Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 107-120 Ayələr

(107) “Özləri özlərinə xəyanət edənlərə görə mübahisə etmə, axı Allah xainləri və günahkarları sevmir”.

Burada xəyanət adı altında cinayətlər, zalımlıq və günahlar nəzərdə tutulur. Bu onu göstərir ki, Allah, həddi şəriətlə müəyyən edilmiş cinayətlər törədən və cəzaya layiq olanlara və yaxud qınanmaq məqsədilə cəzaya layiq olanlara havadar çıxmağı qadağan etmişdir. Cinayət törətdiklərinə görə onlardan ittihamı götürmək üçün və ya onları layiq olduqları cəzadan qurtarmaq üçün belə insanları müdafiə etmək olmaz. Göstərilən etibara tez-tez xəyanət edən və günah işlədənlər Allahın xoşuna gəlmir. O, belə adamları sevmir və onlara nifrət edir. Yuxarıda qeyd olunan qadağanın səbəbi bundadır.


(108) “Onlar insanlardan gizlənirlər, lakin Allahdan gizlənmirlər. Onlar gecələr Allahın xoşlamadığı sözləri səsləndirəndə O, onlarla olur. Allah onların törətdiklərini əhatə edir”.

Uca Allah buyurur ki, xainlər öz günahlarını insanlardan gizlətdikləri halda, onları Allahdan gizlətmirlər. Onlar gecələr Onun xoşuna gəlməyən sözləri düşünəndə O onlarla olur. Kəmetiqad olduqlarına, möhkəm əqidəyə malik olmadıqlarına görə, onlar Ondan çox, insanlardan ehtiyat edirlər. Onlar insanlar qarşısında rüsvay olmaqdan bütün yol verilən və qadağan olunmuş vasitələrlə qaçınmağa cəhd göstərsələr də, böyük günahlar işlədirlər və Allahın onları gördüyünə əhəmiyyət vermirlər.
O, onların harada olmasına baxmayaraq, Öz elmi ilə onların yanındadır. Onlar özlərini təmizə çıxartmaq ümidi ilə, günahsız insanları ittiham edəndə və xoşagəlməz sözlərlə düşünəndə, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) öz düşündüklərini yerinə yetirməsi üçün xahiş edəndə, O, onlarla bərabər olur. Onlar eyni zamanda bir neçə cinayət törədərək göylərin və yerin Hökmdarının onları müşahidə etdiyi üzərində fikirləşmirlər, halbuki Ona bütün sirlər və gizli niyyətlər məlumdur. O Öz elmi ilə onların törətdikləri hər şeyi əhatə edir, lakin onları cəzalandırmağa tələsmir. Əksinə, O, onlara möhlət verir, tövbə etməyə imkan yaradır və insanları dözülməz əzablara məhkum edən günahları təkrar etməkdən çəkindirir.


(109) “Yaxşı, deyək ki, siz bu dünyada onları müdafiə edirsiniz. Bəs onda Qiyamət günü onları Allah qarşısında kim müdafiə edəcək?” Ya da onların müdafiəçisi kim olacaq?”

Siz bu dünyada onları himayə edirsiniz və sizin onlara havadar çıxmağınız onları bərk qorxduqları insanlar qarşısında namussuz görünməkdən və rüsvay olmaqdan qorunmağa imkan verir. Lakin bu onlara fayda verəcəkmi? Kim Qiyamət günü onlara sübutlar təqdim ediləndə, onların törətdikləri bütün əməlləri haqqında dilləri, əlləri və ayaqları Allah qarşısında öz əleyhlərinə şahidlik edəndə onlara havadar çıxacaq? Uca Allah buyurur: “O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın və Haqq olduğunu biləcəklər” (Nur, 24/25). Gizli və aşkar olanları bilən Allahın qarşısında, Onun onların əleyhinə gətirəcəyi şahidlərin şəhadətini təkzib edə bilməyəcəkləri halda, kim onların mənafeyini müdafiə edəcək?
Bu ayə, insanları, Allahın hökmlərini yerinə yetirməkdən boyun qaçırmaq və qadağan olunmuş işlər görmək sayəsində əldə edə biləcəkləri təsəvvür edilən dünya nemətlərini, Axirət həyatında ala biləcəkləri və bu əməlləri üzündən məhrum edildikləri mükafatlarla və məhkum edildikləri cəza ilə müqayisə etməyə çağırır.
Qoy Allahın hökmlərini yerinə yetirmək istəməyən hər kəs özü özündən soruşsun: “Mən öz tənbəlliyim və səhlənkarlığım üzündən Rəbbimin hökmlərini pozsam nə qazanaram?” Qiyamət həyatında hansı mükafatdan məhrum olaram? Məgər Allaha itaətsizlik etməyim məni bədbəxtliyə, məhrumiyyətlərə, ümidsizliyə və ziyana uğratmazmı?”
Əgər o, öz nəfsinə tabe olaraq, qadağan olunmuş əməllər etmək istəyirsə, qoy onda özü özünə desin: “Mən belə bir əməli edə bilərəm, lakin ondan duyacağım ləzzət bitəcək və onun yerini qəm-qüssə, narahatçılıq və kədər tutacaq. Mən mükafatdan məhrum ediləcək və cəzaya layiq görüləcəyəm ki, dərrakəli insanın belə əməldən çəkinməsi üçün onun kiçicik bir hissəsi bəs edər”.
Bu barədə düşünməsi insana daha çox fayda gətirər və bu, əsil ağıllı insanların məziyyətidir. Özlərini ağıllı sayanlar isə tamamilə başqa cür düşünürlər, halbuki, həqiqətdə, belə deyillər. Öz nadanlıqları və zalımlıqlarına görə, onlar bu dünyada maddi həzz almağa və rahatlığa üstünlük verir və atdıqları addımların nəticələri haqqında fikirləşmirlər. Allah bizi bundan saxlasın!

