Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima...Yaqiwa Baxan(hekaye)

1.Duet

Yağış yağır. Pəncərədən baxıram. Mənə maraqlıdı yağış damlaları. Düşünürəm, görəsən hər yağış damlası bir insan olsaydı, necə olardı? Təsəvvür edin ki, küçələr göydən yerə zərblə çırpılıb parçalanmış miloyonlarca insan meyidi ilə doludur. Təsəvvür etdiz? Görəsən onları necə təmizləyərdilər. Və ya hər yağış damlasının yerinə milyonlarca pul tökülsəydi, insanlar yenə də pula acgöz olardılarmı? Pəncərəni bağlayıb televizoru yandırdım. Nə vaxtsa hansısa ölkədə yağan qurbağa yağışından danışılırdı. Yenə də küçələrə tökülən milyonlarca qurbağanı necə yığışdırılmasını düşündüm.
Statistika: 2007-ci ilin oktyabrında Haiti ən çox yağış düşən ərazi oldu. Burda yağış rekord həddinə çatmışdı.

ən yağışam. Alimlər məni sadəcə buludlara yığılan, sonra axmaqcasına insanların başlarına tökülən su yığını kimi izah edirlər. Və düz edirlər. Mən həqiqətən də buludlara yığılıb insanların başına axmaqcasına tökülən su yığınıyam. Sonra da yenidən axıb dənizlərə, okeanlara tökülürəm. Buxarlanıram. Bu da mənim həyatımdır. Amma heç bitmir bu əzablı səyahət. Ağıllı insanlar hesablayıblar ki, bir gün mənim həyatım da bitəcək. Bu, məni sevindirir. O anı səbirsizliklə gözləyirəm. Axı nə qədər yaşamaq olar. Özü də bu qəribə insanların üzərinə yağmaq yorub artıq məni. Bəzi yerlərdən xoşum gəlir. Yağıram hey. Amma mənə nifrət edirlər. Dualar oxuyurlar ki, onların başına yağmayım. Bəzi yerlərdəsə illərlə dua edirlər ki, yağım. Torpağı isladım. Çox uzatmayım. Elə məni arzuladıqları yerə səyahətim var bu gün. Əzizlərim, getməzdən əvvəl sizə kiçik bir sirr açım. Mənim bəzi insanlardan xoşum gəlir. Onlar qəribə və romantik adamlardır. Mən yağanda evlərindən çıxıb dururlar damlaların altında. Mən də onları islatmağı sevirəm. Hə, getdim. Tələsirəm. Sən də ey qəribə romantik, bəsdi islandın.

