mahnı dağlarda qaldı" tamaşasında Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi.
Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil. Hansının adını çəkəsən: Vahidimi ("Kəndçi qızı"), Azərimi ("Yaxşı adam"), Hamletimi ("Hamlet"), Lionelimi ("Orman qızı"), İsgəndərimi ("Ölülər") Xəyyamımı ("Xəyyam") deyim, hər biri teatrımızın tarixində öz yeri, öz mövqeyi olan əsərlər və rollar idi. Həsən Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.
Kino fəaliyyəti
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin ("Yeddi oğul istərəm") misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına — "bu rejissorun seçimidir", — deyərdi, — "mən yalnız onun dediklərini etmişəm". Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi. Öyrəniləsi o qədər şeylər var idi ki, Həsən müəllimin sənətində. Xalq artisti idi, xalq onu sevirdi. Hansı əyalətdə, hansı şəhərdə olurdusa görüşünə minlərlə tamaşaçı yığılırdı. Mən dəfələrlə bunun şahidi olmuşam.
Kinonu da teatr qədər sevirdi. Hətta, mənfi rolları da ustalıqla oynayırdı. Afşin ("Babək"), Gəray bəy ("Yeddi oğul istərəm") rolları nə qədər mənfi tiplər olsa da, sənətkarlıq baxımından yadda qalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsən Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini ("Dantenin yubileyi") özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsən Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
Pedaqoji fəaliyyəti
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Rəhbərlik fəaliyyəti
O, həm də gözəl təşkilatçı idi. Son illər Akademik Milli Dram Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini qazanmışdı. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyuldu. Axır vaxtlar xəstəliyi ona məhsuldar işləməyə imkan vermirdi. Axırıncı dəfə onunla rəhbərlik etdiyi Teatr Xadimləri İttifaqında görüşdük. Hiss olunurdu ki, amansız xəstəlik Həsən müəllimi tamam taqətdən salıb. İşləmək istəyirdi, müsabiqələr, görüşlər təşkil etmək arzusunda idi. Bir də Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsində baş rolu oynamaq istəyirdi. Deyirdi: "Məndən olsa, hər gün məşhur aktyorların xatirə gecələrini təşkil edərəm. Bizim teatrın çox güclü aktyorları olub, onları unutmaq olmaz." Sən saydığını say... Çox arzuları var idi, hamısı yarımçıq qaldı. Ömür vəfa etsəydi, hələ teatrımız, kinomuz üçün Həsən müəllim böyük işlər görəcəkdi. Əfsus... (Azeriart.net)
Aktyor Daşqın Turabovun atasıdır.
Adlar və Mükafatlar
Azərbaycan Dövlət Mükafatı Laureatı (1972)
Azərbaycan Xalq Artisti (1982)
Filmoqrafiya
Qara daşlar (film, 1956),aktyor-Hüseyn (Tammetrajlı Bədii Film)
Əmək və qızılgül (film, 1962),film səsləndirən-Milis işçisi (Tammetrajlı Bədii Film)
Telefonçu qız (film, 1962),aktyor-Hüseyn (Tammetrajlı Bədii Film)
Əhməd haradadır? (film, 1963),film səsləndirən-Əhməd (Səyavuş Şəfiyev) (Tammetrajlı Bədii Film)
Möcüzələr adası (film, 1963),film səsləndirən-Kamran (Oleq Xabalov) (Tammetrajlı Bədii Film)
Romeo mənim qonşumdur (film, 1963),film səsləndirən-Səməd (Səyavuş Aslan) (Tammetrajlı Bədii Film)
Cazibə Qüvvəsi (1964),film səsləndirən-Teymur (Xəyal Axundzadə) (Qısametrajlı Bədii Film)
Ulduz (film, 1964),film səsləndirən-Şubay (Səyavuş Aslan) (Tammetrajlı Bədii Film)
Zirvə (1964),film səsləndirən-Saşa (B. Levkoviç) (Qısametrajlı Bədii Film)