(110) “Kim cinayət törədəndən və ya özünə zülm edəndən sonra Allahdan bağışlanmasını diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görəcəkdir”.

İnsan Allaha itaətsizlik edərək günah işlədərsə və sonra da, günahını etiraf edərək, bu günahı etməsinə son verərək törətdiyi əmələ təəssüfləndiyini bildirərsə və qəti olaraq bir daha onu təkrar etməyəcəyi niyyətini bildirərək, Ondan bağışlanmasını layiqincə xahiş edərsə, onda Allah beləsinə Öz mərhəmətini və bağışlanma əta edəcəyini vəd etmişdir. Bilin ki, O, Öz vədlərini pozmur!
O, günahkarın əvvəllər etdiyi günahları ona bağışlayacaq və onu günahlarının nəticələri olan qüsur və nöqsanlarından azad edəcəkdir. Allah onun əvvəlki saleh əməllərini bərpa edəcək və ona qalan bütün həyatı boyu xeyirxahlıqlar etməyə kömək göstərəcəkdir. Günahları artıq ona hidayət yolu ilə getməyə maneçilik törətməyəcək, çünki Allah onları bağışlayacaq. Bundan başqa, O, onun günahlarını bağışladıqdan sonra, onu onların yaramaz nəticələrindən də xilas edəcəkdir.
Cinayətlər, sözün geniş mənasında, hər hansı böyük və kiçik günahlardan ibarətdir. Onlar “su” (“pislik”, “şər”) adlanır və onların işlədilməsi cəzalanma tələb edir və dərd-qəm gətirir, çünki onlar başa bəla gətirən bəd və yaxşı olmayan əməllərdir.
Özünə qarşı zalım münasibət adı altında, sözün ən geniş mənasında həm də Allaha şərik qoşmaq və bütün qalan günahlar nəzərdə tutulur. Bu iki məfhum birlikdə yad ediləndə, onların hər birinə müvafiq şərh verilir.
Şərh edilən bu ayədə cinayətlər adı altında insanlara dərd-qəm gətirən zalımcasına münasibət başa düşülür. Bu, onların həyatına, əmlakına və ya namusuna edilən qəsdlər ola bilər. Özünə qarşı zalım münasibət adı ilə isə burada qul və Allahın arasında qalan günahlar fərz edilir. Bu günahların zülm adlandırılması ona görədir ki, qulun canı onun özünə məxsus deyil və o, istədiyi kimi öz canına sərəncam verə bilməz. Can Uca Allaha məxsus mülkiyyətdir və O, onu quluna etibar edərək ona əmr etmişdir ki, onunla insafla rəftar etsin, düzgün biliklər alaraq və yaxşı əməllər işlədərək doğru yolla getsin. Qul ona əmr olunanları yerinə yetirməyi öyrənməli, zəhmət çəkərək öz vəzifələrini yerinə yetirməlidir. Əgər o, bu yolla getmirsə, onda o, özünə qarşı zülm edir, ona göstərilən etibara xəyanət edir və ədalətli olmaqdan boyun qaçırır ki, bunun da əksi zülm, incitmə və zalımlıqdır


(111) “Kim günah işlədirsə, onu özünün zərərinə edir. Allah Biləndir və Müdrikdir”.

Əgər insan günah işlədirsə, o, özünə zərər vurur. Bu, bütün böyük və kiçik günahlara aiddir və buna görə onlardan ötrü cəzanı, həm bu dünyada və həm də Axirət həyatında, asi olanların təkcə özləri alacaqlar. Günahsız insanlar özgələrinin günahlarına görə cəzalandırılmayacaqlar və Uca Allah bu barədə belə buyurur: “...Hər kəsin qazandığı günah təkcə onun özünə zərərdir. Heç kim başqasının yükünü daşımayacaqdır...” (Ənam, 6/164).
Yox əgər asilər günahı açıq şəkildə törətdikləri halda ətrafdakılar onları buna görə qınamırlarsa, onda günah onları görüb qınamayanların üzərinə də düşür və onların hər biri cəzaya layiq görülür. Bu, şərh etdiyimiz gözəl ayədə istisna hal deyildir, çünki insan günahkarları törətdikləri cinayətlərə görə, qınamalı olduğu halda, qınamırsa, halbuki o, bunu etməliydi, onda o özü də günah işlətmiş olur.
Bu ayə Allahın ədalətliliyinin və müdrikliyinin sübutudur. O, Öz qullarını başqalarının günahına görə heç vaxt cəzalandırmır və günahkarları, onların törətmədikləri cinayətlərə görə cəzalandırmır. Buna görə, O bildirir ki, mütləq biliyə və qüsursuz müdrikliyə malikdir. Öz biliyi və müdrikliyi sayəsində Allah bütün günahlar və onları törədən qulları haqqında məlumata malikdir. Ona onları günah törətməyə sövq edən səbəblər və onlara veriləcək cəzalar da məlumdur. O bilir ki, insan, ona hökm edən nəfsinin istəklərinə güzəştə gedərək günah işlədirsə, çox vaxt Rəbbinin qarşısında peşmançılıq çəkir və buna görə, O, onu hökmən bağışlayır və onu tövbə etməyə ruhlandırır. O həmçinin bilir ki, əgər insan Onun qadağanlarını ötkəmliklə pozaraq, Rəbbin onu müşahidə etməsinə əhəmiyyət vermirsə və cəzalandırılacağına laqeyd yanaşırsa, onda o, bağışlanmaqdan uzaqdır və Allahın onu tövbə etməyə ruhlandırmasına layiq deyil.