2. Anaya məktub

Salam ana. Necəsən? Ümid edirəm yaxşısan. Mən də yaxşıyam. Burada havalar hələ istidir. Ana, bilmirəm nə yazım, nədən yazım. Yox, belə alınmır. Bilirsən, saxtalığa nifrətim var. İndiyə qədər heç vaxt yalan danışmamışam sənə. İndi isə utanmazcasına sənə yaxşı olduğumu yazıram. Həyat insana nələr öyrədirmiş. Mən yaxşı deyiləm. Hətta ağlayıram. Səbəbini desəm, heç bilmirəm necə qarşılayacaqsan. Bir neçə saat əvvəl işdən gəlib televizoru açdım. Məşhur bir müğənni pişiyinə ad günü keçirirdi. Hələ tort da, üstündə bəzəkli şamlar da vardı. İnsanlar zəng vurub pişiyin ad gününü təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırdılar.
Ana, bu gün mənim 25 yaşım olur. Ad günümdü. Çox təkəm. Ətrafımdakı uğursuz, həyatdan küsmüş insanlarsa heç öz ad günlərini xatırlamırlar. Anacan, axı bu…. Yox, bu heç haqsızlıq da deyil. 25 yaşım olur, amma insan olmaqdan başqa heç kiməm. Heç nə etməmişəm bu 25 ildə. Bilsən necə paxıllığım tutur buzda sürüşən qıza. 21 yaşı var, çempiondu, buz üstündə gözəl musiqilərə rəqs edir, uçur. Mənsə bu yarımqaranlıq otaqda, çürümüş pəncərəinin qabağında oturub yeganə yaxınıma – sənə məktub yazıram.
Ana, yorulmuşam. İnanmazsan nə qədər yorğunam. Niyə doğmusan məni? Ona görə ki, boynuma övlad borcu damğasını yapışdırıb, ömür boyu səni qoruyum? Gəncliyimi küləklərə verib səni təmin edim? Hə? Məhv etmisən həyatımı. İndi bax, 25 yaşımı yad ölkədə, heyvan kimi işləməklə keçirirəm. Səbəb – yad ölkədi deyib mənimlə qalmaqdan imtina edən və hər məktubunda məndən şikayətlənib incidiyini biruzə verən qadını təmin etməkdi.
Dünən qonşumuzun qızının toyu idi Ağappaq gəlinlikdə idi. Yadındamı, mən balaca idim, sandıqdan öz gəlinliyini çıxarıb deyərdin: “Toyunda bunu geyəcəksən”. Yox, əlbətdə xatırlamırsan. Niyə hələ də yaşayırsan axı, ana?!
Çox qəribədi, daha heç kimə və heç nəyə həsəd aparmıram. Arzum da yoxdu. Bütün gözəlliklərdən o qədər uzaqlaşmışam ki, onlar mənə aid deyilmiş kimi hiss edirəm özümü.
Ah ana, saçlarım da tökülür. Daha o ipək kimi uzun saçlarım yoxdu. Dünən kəsdim hamısını. Əllərim də ki, cod – kişi əli kimi. Qocalıram, ana. Bəlkə də bütün bu həssaslığım orta yaş dövrünə yaxınlaşmanın depressiyasıdır. Qocalıram, ana. Gəncliyimi yaşamadan.
Hərdən düşünürəm, kaş bir övladım olaydı. Atası heç olmayaydı. Mənim atam atmasaydı məni.. Bu kaşlar onsuz da heç nəyi dəyişmir. Bir qızım olaydı. Hər gün saçlarını darayıb toplardım. İşdən gəlib dizimin üstə oturdar, nağıllar danışardım ona. Qızımla iki rəfiqə kimi gəzərdik. Ana, sən bunların heç birini etmədin mənimçün. Ya da bir oğlum olsa, dost olsaq onunla. Ana, mən edə bilərdim bunu. Bilirsən niyə etmədim? İllər sonra övladımın mənə, bu rəngsiz həyata, çürümüş otaqlara, doğuluşuna lənət yağdırmasını istəmədim. Yəqin oxuyub həmişəki kimi “ tikanlısan, sancıb ürəyimi əridirsən” deyəcəksən.
Vaxtdı. Getməliyəm. Amma işə yox. Həyatımın yeganə şərəfli addımını atmağın zamanı gəldi. Hara getdiyimi gizlətməyəcəm. Körpüyə gedirəm. Özümü çaya atmağa. Acılarımı soyuq sularla söndürməyə. Çox sevirdim oranı. Boz həyatımın yeganə rəngli hissəsi.
Xahiş edirəm, ana, əgər ürəyində az da olsa analıq vicdanı varsa, ağlayıb, ağı demə mənə. Mən zavallı insanam. Bütün o qarışıq və kədərli həyatımdan sonra lütf edib məni buna layiq bilmə. Heç olmasa ruhumu azad burax. Mən nə ölürəm, nə də intihar edirəm. Özüm sakitcə qərar vermişəm ki, sənin və bütün bu çirkinliklərin olduğu dünyadan imtina edim. İncimə məndən. Ağlaya, kədərlənə də bilmirəm. Bunlar üçün belə, yorulmuşam. Ölmək ölməkdirsə, xırıldamaq nə deməkdir demişlər. Düz demişlər. Məktubumu sakit oxu, yaxşı? Bir də, bir də, yenə bir daha bağışla məni. Öpürəm. “
Məktubu zərfə qoyub bağladı. Qapı döyüldü. Poçtalyon idi. Ona zərf uzatdı. “ Yenə dözməyib, tez yazıb məktubu”.
Açmaq istəmirdi zərfi, qorxurdu. Qorxurdu ki, birdən anasının məktubunu oxuyub yumşalar ürəyi. Divara söykəndi. Bir az düşünüb açdı zərfi.
“ Salam. Bu məktubu sizə qonşunuz X… yazır. Dünən axşam ananız vəfat etdi. Gec gələ biləcəyinizi nəzərə alıb dəfn etdik. Başınız sağ olsun. Evin açarları…”
Zərfi parça-parça etdi. Göz yaşları içində boğulurdu. Məktub bu gün gəlmişdi. Deməli bir həftə əvvəl…
Divarları yumruqladı. Başını qapının çərçivəsinə vurdu. Qanlar içində qaranlıq küncə çökdü.
- Ana, sən əclafsan. Heç vaxt düşünmədin məni. İndi belə, özünü düşünüb, məni qabaqladın. Ana, niyə sevmədin məni hə? Axı yaxşı övlad idim mən. Bunlara layiq deyildim. Niyə tək qoydun axı məni?!
Bir az da ağlayıb susdu. Başını divara söykəyib yatmışdı.

