Azərbaycanın milli HHQ-sinin formalaşdığı dövr ötən əsrin əvvəllərinə təsadüf edir. Xalq Cümhuriyyəti dövründə silahlı qüvvələrin bu növünün yaradılması istiqamətində müəyyən addımlar atılması planlaşdırılsa da, elə bir irəliləyiş olmayıb. Bunu sovet dövrü üçün də demək olar.
1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. Bir qədər sonra Silahlı Qüvvələrin bu növü Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1994-cü ildə isə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur.
Eyni zamanda 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” HHQ və HHMQ-nin ölkənin iqtisadi-enerji maraqlarının müdafiəçisi rolunda çıxış etməsini şərtləndirirdi. Məhz bu amil sonradan Azərbaycanın HHQ beynəlxalq marağın artmasına səbəb olacaqdı. ABŞ və Türkiyə müdafiə nazirliklərinin bu işdə xüsusi fəallıq göstərməsi məhz Qərbin Azərbaycanda iqtisadi maraqlarının etibarlı qorunmasına nail olmaq üçün idi. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz məlum sahənin dirçəldilməsinə sərf edildi.
Qeyd edək ki, Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
Statistikaya əsasən Azərbaycan HHQ-nin arsenalına 70-ə yaxın döyüş təyyarəsi, 40-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir.
7200 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-6, Mi-8, Mi-24 markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin istehsalı olan pilotsuz uçan aparatların olduğu bildirilir.
Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burda da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.
Müqayisə üçün bildirək ki, hazırda Azərbaycanda bu istiqamət üzrə 7200 nəfər personal çalışdığı halda Ermənistan HHQ-də bu rəqəm 700 nəfər təşkil edir. Ermənistan HHQ-i 6 ədəd "Su-25", 1 ədəd "MiQ-25" təyyarəsi, 12 zərbə helikopteri, 25 yardımçı təyyarə, həmçinin Qarabağda saxlanılan 2 ədəd "Su-25" təyyarəsi və 4 ədəd "Mi-24" helikopterinə malikdirlər. Nəzərə almaq lazımdır ki, bu gün HHQ və HHMQ həm də xüsusi dövlət obyektlərinin və atributlarının mühafizəçisi rolunda çıxış edir.
Tarix: 14.02.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Tarixdə bu gün