(112) “Əgər kimsə səhv edərək və ya günah işlədərək, bunda günahsız bir adamı günahlandırarsa, o, böhtançı və bəlli günah yükünü öz üstünə götürmüş olur”.

İnsan xəta edərsə, yəni, böyük günah və ya az ağır günah işlədərsə və sonra da öz günahını bir başqasının üstünə atarsa, bu başqası günahkar olsa da, həmin cinayətlə qətiyyən heç bir əlaqəsi yoxdursa, onda o, iftira yükünü və açıq-aşkar günahı öz üstünə götürmüşdür. Bu, ən ağır və çox ziyanlı günahlardan biridir. O, özündə eyni vaxtda bir-neçə bəd əməli birləşdirir və böyük zərər gətirir.
Birincisi, insan günah qazanır və cinayət törədir. İkincisi, o, bu cinayətə heç bir aidiyyəti olmayan şəxsi günahlandırır. Üçüncüsü, o, özünü təmizə çıxartmaq xatirinə müdhiş bir yalan danışır və öz günahını günahsız bir adamın üstünə yıxır. Dördüncüsü, bunun nəticəsində bu dünyada cəzanı ona layiq olan şəxs deyil, törədilmiş cinayətlə heç bir əlaqəsi olmayan şəxs alır. Beşincisi, bunun nəticəsində insanlar, bu günahı törətməmiş şəxs haqqında pis rəydə olurlar. Bu əməlin bir çox digər bəd nəticələrini saymaq mümkündür. Biz isə Allaha yalvarırıq ki, bizi onlardan və hər cür şərdən qorusun!

(113) “Əgər sənə Allahın rəhmi və mərhəməti olmasaydı, onlardan bir dəstə səni azdırmaq niyyətinə düşmüşdülər, lakin onlar ancaq özlərini azdırırlar və sənə zərər vura bilməzlər. Allah sənə Kitab və Hikmət nazil etmişdir və sənə bilmədiklərini öyrətmişdir. Allahın sənə olan mərhəməti böyükdür”.

Uca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onu azdırmaq istəyənlərdən müdafiə edərkən Allahın ona göstərdiyi mərhəmətini xatırladır. Müfəssirlər qeyd edirdilər ki, bu ayələr Mədinədəki ailələrin birinin üzvünün oğurluq etməsi ilə əlaqədar nazil olunmuşdu. Adamlar bu barədə eşidəndə, rüsvayçılıqdan qorxaraq, oğurlanmış əşyanı bu işə aidiyyəti olmayan bir nəfərin evinə atmışdılar. Sonra oğru qohumlarından xahiş etmişdi ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gedib, onun günahkar olmadığını adamlar qarşısında elan etməsini xahiş etsinlər. Onlar ona kömək etməyə razılaşaraq dedilər: “O, oğurluq etməmişdir. Oğruluq edən, evindən oğurluq əşya tapılmış adamdır. O isə günahsızdır”. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) artıq həmin şəxsin günahkar olmadığını elan etməyə hazırlaşdığı bir vaxtda Allah bu ayələri nazil edir. Bununla da Allah baş vermiş hadisəyə aydınlıq gətirir və Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) satqınlara və xainlərə havadar çıxmağı qadağan edir, çünki yalan danışanlara havadarlıq etmək yolunu azmaqdır.
Azmaq iki cür olur. Onlardan birincisinə aid olan yanlış nəzər nöqtələridir. Bu, insan həqiqəti bilməyəndə baş verir. İkinci növə aid olanlar əməldə yanlışlıqdır ki, bu zaman adam öz vəzifələrini yerinə yetirmir. Allah, beləliklə, Öz Elçisini (ona Allahın salavatı və salamı olsun) həm yanlış məlumatlardan və həm də doğru olmayan addımlardan qoruyur.
Sonra Allah xəbər verir ki, bu adamların məkrli niyyətləri onların ancaq özlərinə zərər vurur, çünki hiyləgərlik edənlərin hamısını belə bir tale gözləyir. Onlar ancaq özləri özlərini yanıldırlar, axı onların fitnələri və hiylələri istədikləri nəticəni almaqda onlara kömək etməyəcək və əvəzində onlara ümidsizlik, məhrumiyyət, günahlar və zərər gətirəcəkdir.
Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) bəxş etdiyi bu böyük nemət əməlisaleh fəaliyyətlə bağlı idi. Allah ona öz vəzifələrini nöqsansız yerinə yetirməyə kömək etdi və onu qadağan olunmuş hərəkətlərdən qorudu. Bunları xatırlatdıqdan sonra, Allah Elçiyə (ona Allahın salavatı və salamı olsun) göstərdiyi salehlərə məxsus biliklərlə bağlı olan Öz mərhəmətini yada salır. Buna görə O deyir ki, ona Kitab və Hikmət nazil etmişdir.
Kitab – Müqəddəs Qurandır və Hikmətli Zikrdir. Bu, var olan hər şeyi izah edir və özündə birinci və sonuncu nəsillərin biliklərini ehtiva edir. Hikmət sözü ilə, təfsirlərdən birinə uyğun olaraq, Sünnə nəzərdə tutulur. Bizim mömin sələflərimizdən biri demişdir: “Sünnə ona Quranla yanaşı nazil edilmişdir”. Başqa bir şərhə görə isə, hikmət – şəriətin incəliklərini bilməkdir, təkcə qanun və hökmlərin ən üstün bilikləridir və hər şeyi öz yerinə qoymaq istedadıdır.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onun bilmədiklərini öyrətmişdir. Bu, Uca Allahın ona öyrətdiyi hər şeyə aiddir, çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəziyyəti onun peyğəmbərliyinin başlanmasınadək Allahın səciyyələndirdiyi kimi idi: “Sən bilmirdin ki, Kitab nədir və iman nədir” (Şura, 42/52).
“O səni azmış tapdı və doğru yolla apardı” (Duha, 93/7).
Allah, bütün insanlar üçün mümkün olmayan yüksək biliklərə nail olana qədər, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) ayələr nazil etməkdə, ona təlim verməkdə və onun biliklərini kamilləşdirməkdə davam edirdi. O (ona Allahın salavatı və salamı olsun), insanlar arasında ən bilikli oldu və özündə ən yaxşı keyfiyyətləri təcəssüm etdirdi. Allahın ona (ona Allahın salavatı və salamı olsun) göstərdiyi mərhəməti böyük idi və Onun başqa insanlara göstərdiyi mərhəmətini üstələyirdi. Bu nemətin bütün formalarını tam nəzərdən keçirmək mümkünsüzdü və hətta onları saymaq belə sadə bir iş deyildir.