3. Oyunbaz

Süni saçlarını götürdü kohnə kamodun əyilmiş siyirtməsindən. Birçəkləri ağarmış saçlarını arxadan bağladı. Qırmızı rəngli tüklərinin yarısı tökülmüş taxma saçlarını başına taxdı. Dırnaqlarını qırmızıya boyadı. Nəfəsi ilə üflədi ki, tez qurusun dırnaqlarındakı boya. Qırmızı corablarını səliqə ilə açdı, yeni tikilmiş yamaqlarını əlləriylə sığallayıb ehtiyatla geyindi. Yumru qırmızı pambıq topu burnuna taxdı. Üzünü rənglədi. Zal bomboş idi. Addımlarının səsi boş zalda qəribə səslənirdi. Bir anlıq durdu. Sükut onu üşəndirdi. Gözlərini yumdu. Əvvəl alqış səsləri gəldi, sonra uşaq qışqırtıları. Gözlərini açdı. Zal dolmuşdu. Üzünü zala çevirdii, baxdı. Əlindəki dolu içki butulkasını başına çəkdi.

Statistika: Orta hesabla 20 faizi kişi həftəlik içmə vərdişi daşıyır. Spirtli içki qəbul edənlərin 50 faizi köklükdən əziyyət çəkirlər. Orta hesabla içkiyə adətən 13 yaşından başlayırlar, marixuanaya isə 14 yaşdan.

Maşınların işıqları gözünə düşürdü. Gözləri qamaşırdı. Başı ağrıyırdı. Harda olduğunu, onu hara apardıqlarını bilmirdi. Fikirlərini qaydaya salmalıydı. Səsləri onsuz da uzaqdan eşidirdi. Hər şey çox dumanlıydı. “ Hə, deməli belə, gündüz sirkin direktoru mənə dedi ki, çox içirəm. Artıq bu işə yaramıram. Başa düşmürəm, o bunu niyə mənə dedi. Keçən dəfə səhnədə yıxılmamı nəzərdə tutursa, buna səbəb içkili olmam deyildi. Düzdü, həmin gün yaxşıca vurmuşdum. Amma mən heç vaxt keflənmirəm. Ayağım ilişdi səhnədəki lənətəgəlmiş mikrafonun naqilinə. Halbuki mən o qədər də içki düşkünü deyiləm və işimi sevirəm. Sonra evə gəldim. İçdim. Səhnə geyimlərimi geydim, sonra da…”
Yanındakı qara geyimli qadına baxdı.
- Mənim ailəm.
- Sevgim.

