Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş sülalə. Ermənistan tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda, Azərbaycan tarixində də mühüm rol oynamış, müstəqil Sünik çarlığının hökmdarları bu sülalədən olmaqla yanaşı, Arranilər sülaləsinin banisi Arran da Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Sünik sülaləsi həm Qafqaz Albaniyası, həm Atropatena, həm də Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur.
Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır.
Etnogenezi
Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının “əfsanəvi ilk hökmdarı sayılan” Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır:
“Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər.”
VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, “Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar.” R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, “Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu.” F.Məmmədova qeyd edir ki, “Moisey Kalankatlı ilk Albaniya hökmdarı Arranın Sünik sülaləsindən olduğunu qeyd etsə də, bu sülalənin etnik mənşəyi ilə bağlı heç nə qeyd etmir. Lakin mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Sünik sülaləsi yerli sülalə olmuşdur.” Sünik sülaləsini yerli sülalə hesab edən K. Trever qeyd edir ki, “sonrakı dövrdə Qafqaz Albaniyasının siyasi həyatında iştirak etməsinə baxmayaraq, Sünik ilk alban qəbilə ittifaqlarına daxil olmamışdır.”
Sünik vilayəti müxtəlif dövrlərdə Ermənistanın , Atropatenanın və Qafqaz Albaniyasının tərkibində olmuş, Sünik sülaləsinin nümayəndələri hər üç ölkənin zadəgan sülalələri ilə qohumluq əlaqələri yaratmışlar. Mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı və Arranilər sülaləsinin banisi olan Arranın da Sünik sülaləsindən olduğunu qeyd edirlər.
Tarixi
Sünik sülaləsinin ilkin tarixi haqqında məlumatlar çox azdır. Sülalə Maarifçi Qriqorinin təbliğatə nəticəsində xristianlığı qəbul etmiş, daha sonra Maarifçi Qriqorinin Kesariyada təbliğatı dövründə Sünik sülaləsinin nümayəndələri onu müşayət etmişlər.
Sünik vilayətinin Böyük Ermənistan və ya Qafqaz Albaniyasının tərkibində olduğu və ya müstəqil olduğu dövrlərdə Sünik sülaləsinin nümayəndələri bu vilayətin hakimləri olmuşlar. İstər antik, istərsə də orta əsrlər dövründə Sünik Qafqazın ən güclü sülalələrindən biri olmuşdur. Sünik knyazları gümüş taxtda oturur, mirvarilərlə bəzədilmiş tac taxır, zadəganlıq göstəricisi kimi qırmızı ayaqqabı geyinirdilər. Sünik knyazlarının sülalə nişanəsi qabanın təsviri əks olunmuş üzük-möhürləri olurdu.
Sülalənin ailə əmlakı Sünik vilayətinin Tsux havarında Şaqat və Vayots-Zor havarında Yexeqis kəndləri, sonrakı dövrdə isə Qafan ərazisi hesab edilirdi. Qaxnamaka (taxt-məhkəmə reystri) əsasən Sünik knyazı erməni aristokratları cədvəlində hökmdardan sonra birinci yerdə qərarlaşmışdır. Zoranamakda (hökmdarın hərbi reystri) isə göstərilir ki, Ermənistan hökmdarından sonra ən böyük hərbi qüvvə (19400 süvari) Sünik knyazlarına məxsus olmuşdur. F. Məmmədova qeyd edir ki, 387-ci ilə qədər Ermənistan ordusuna başçılıq edən bdeşx – sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar.
Tarix: 02.02.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qafqaz Albaniyası