Arşın mal alan (film, 1965),film səsləndirən-Süleyman (Hacımurad Yegizarov) (Tammetrajlı bədii film)
Yenilməz batalyon (film, 1965)
Yun şal (film, 1965)
İstintaq davam edir (film, 1966),aktyor-Quliyev (Tammetrajlı Bədii Film)
İyirmialtılar (film, 1966)
Qaraca Qız (1966),film səsləndirən-Yusif (Oleq Xabalov) (Qısametrajlı Bədii Film)
Sən niyə susursan? (film, 1966),film səsləndirən-milis mayoru (Tammetrajlı Bədii Film)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Dağlarda döyüş (film, 1967),film səsləndirən-sərhədçi (tammetrajlı bədii film)
Əzim Əzimzadə (film, 1967)
İnsan məskən salır (film, 1967),film səsləndirən (Tammetrajlı Bədii Film)
Mən ki gözəl deyildim (film, 1968),film səsləndirən-Çingiz (Eldar Əliyev) (Tammetrajlı Bədii Film)
Bir cənub şəhərində (film, 1969),film səsləndirən-Cahangir (Hacımurad Yegizarov) (Tammetrajlı Bədii Film)
Bizim Cəbiş müəllim (film, 1969),film səsləndirən-Əsgər (Tammetrajlı Bədii Film)
Dəli Kür (film, 1969),film səsləndirən-Çernyayevski (Vyaçeslav Kovalkov) (Tammetrajlı Bədii Film)
O qızı tapın (film, 1970),film səsləndirən-Xosrov (Hacımurad Yegizarov) (Tammetrajlı Bədii Film)
Sevil (film, 1970),aktyor-Rüstəmov (Tammetrajlı Bədii Film)
Yeddi oğul istərəm... (film, 1970),aktyor-Gəray bəy (Tammetrajlı Bədii Film)
Axırıncı aşırım (film, 1971),aktyor-Xəlil (Tammetrajlı Bədii Film)
Çay daşının göz yaşı... (film, 1971)
Ən vacib müsahibə (film, 1971),aktyor-Zaur (Hacımurad Yegizarov) (Tammetrajlı Bədii Film)
Gün keçdi (film, 1971), film səsləndirən-Oqtay (Həsən Məmmədov);aktyor-Oqtayın iş yoldaşı, (tammetrajlı bədii film)
Nəsimi (film, 1971)
Qızıl qaz (film, 1972),aktyor-Fazilov (Tammetrajlı Bədii Film)
Xatirələr sahili (film, 1972),aktyor-Kamran (Tammetrajlı Bədii Film)
Skripkanın sərgüzəşti (film, 1972),aktyor-Ştandartanfürer (Tammetrajlı Bədii Film)
Var olun, qızlar... (film, 1972),aktyor-Şəmsi (Tammetrajlı Bədii Film)
Yollar (film, 1972)
Ömrün ilk saatı (film, 1973),aktyor-Mehdi (Tammetrajlı Bədii Film)
Səmt küləyi (film, 1973),aktyor-Biçeraxov (Tammetrajlı Bədii Film)
Bakıda küləklər əsir (film, 1974)
Çarvadarların izi ilə (film, 1974),aktyor-Adil (Tammetrajlı Bədii Film)
Qatır Məmməd (film, 1974),aktyor-Səlimov (Tammetrajlı Bədii Film)
Dörd bazar günü (film, 1975),aktyor-Nicat (Tammetrajlı Bədii Film)
Fransa qəhrəmanı (film, 1975)
Tütək səsi (film, 1975)-kadrarxası mətni oxuyan (Tammetrajlı Bədii Film)
Çətirimiz buludlardır (film, 1976),aktyor-sədr (Tammetrajlı Bədii Film)
Dərviş Parisi partladır (film, 1976),aktyor-Rəşid bəy (Tammetrajlı Bədii Film)
Ürək... Ürək... (film, 1976),aktyor-Murad (Tammetrajlı Bədii Film)
De ki, Məni Sevirsən (1977),film səsləndirən-rayon prokuroru (Oqtay Mirqasımov) (Tammetrajlı Bədii Film)
Qərib cinlər diyarında (film, 1977)-kadrarxası mətni oxuyan (Tammetrajlı Bədii Film)
Sevinc buxtası (film, 1977),aktyor-Əlizadə (Tammetrajlı Bədii Film)
Bayquş gələndə (film, 1978),aktyor-Rəşid (tammetrajlı bədii film)
Dantenin yubileyi (film, 1978),aktyor-Kəbirlinski (Tammetrajlı Bədii Film)
Od içində (film, 1978),film səsləndirən-Xoşev (Muxtar Maniyev) (Tammetrajlı Bədii Film)
Babək (film, 1979),aktyor-Afşin (Tammetrajlı Bədii Film)
İstintaq (film, 1979),aktyor-General (Tammetrajlı Bədii Film)
Qəribə adam (film, 1979),aktyor-Arif (Tammetrajlı Bədii Film)