4. Yuxu

O qaçırdı. Var gücüylə. Nəfəsi kəsilirdi. Şaxtalı külək üzünü yandırırdı. Qar dənələri gözlərini yaşardırdı.
O söyürdü. Ətrafda, hər yerdə gördüyü bütün gəlincikləri, saxtaları. Söyüşlər o qədər iyrənc idi ki, ürəyi bulanırdı. O qədər nifrət dolu idi ki, dişləri titrəyirdi.
O döyürdü. Ayağı altındakı torpağı, dünyanı təpikləyirdi. O durdu. Nəfəsini sakitləşdirdi. Başını aşağı salıb, diz çökdü. Körpə, balaca mavi ləçəkli çiçək vardı qarşısında. Gözləri doldu. Üzü mülayimləşdi.
Qarşıdan gələn qəfil maşın onu əzdi. Dodaqları möhkəm sıxıldı bir-birinə. Qalxdı. Üstünün iyrənc palçığını təmizlədi. Çiçəyi əlində sıxıb məhv etdi. Və qaçmağa davam etdi. Davam etdi söyməyə insanları. Davam etdi döyməyə dünyanı.
Nəfəsi bitirdi. Fasilə lazım idi. Kənarda bir daşın üstündə oturdu. Siqaret çıxardı. Tüstünü içinə çəkdikcə düşündü ki, görəsən niyə sehrli siqaret yoxdu. Çəkəsən və bitdikcə yenidən uzana. Amma siqaret bitdi. Kötüyü ayaqqabısının dabanıyla əzdi.
Və… davam. Ora vaxtında çatmalıydı. Gecikmək olmazdı. Gözləyirdilər onu.
Əllərini açdı.
Qışqırdı:
- Mənim dərdim var. Dərdim. Mən xoşbəxtəm.
Gülümsədi öz zarafatına. Çatmışdı. Böyük dəmir qapını açdı. İrili, xırdalı daşların arasından keçdi. Budur, üstünə adı, doğum tarixi və bu günki tarix yazılmış daş. Onu kənara çəkdi. Qazılmış kiçik yerə, yatağına uzandı. Rahat nəfəs aldı və uyudu.
Ocaq yanırdı. Ulduzlar yanırdı. Kəndli tütək çalırdı. Külək əsirdi. Çiçəklər qətl edilirdilər.
Yuxudan ayıldı. Qan-tər içindəydi. Mətbəxə keçdi. Soyuq su içdi.
“ Yox, belə olmayacaq. Axı bu nə həyatdı, yuxularım məndən daha xoşbəxtdir. Getməliyəm. Ora. Axı mən məktubda yazmışdım. Getməliyəm!”
İsti geyindi. Düşündü, axı nəyə lazımdı isti geyinməsi. Amma geyindi. Çox sevdiyi yerə – körpüyə getdi.
Ölüm nədir? Ölüm son deyil ki… Ölüm sevmədiyin həyatdan imtina edib, onu başqasında dəyişməkdir. Ölüm günah deyil ki… Ölüm dünyada ən gözəl hiss… Heç sınamısız gözlərini yumub dərindən nəfəs almağı? Bir az sonra o nəfəsi itirəcəyinizi hiss edərək nəfəs almağı sınamısız? Ölüm anında insanlar nə xoşbəxt olur, nə bədbəxt. Nə həyacanlı olurlar, nə sakit. Ölümə az qalmış ətrafındakı hər şey dayanır. Barmaqlarımızın ucundan axıb gedən həyat, gözlərimizdən süzülən həyat. Sənə yaxınlaşan, yanından keçən, söhbət edən insanlar da digər dünyada olur artıq. O dünyada ki, sən daha orda yoxsan. Heç nə düşünmürsən. Təəssüflənmirsən arxada buraxdıqların üçün. Bezmisən üzülməkdən. Yorulmusan özünə acımaqdan. Bir azdan hər şey bitəcək. Sonun və ya yeni başlanğıcın həyacanı da yox içində. Bir azdan əllərini açacaqsan, uşaqlıqdan arzuladığın kimi- quş olub uçacaqsan. Sonuncu və ilk uçuşun olacaq sənin bu xilasın. Sular səni bürüyəndə, bir anlıq, sadəcə bir anlıq soyuğu hiss edib üşüyəcəksən, sonra gülümsəyəcəksən. “ Hə, bitdi” deyəcəksən qəlbində. Və bu sənin son sözlərin olacaq. Dəfn olunduğun sulara yağışlar yağacaq, göylərin sənə ağladığını zənn edəcəksən. Qar yağacaq, üzərinə qoyulan ağ çobanyastığı zənn edəcəksən. Ölüm budur. İntihar budur.

Statistika: Hər il dünyada 1 000 000 insan intihar edir. Əhalisi ən çox intihar edən ölkələr siyahısına 280 min nəfərlə Çin liderlik edir. Ruslar 60 min, amerikalılar 30 min nəfərlə ikinci, üçüncü yerləri tutur. İntiharların 41 faizi naməlum, 19 faizi cəza qarşısında qorxu, 18 faizi ruhi xəstəlik səbəblərindən baş verir.

İçkiliydi təlxək. O da sərxoş idi. Yenidən doğulmuşdu. Əl-ələ tutdular. Qaçdılar gülə-gülə.
- Siz, Yalquzaq xanım, Təlxək bəylə ailə həyatı qurmağa razısız?
- Razıyam.
- Siz, Təlxək bəy, Yalquzaq xanımla ailə həyatı qurmağa razısız?
- Razıyam.
- Sizi ər-arvad elan edirəm.
Təlxək “karuselə gedək” dedi. Yalquzaq skripka dinləmək istədi. Təlxək skripkanı çaldı. Skripka barmaqlarında ağladı. İçdilər.