(114) “Onların gizli söhbətlərinin bir çoxunda, sədəqə vermək, yaxşılıq etmək və insanları barışdırmaq istəyənlər istisna olmaqla, xeyir yoxdur. Kim ki, bunları Allah xatirinə edir, Biz onlara böyük mükafat əta edərik”.

İnsanların öz aralarında apardıqları gizli söhbətlər onlara xeyir gətirmir. Bu o deməkdir ki, onlar ya adi mövzulara həsr edilmiş boş-boş danışıqlar kimi fayda vermir, ya da qadağan olunmuş mövzular kimi ziyan vururlar.
Bu qaydadan istisna olan hallar insanları sədəqə verməyə çağıran, yəni, öz əmlakı və bilikləri ilə paylaşmaq və kömək göstərmək kimi məsələlərlə bağlı aparılan söhbətlərdir. Ehtimal ki, buna Allaha həmd etmək və Onu şərəfləndirməklə bağlı sözlər və insanın ancaq özünə xeyir gətirən digər tədbirlər də aiddir, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Həqiqətən, Allaha hər dəfə həmd etmək – sədəqədir, Allahı hər dəfə ucaltmaq – sədəqədir, hər dəfə tövhid şəhadətinin deyilməsi – sədəqədir və xeyir işlərə çağırış – sədəqədir, qınanılan əməllərdən çəkindirmə - sədəqədir və hətta öz zövcəniz ilə cinsi əlaqə hər biriniz üçün sədəqə ola bilər”.
Yenə bu qaydadan bir istisna – birinin digərini bəyənilən əməllər etməyə dəvət etdiyi söhbətlərdir. Onlara aid olanlar: yaxşılıq və itaət, habelə şəriətin və sağlam ağlın bəyəndiyi hər şeydir. Bəyənilənə çağırış, qınanılandan çəkindirməklə eyni vaxtda deyil, ayrıca xatırlandıqda, onun mənası qınanılandan çəkindirilməyə də aid olur, çünki qınanılan əməllərdən imtina edilməsi özü bəyənilən əməl sayılır. Bundan başqa, insan cinayətlərdən əl çəkmədikcə, onun etdiyi yaxşı əməllər tam başa çatdırılmış əməl sayılmır. Bu iki anlayış birlikdə xatırlandıqda isə, bəyənilənə çağırış adı altında dinin hökmlərini yerinə yetirmək çağırışı, qınanılandan çəkindirmə adı altında isə qadağan olunmuş əməllərdən çəkinməyə çağırış nəzərdə tutulur.
Yenə bu qaydadan bir istisna, insanların barışdırılması məqsədi ilə aparılan söhbətlərdir. İnsanları o vaxt barışdırmaq olar ki, onların arasında mübahisə və bir-birinə iddialar yaranmış olsun. Höcətləşmək, çəkişmək və qəzəb yamanlıq yaradır və insanları bir-birindən ayırır. Məhz buna görə, Şəriət Qanunlarını Yaradan bizi, insanların həyatına, malına və namusuna aid bütün məsələləri dinc vasitələrlə həll etməyə çağırır. Bu həmçinin dinlə bağlı məsələlərə də şamil edilir, çünki Uca Allah buyurur: “Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və ayrılmayın!” (Ali İmran, 3/103);
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir” (Hucurat, 49/9);
“...çünki dinc yolla həlli daha yaxşıdır” (Nisa, 4/128).
Adamları barışdırmağa səy göstərən müsəlman, ciddi-cəhdlə namaz qılan, oruc tutan və sədəqə paylayandan daha yaxşıdır. Əgər bir nəfər başqa insanların vəziyyətini yaxşılaşdırmağa və onlara əmin-manlıq gətirməyə çalışarsa, onda Allah onun səylərini və əməllərini mütləq doğruldar. Yox, əgər o, yer üzündə fitnə-fəsad yaymağa və nifaq salmağa can atarsa, onda Allah onun əməllərini boşa çıxardar və ona istədiyinə nail olmağa yol verməz. Uca Allah buyurur: “Allah şərəfsizlik edənlərin əməllərini islah etməz” (Yunus, 10/81).
Sadalanan əməllər istənilən şəraitdə yaxşı əməllər sayılır ki, bunu da təsdiq edən Allahın istisnasıdır. Lakin mükafatın mükəmməl və tamlığı insanın niyyəti və səmimiyyətindən asılıdır və buna görə, Onun mərhəmətini qazanmağa çalışaraq belə davrananlara Allah böyük mükafat bəxş edəcəyini bildirir. Bu o deməkdir ki, qul Allahın Üzünü görməyə can atmalı və istənilən vaxtda hər hansı xeyirxah əməli səmimiyyətlə Onun xatirinə yerinə yetirməlidir. Bunun sayəsində o, böyük mükafat qazanar, özünü səmimi olmağa alışdırar və seçilmiş qullardan birinə çevrilər. Bundan başqa, o, hətta yerinə yetirə bilmədiyi əməllərə görə də bütöv mükafat alar, çünki onun niyyəti həmişə təmiz olmuş və o, yaxşılıq etmək üçün əlindən gələni heç vaxt əsirgəməmişdir.