Qızıl uçurum (film, 1980),aktyor-Usta Bağır (Tammetrajlı Bədii Film)
Mən mahnı qoşuram (film, 1979),aktyor-Xudayar (Tammetrajlı Bədii Film)
Qızıl uçurum (film, 1980),aktyor-usta Bağır (Tammetrajlı Bədii Film)
Anlamaq istəyirəm (film, 1980),aktyor-Həsən (Tammetrajlı Bədii Film)
Buxarlanan vədlər (film, 1980)
Gözlə məni (film, 1980),aktyor-Böyük bəy; film səsləndirən-Çekist (Tammetrajlı Bədii Film)
Xeyir və Şər (film, 1980)
Onun bəlalı sevgisi (film, 1980),film səsləndirən-Sabirov (Tofiq Mirzəyev) (Tammetrajlı Bədii Film)
Yeganə çıxış yolu (film, 1980)
Əlavə İz (1981),aktyor-Əli (Tammetrajlı Bədii Film)
Qorxma, Mən Səninləyəm (1981),aktyor-Cəfər (Tammetrajlı Bədii Film)
Üzeyir ömrü (film, 1981),film səsləndirən-aparıcı (Tofiq Mirzəyev) (Tammetrajlı Bədii Film)
Yalançını evinəcən qovarlar (film, 1981)
İşgüzar səfər (film, 1982),film səsləndirən-dəfndəki adam (Tammetrajlı Bədii Film)
Qaladan tapılan mücrü (film, 1982),aktyor-"Qəyyum" (Tammetrajlı Bədii Film)
Nizami (film, 1982),aktyor-Müzəffəri (Tammetrajlı Bədii Film)
Sübut (film, 1982)
İlıq dənizdə buz parçası (film, 1983),aktyor-təqaüdçü (Tammetrajlı Bədii Film)
Park (film, 1984),aktyor-mədən müdiri (Tammetrajlı Bədii Film)
Gümüşgöl əfsanəsi (film, 1984),aktyor-Ağazəki (tammetrajlı bədii film)
Qoca palıdın nağılı (film, 1984),aktyor-Nurcabbar (Tammetrajlı Bədii Film)
Tənha narın nağılı (film, 1984),quruluşçu rejissor ; aktyor-Əli (Tammetrajlı Bədii Film)
Dayan, doldurum (film, 1985)
Əbədi mühərrik (film, 1985)
Qanlı zəmi (film, 1985),quruluşçu rejissor ; aktyor-Nəbi (Tammetrajlı bədii film)
Məsələ yerdə deyil... (film, 1985)
Sizi dünyalar qədər sevirdim (film, 1985)-kadrarxası mətni oxuyan (Tammetrajlı Bədii Film)
Soyuq münasibət (film, 1985)
Bəyin oğurlanması (film, 1986),aktyor-Əsəd (Tammetrajlı Bədii Film)
Hərc-mərclik (film, 1986)
İşarəni dənizdən gözləyin (film, 1986),aktyor-baş nazir (Tammetrajlı Bədii Film)
Qəm pəncərəsi (film, 1986),aktyor-Mirzə Cəlil və Cəlilin atası (Tammetrajlı Bədii Film)
Nəticə (film, 1986) (I)
Özbaşınalıq (film, 1986)
Şəhərli biçinçilər (film, 1986),aktyor-Səlim (Tammetrajlı Bədii Film)
Özgə Ömür (1987),film səsləndirən-Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) (Tammetrajlı Bədii Film)
Alman klinikasına şəxsi səfər (film, 1988),film səsləndirən-Qafarov (Kazım Abdullayev) (Tammetrajlı Bədii Film)
Gənc qadının kişisi (film, 1988),aktyor-Rauf (Tammetrajlı Bədii Film)
Yaramaz (film, 1988),aktyor-Qəzənfər (Tammetrajlı Bədii Film)
Doğma sahillər (film, 1989),film səsləndirən-Yaşlı əcnəbi (Algimantas Masyulis) (Tammetrajlı Bədii Film)
Gecə qatarında qətl (film, 1990),aktyor-Nağıyev (Tammetrajlı Bədii Film)
Girişmə, öldürər! (film, 1990),aktyor-Həsən (Tammetrajlı Bədii Film)
Şahid qız (film, 1990),aktyor-Polkovnik (Tammetrajlı Bədii Film)
Nakəs (film, 1991),aktyor (Tammetrajlı Bədii Film)
Təhminə (film, 1993),aktyor-Dadaş (Tammetrajlı Bədii Film)
Səhər (veriliş, 1995)
Sən həmişə bizimləsən (film, 1997)
Ailə (film, 1998),aktyor-İsmayıl (Tammetrajlı Bədii Film)
Həsən Əbluc (film, 1999)
Nə gözəldir bu dünya... (film, 1999),aktyor-müstəntiq (Tammetrajlı Bədii Film)
Bizim qəribə taleyimiz (film, 2005)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Papaq (film, 2007)
Tarix: 23.02.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 953 Bölmə: Tarixdə bu gün