5. Şərab və cümlə

Bu gün sənin şərəfinə içdim. Skripka səsi gəlirdi şərab dolu badəmdən. İçkini qoxlayıb, səni təsəvvür edirdim. Bir halə kimi ətrafımı bürüyən qoxunu düşünürdüm. Darıxıram, əzizim. Mən dahi romantikəm.
Sənin adını çəkdim, içkini sənin sağlığına içdim. Gözlərim zövqdən yumularkən səni düşündüm. Badənin soyuq divarları dodaqlarıma toxunurkən hiss etdim səni. İsmin daxilimdəydi. İçki beynimi dumanlandırırdı. Sənsə… Mən dahi romantikəm.
Gözlərim dolurdu. Pəncərəmdən damlalar süzülürdü üzü aşağı. Mən kefliyəm, əzizim. Skripka, içki dumanlandırdı beynimi. Bir sən yoxdun yanımda. Sözlərini eşitmirdim, hm, amma bilirsən, skripka səsini əvəz edirdi. Gözlərini görmürdüm, güzgü sənin gözlərini göstərirdi. Əllərin bədənimi qucaqlamırdı, sığallamırdı. Üzülmə, əllərim sənin əllərini əvəz edirdi. Dodaqlarım darıxırdı. Badənin divarları soyuq idi. Saçlarım tökülürdü. Nə qədər yaşlı olduğumu bundan bilirdim. Mən dahi romantikəm.
Körpüdəki ilk görüşümüz yadındadır? Məni ölümdən xilas etmişdin. İndi heç nə məni sənsizlikdən xilas etmir. Darıxıram, ölümünə darıxıram. İndi ölüm arzulayıram. Bəlkə yenidən gəldin, xilas etdin məni deyə. Bu nədir? Yox, mən ayıldım. Bu olmamalıdır. Mən kefli olmalıyam. Səni köksümdə daşımaqçün. Sənə həyatımı, məni necə içkidən xilas etmək istədiklərini danışmayacam. Səndən sonra həyatım olmadı ki… Mən təkəm. Yalquzaq. Xatırladın? Mən dahi romantikəm.
Yadına gəlir, bəyaz, uzun saçlarını qarışdırmağı sevərdim. Həyatımızı bitirməkçün getmişdik o gün körpüyə. Yenidən başlamaqçün əl-ələ tutduq. Sən bacarmadın. Əllərimi boş qoydun. Mən də bacarmadım ölməyi. Unutdum, həyatı, sevinci, gülüşü, insanları. Hər şeyi. İndi isə skripka ağlayır, dodaqlarımda qan qırmızısı, əlimdə içki. Səni xatırlayıram. Səni yaşayıram. Səni sevirəm. Dünya tərəfindən unudulmuş olsam da. Mən dahi romantikəm.

Epiloq

Yağış kəsmişdi. Amma damlalar hələ də pəncərəmdən süzülürdü. Dinlədiyim “Secret Garden” qrupunun “Adagio” əsəri də bitmişdi. Bu əsərin başqa adı “skripka ağlayır” deyirlər. Mənsə tərpənmədən hələ də pəncərədən baxırdım. Səsi məni diksindirdi.
- Səni belə kədərli bilmirdim.
O qədər məsum görünüşü vardı ki, ona toxunmaya bilmirdim. Yaxınlaşıb barmaqlarımı uzun, sarı saçlarına keçirdim. Bundan xoşu gəlirdi. Gözlərini yumdu. Amma yalnız bir anlıq. Nəyisə xatırladı:
- Səni tənqid edə bilərəm? – utandı. Bilirdim, belə vəziyyətdə “mən axı güclü tənqidçi deyiləm ki, onu tənqid edəm “ deyə düşünürdü.
Keçib qarşısında oturdum:
- Əlbətdə, edə bilərsən.
Gözlərinin içinə baxırdım. O qədər təmiz mavi idi ki, o gözlərdə boğulmaq istəyirdim həmişə. Bir dəfə ona bunu dedim. Qorxmuşdu. “Bir də mənə belə şeylər demə “ demişdi. Onu sevirdim. Sakit, səssiz mələk idi.
- Səncə statistikalar artıq deyil?
Gülümsədim. Gülüşümü sevirdi. Deyirdi gülümsəyəndə gözəl oluram. Başımı buladım.
- Artıq deyil.
Təəccüblə üzümə baxdı. Yəqin düşünürdü ki, burada gülməli nə var axı.
- Bir də, onlar kimdi?
- Onlar? Sən onları tanımazsan.
- Bəs təlxək öldü?
- Hə.
- Yalquzaq tək qaldı?
- Çayını iç.
Çayını içib sakit-sakit otaqdan çıxdı. Mənə mane olmaq istəmirdi. Yenidən pəncərənin önünə qayıtdım. Dumanlanmışdı. Uşaqlıqda pəncərənin dumanında yazılar yazmağı sevirdim. Yazdım.
“ Mən Yalquzağam. Çox sağ ol, mənə onu hədiyyə etdin. Səni daim sevəcəm. “ Sonra qorxdum, oğlum oxuya bilərdi. Sildim yazını. Amma bilirdim ki, o oxuyub.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 426 Bölmə: Sevgi varmı?
loading...