(115) “O şəxs ki, hidayət yolu ona məlum olduqdan sonra Allahın Elçisinə asilik edərək möminlərin yolu ilə getmir, Biz onu döndüyü tərəfə yönəldərik və Cəhənnəmdə yandırarıq. O yer necə də pisdir!”

Quran dəlilləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sübutları ona doğru yolu göstərdikdən sonra, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dəvətini və çağırışlarını inadkarcasına rədd edərək, ona asi çıxan və möminlərin yolu ilə getməyən, onların baxışlarını və əməllərini yerinə yetirməyən bir şəxsi Allah, onun özünün seçdiyi azğınlığı ilə baş-başa qoyacaqdır. Allah onu köməkdən məhrum edəcək və xeyirxah əməllərə ruhlandırmayacaqdır. O, haqqı görərək onu dərk etsə də, ondan şüurlu surətdə imtina etdi və Allah da ədalətlə onun əvəzini verdi və onu azğınlığın zülmətində sərgərdan dolaşmağa və orada onu daha da dərin girdaba yuvarlanmağa buraxdı.
Uca Allah buyurur: “...Onlar yollarını azan kimi, Allah da onların qəlbini azdırdı. Allah fasiqləri doğru yola yönəltmir” (Səff, 61/5);
“Biz onların qəlblərini və ağıllarını tərsinə çeviririk, çünki onlar ona ilk dəfədə də iman gətirməmişdilər və onları öz zalımlıqları içində çaşıb-qaldıqları halda qoyuruq” (Ənam, 6/110).
Bu ayədən belə bir nəticə çıxartmaq olar ki, əgər insan Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) zidd çıxmırsa və möminlərin yolu ilə gedirsə, əgər o, Allahın Üzünü görməyə can atırsa, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edirsə və İslam millətindən ayrılmırsa, amma günah şeylər haqqında düşünür və hətta öz ehtiraslarına uyaraq və insan təbiətinə güzəştə gedərək, onları törədirsə, onda Allah onu ehtiraslarının və şeytanın cəlb etdiyi tərəfə istiqamətləndirmir. Əksinə, O, ona rəhm edir, mərhəmət göstərir və onu şərdən qoruyur. Bax buna görə, Yusuf peyğəmbərdən (s) bəhs edərək, Uca Allah buyurur: “Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır” (Yusuf, 12/24). Onun səmimiyyəti Allahın şəri ondan kənarlaşdırmasına səbəb oldu və Allah öz açıqürəkli qullarının hər biri ilə bu minvalla rəftar edir, çünki bu qayda bütün insanlara aiddir.
Sonra Allah möminlərdən aralanıb ayrı düşən hər bir adamı Cəhənnəmdə böyük cəzaya məruz qoyacağını vəd edir. Şübhəsiz ki, möminlərə müqavimət göstərməyin çoxsaylı dərəcələri mövcuddur ki, onlar günahların ağırlığı ilə müəyyən olunurlar. Onlardan bəziləri adamları Cəhənnəmdə əbədi işgəncələrə məhkum və hər növ nemətlərdən məhrum edir, digərləri isə az ağır olurlar. Aydındır ki, növbəti ayə bu geniş mənalı ayəni daha geniş təfərrüatı ilə açıqlayır.
Bu gözəl ayə müsəlmanların vahid rəyinin inandırıcı sübut olmasının xeyrinə dəlalət edir və göstərir ki, bütün müsəlmanlar eyni vaxtda yanıla bilməzlər. Belə nəticə çıxarılması, Allahın, möminlərin yolu ilə getməkdən imtina edən hər bir kəsi Cəhənnəmə atacağı və Öz köməyindən məhrum edəcəyi təhdidi ilə izah olunur. Möminlərin yolu tək sayla ifadə olunmuşdur və o, onların etiqad etdiyi və ya yerinə yetirdikləri bütün baxışları və əməlləri özündə birləşdirir. Əgər möminlər hər hansı bir hökmü yekdil olaraq fərz (vacib), nafilə (könüllü), haram (qadağan olunmuş), arzuedilməz və ya yol verilən hesab edərlərsə, onda bu rəy onların yoluna çevrilir və onların bu yekdil rəyinin əleyhinə çıxan istənilən şəxs onların yolundan dönmüş sayılır.
Bütün bu deyilənlər başqa bir ayə: “Siz bəşəriyyətin xeyri üçüm gəlmiş, bəyəniləni etməyə əmr verən və qınanılandan çəkindirərək, Allaha iman gətirən millətlərin ən yaxşısısınız” (Ali İmran, 3/110) ilə təsdiq olunur. Bu dəlilin mənası nədədir? Uca Allah bildirir ki, mömin müsəlmanlar ancaq bəyənilən əməllərə dəvət edirlər və əgər onlar hər hansı bir hökmün vacib və ya arzuedilən (mübah) olması barədə öz rəylərində yekdildirlərsə, onda ətrafdakıları da onu yerinə yetirməyə çağırırlar və, beləliklə, bu ayədən aydın olur ki, onların rəyi mütləq bəyənilən əməllərə aid olur. Əgər onlar hər hansı bir hökmün qadağan (haram) olması haqqında yekdil qərara gəlirlərsə, o, hökmən qınanılan əməllərə aid olur.
Bunun lehinə həmçinin bu ayə də dəlalət edir: “Biz sizi orta bir millət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Allahın Elçisi də sizin hamınıza şahidlik etsin...” (Bəqərə, 2/143). Uca Allah xəbər verir ki, O, İslam millətini ədalətli və bütün digər dini icmalardan ən yaxşı millət etmişdir ki, onlar bütün baş verənlər haqqında şahidlik etsinlər. Əgər müsəlmanlar Allahın hər hansı bir əməli əmr və ya qadağan etdiyini və yaxud da onu icazə verilən bəyan etdiyini yekdilliklə təsdiq edirlərsə, onların şahidliyi yanlış ola bilməz, çünki onlar müvafiq bilikləri mənimsəmişlər və ədalətlə rəftar edirlər. Əgər vəziyyət belə olmasaydı, onda müsəlmanların şahidliyini ədalətli saymaq olmazdı, onların özlərini isə biliyə malik olanlara aid etmək olmazdı.
Deyilənləri təsdiq edən bu ayədir: “...Əgər hər hansı bir şey barəsində mübahisə etməli olsanız, Allaha və Axirət gününə iman gətirirsinizsə, bu məsələnizlə Allaha və Elçisinə müraciət edin...” (Nisa, 4/59). Bu o deməkdir ki, əgər müsəlmanlar bir-biriləri ilə çəkişmirlərsə və hər hansı bir məsələ barədə yekdil fikir bildirirlərsə, onda onların Qurana və Sünnəyə müraciət etməsi hökmən deyil, çünki onların vahid rəyi həmişə ancaq Qurana və Sünnəyə əsaslanır və onlara zidd olmur.
Bu və buna bənzər digər dəlillər sübut edir ki, müsəlmanların yekdil rəyi inandırıcı dəlildir.


(116) “Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır, amma bundan başqa (az ağır) günahları istədiyinə bağışlayır. Allaha şərik qoşan isə dərin zəlalətə düçar olmuşdur”.

Uca Allah Ona şərik qoşulmasını bağışlamır, çünki belə rəftar aləmlərin Rəbbinə təhqir, tövhidin pozulması, hətta özlərinə belə kömək edə və ya zərər vura bilməyən yaratdıqlarının Onunla, bütün xeyir və şər sərəncamında olan Hökmdarla, qullarına nemətlər bəxş edən və onları bədbəxtliklərdən qoruyan Vahid, hərtərəfli kamilliyə malik və heç bir şeyə Ehtiyacolmayanla bərabərləşdirilməsidir.
Ən böyük zalımlıq və ən dərin azğınlıq belə əzəmətli sifətlərə malik olan Allaha səmimi ibadətdən boyun qaçıraraq, kamil keyfiyyətlərdən məhrum və daima ehtiyac içində olan məxluqlara sitayiş etməkdir. Heçlik, natamamlıq və hərtərəfli ehtiyac yaradılmışlara xas keyfiyyətlərdir.
Öz ağırlığı və dərəcəsi etibarı ilə şirkdən geri qalan günah və xətalar törədən şəxslərə gəldikdə isə, onların taleyi Allahın iradəsindən asılıdır. O, rəhm və müdriklik göstərərək onları bağışlaya bilər, lakin bu günahlara görə, müdrikcəsinə və ədalətlə rəftar edərək onları cəzalandıra da bilər.

(117) “Müşriklər Allahın əvəzinə qadın bütlərə sitayiş edir və ancaq üsyankar şeytana səcdə qılırlar”.

Allah müşriklərin azğınlığını ifşa edərək buyurur ki, onlar Onun yerinə qadın bütlərə, əl-Uzza və ya Manat kimi daşdan yonulmuş heykəllərə etiqad edirlər. Yaxşı məlumdur ki, ad onu daşıyana işarə edir və əgər onların sitayiş etdikləri bütlərin adları qadın adları idisə, onda bu özü o bütlərin natamamlığını təsdiq edirdi.
Uca Allah Öz Kitabında dəfələrlə xatırladır ki, bütlər yaratmaq, ruzi vermək və onlara sitayiş edənləri müdafiə etmək qabiliyyətinə malik deyillər. Bundan başqa, onlar hətta özlərinə belə xeyir gətirməyə və ya zərər vurmağa qadir deyillər. Onlar özlərini belə onlara ziyan vurmaq istəyənlərdən qoruya bilməzlər. Onlar eşitməkdən, görməkdən və ağıldan məhrumdurlar. Necə ola bilər ki, bu cür keyfiyyətlərə malik olan ilahcıqlara sitayiş olunsun, Tək olan Allaha isə səmimi ibadətdən imtina edilsin? Halbuki Allah ən gözəl adlara və yüksək keyfiyyətlərə malikdir. Həmd, kamillik, şan-şöhrət, əzəmət, qüdrət, gözəllik, rəhmdillik, xeyirxahlıq və yaxşılıq Vahid Yaradan və Hökmdara məxsusdur, Onun bütün hökmləri və qərarları dərin hikmətlə cilvələnmişdir! Müşriklərin bu hərəkəti hədsiz dərəcədə mənfur alçaqlıqdır və belə davrananların qüsur və nöqsanlarının aşıb-daşdığına dəlalət edir və onlar o qədər alçaqlığa batmışlar ki, bunu təsəvvür etmək və sözlə söyləmək mümkün deyil.
Əlavə etmək lazımdır ki, müşriklərin öz naqis tanrıçalarına sitayiş etmələri zahirən belə görünür, əslində onlar şeytana ibadət edirlər. Şeytan onların düşmənidir, onları məhv etmək niyyətindədir və bundan ötrü əlindən gələn hər şeyi edir. Şeytan onu lənətləmiş və mərhəmətindən uzaqlaşdırmış Allahdan sonsuzluğa qədər uzaqdır. Allahın mərhəmətindən kənarlaşdırılmış şeytan çalışır ki, Onun bütün qalan qullarını da Onun mərhəmətindən uzaqlaşdırsın. Uca Allah buyurur: “Həqiqətən, şeytan sizin düşməninizdir. O öz tərəfdarlarını Cəhənnəm sakinləri olmağa çağırır” (Fatir, 35/6).



(118) “Allah onu lənətləmişdir və o demişdir: “Mən hökmən Sənin qullarının müəyyən bir hissəsini öz tərəfimə çəkəcəyəm”,


(119) “onları azdıracaq, onlarda ümid oyadacaq, onlara heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını təhrif etməyi əmr edəcəyəm”. Kim Allahın əvəzinə şeytanı özünə hami və köməkçi etmişsə, onun zərərə uğraması artıq bəllidir”.

Bu ayələrdə Allah bildirir ki, şeytan Onun qullarını yoldan çıxartmaya can ataraq onların nəzərində şərə və şərəfsizliyə yaraşıqlı don geydirməyə çalışır. O, hətta Rəbbinə də and içir ki, Onun qullarının müəyyən bir hissəsini öz tərəfinə çəkəcəkdir. Lənətlənmiş şeytan anlayırdı ki, o, Allahın bütün qullarını şirnikləndirib yoldan çıxara bilməz və onun hakimiyyəti Allahın səmimi xidmətçilərinə təsir göstərə bilməz. O, bilirdi ki, yalnız onu özünə himayəçi götürənlər, əsil Himayədara itaət etməyə laqeyd yanaşanlar, ona tabe olaraq hakimiyyəti altına düşəcəklər.
Başqa bir ayədə deyilir ki, şeytan insanları yoldan çıxaracağına and içərək demişdir: “Rəbbim! Məni azdırdığına görə, mən də yerdə olanları onlar üçün bəzəyəcək və hökmən onların hamısını yoldan çıxaracağam, Sənin seçilmiş (və ya səmimi) qullarından başqa” (Hicr, 15/39-40).
Allahın itaətindən çıxmış günahkar bunu belə fərz etmişdi və qəti qərara almışdı ki, buna nail olsun. Uca Allah isə buyurur ki, onun zənni doğru idi: “İblisin onlar haqqında zənni düz çıxmışdı və bir dəstə mömin istisna olmaqla, onlar onun ardıyca getdilər” (Səbə, 34/20).
İblis onun üçün təyin olunmuş qullardan nə istədiyi barədə bildirir ki, o, onları, düz yoldan çıxmaları üçün yanlış biliklər qazanmaqla və yaramaz əməllər etməklə azğınlığa salacağına vədə vermişdi. O, onlarda mükafat alacaqları xülyası doğuracağına söz vermişdi. Halbuki mükafatı doğru yolla gedənlər alırlar.
Şeytanın əməlləri əsil aldatmadır. O, insanları təkcə yoldan çıxartmaqla qane olmur, o, bu azğınlıqlar onların gözündə gözəl görünməyənə qədər rahatlıq tapmır. O, onlarda olan bədxahlığı artırır və onlar da Cəhənnəm sakinlərinə xas olan əməllər törədirlər ki, bunlar da insanı cəzalandırılmaya məhkum edir. Həm də onlar özləri elə zənn edirlər ki, əməlləri onlara Cənnətə düşməyə kömək edəcəkdir. Bu keyfiyyətlər yəhudilərə, xristianlara və onlara oxşayanlara məxsusdur.
Uca Allah buyurur: “Onlar dedilər: “Yəhudilərdən və ya xristianlardan başqa heç kim Cənnətə girməyəcəkdir”. Bu onların xülyasıdır” (Bəqərə, 2/111);
“Biz hər xalq üçün onların əməllərini belə gözəl bəzədik”. (Ənam, 6/108);
“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik” (Kəhf, 18/103-105).
Uca Allah Qiyamət günü müşriklərin möminlərlə aparacağı danışıq haqqında da xəbər verir: “Onlar möminləri çağırıb deyəcəklər: “Məgər biz sizinlə deyildikmi?” Onlarsa belə cavab verəcəklər: ”Bəli, lakin siz özünüz özünüzü aldadırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələnədək xam xəyallarla yaşayırdınız. Sizi tovlayan (İblis) sizi Allah barəsində də aldatdı” (Hədid, 57/14).
Allah bildirir ki, şeytan adamlara ev heyvanlarının qulaqlarını kəsməyi əmr edir. Müşrik ərəblər baxira, saibə, vəsilə və xami adlı, müqəddəs saydıqları, heyvanlarla belə rəftar edirdilər. Bu barədə xatırlatma Allahın halal etdiyini haram və haram etdiyini halal saymaqla bağlı bir sıra yanlışlıqlara işarə edir. Bu həmçinin insanları azdıran ən böyük amillər olan bütün nöqsanlı baxışlara və ədalətsiz qanunlara da aiddir.
Allah bildirir ki, şeytan insanlara Onun yaratdıqlarını təhrif etmələrini əmr edir. Bu, onların bədənlərinə şəkillər döydürməklə, gözəllik üçün dişlərini yonmaqla, qaşları aldırmaqla, ön dişlər arasında məsamə yaratmaqla və digər belə işlər üçün xarici görünüşlərini dəyişdirməyə aiddir ki, bunlar şeytan azdırmalarının nəticəsidir. Rəhmanın yaratdıqlarının öz simalarını dəyişdirməsi Onun yaratdığından narazı olmağı və Onun müdrikliyini əskiltməyi bildirir. Belə adamlar güman edirlər ki, onların əlləri ilə yaratdıqları Rəhmanın yaratdığından daha yaxşıdır və bununla da Onun qədəri və hökmlərindən narazı qaldıqlarını göstərirlər.
Bu həmçinin qullarının mənəvi simasının təhrif edilməsinə aiddir. Uca Allah onlara təkcə Ona ibadət etmək, həqiqəti qəbul etmək və ona üstünlük vermək kimi təbii bir qabiliyyət bəxş etmişdir. Lakin şeytanlar insanları hər tərəfdən əhatə edərək, onları bu gözəl keyfiyyətdən məhrum edir və onların nəzərində şərə, şirkə, kafirliyə, günahkarlığa və itaətsizliyə cəzbedici don geydirirlər.
Hər bir körpə tək Allaha ibadət etmək qabiliyyəti ilə doğulur, amma valideynləri onu yəhudiyə, xristiana, atəşpərəstə və ya başqa bir dinin tərəfdarına çevirirlər. Onlar Allahın insana verdiyi keyfiyyətləri dəyişir və onu tək Ona ibadət etmək, Onu sevmək və dərk etmək arzusundan məhrum edirlər. Şeytanlar öz qurbanlarına, sürüdən ayrı düşmüş qoyunlara vəhşi heyvanların və canavarların divan tutduğu kimi, divan tuturlar.
Əgər Allah Öz səmimi qullarına mərhəməti və səxavətini göstərməsəydi, onları da öz həyatını bu dünyada və Axirət həyatında da itirmiş və aldadılaraq azdırılmışların taleyi gözləyərdi. Onlar zərərli sövdə bağlayaraq kor-peşman qayıtdılar. Onların başına gəlmiş bütün müsibətlərin səbəbi öz Rəbbindən və Xaliqindən imtina etmələri və öz qatı düşmənlərinə tərəf üz döndərmələri idi, halbuki o, onlara həmişə bütün təzahür formalarında şər arzulayırdı. Məhz buna görə Allah buyurur ki, kim Allahın yerinə şeytanı özünə himayəçi seçərsə, onun ziyana uğraması artıq bəllidir. Ümumiyyətlə, öz dinini də, bu dünya həyatını da məhv edəndən, öz günahlarının və xətalarının qurbanı olandan, əbədi müsibətlər qazanaraq sonsuz səadətdən məhrum olandan də açıq-aydın və böyük bir ziyana düşən kim ola bilər?!
Lakin əgər insan ona havadarlıq edilməsi üçün özünün Həqiqi Havadarına müraciət edirsə və Onu razı salan şeylərə üstünlük verirsə, onda o, ən böyük nemət qazanır və əsil uğura nail olur. O, hər iki dünyada xoşbəxtlik əldə edir və gerçək zövq alır.
Ey Allah, Sənin verdiyinin qabağını heç kim ala bilməz və heç kim də Sənin vermədiyini kiməsə hədiyyə verə bilməz! Ey Allah, bizi də yönəltdiklərinin arasında doğru yola yönəlt və əmin-amanlıq bəxş etdiklərinin arasında bizə də əmin-amanlıq əta ət!


(120) “O onlara vəd verərək ümid oyadır. Halbuki şeytanın vədi aldatmaqdan başqa bir şey deyildir”.

Şeytan aldadıb yoldan çıxartmaq istədiyi kəslərə bol vədlər verir, həm də, bu vədlər arasında təhdidlər də ola bilər. Uca Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaqlıq törətməyi əmr edir” (Bəqərə, 2/268). O, insanları, Allah yolunda sədəqə verdikləri halda, kasıblaşacaqları ilə qorxudur. O, onları cihadda iştirak edəcəkləri halda öldürüləcəkləri ilə qorxudur. Uca Allah buyurur: “Bu şeytanın sizi köməkçiləri vasitəsi ilə qorxutmasıdır. Onlardan qorxmayın, əgər siz möminsinizsə, Məndən qorxun!” (Ali İmran, 3/175).
İnsanlar Allahın mərhəmətini qazanmağa hazırlaşanda, şeytan mümkün olan və mümkün olmayan nə varsa edir ki, onları qorxutsun və xeyirxah əməlləri həvəslə yerinə yetirməkdən soyudana qədər onları tovlamaqda davam edir. O, onlarda boş xülyalar oyadır ki, bunlar ilğıma bənzəyir və gerçəklikdən uzaqdır, bunu, onlara yaxından yanaşdıqda asanlıqla aşkar etmək mümkündür. Həqiqətən, onun bütün vədləri – ancaq aldatmadır.


Tarix: 20.04.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 556 Bölmə: Sureler
loading...