Zərgərlik
Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir.
Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Qolbaqların ön kəsiyi dairəvi yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbaqlar yalnız bəzək şeyləri deyil, həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.
Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir - bunlar formaca bir-birindən fərqlidir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi. Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir.
Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, əsasən Roma bəndləri çoxdur.
Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir. Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli sənətkarlar üçün xammal mənbəyi idi. Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.
Azərbaycanın bu dövr zərgərlik sənəti məhsulları çeşid çoxluğu, yüksək sənətkarlığı və zənginliyi ilə fərqlənir. Albaniyanın metalişləmə və daşişləmə sənəti məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə, zərgərlik sənəti əsas etibarilə yerli bədii ənənələr zəminində inkişaf edirdi. Azərbaycanın antik dövr zərgərlik məmulatı üçün səciyyəvi olan bir çox bəzək ünsürləri və bədii formalar sonrakı yüzillərdə daha da təkmilləşdi. Bu cəhət özünü Mingəçevirdə aşkar edilmiş VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada I—III əsrlərin məmulatında daha çox təsadüf olunan arxaik forma - bir-birinə lehimlənmiş "buğdaların" əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası ilə yerinə yetirilmiĢdir: əgər əvvəllər "buğda" bilavasitə sırğanın qulpuna lehimlənirdisə, bu dövrdə artıq "buğda" ilə sırğanın əyrisi arasında içi boş kürəcik yerləşdirirdilər.
Zərgərlikdə əqiqdən geniş istifadə edilirdi. Qafqazda ta qədimdən bu daşın ecazkar gücünə inam vardı. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daşların yaratdığı estetik təsir gücündən istifadə etməyə çalışırdılar. Sallama qızıl tanalar çox vaxt qaş üçün işlədilən daşların müxtəlif formalarını nümayiş etdirmək xatirinə hazırlanırdı. Üçkünc, ellipsvari, dairəvi, düzbucaqlı və dig həndəsi formalı rəngarəng daşlar sırğaların dekorativ-bədii şəkli müəyyənləşdirirdi. Sonralar zərgərlik məhsullarının kompozisiyası sadələşsə də çeşidi artırdı. "Yarpaq" sırğa ürək formasını alır. Belə qaşın yerləşdirildiyi çərçivənin yanlarında hər birinə muncuq salınmış dörd qızıl qarmaqcıq bənd edilirdi. Şimali Azərbaycan zərgərləri başqa bədii-texnoloji üsuldan da istifadə edirdilər: daşı çərçivəyə salınır, bununla onun plastik formasını və rəngini daha qabarıq nəzərə çarpdırırdılar. Əgər əvvəllər qaş qızıl məmulatının ayrı-ayrı quruluş ünsürlərinin bədii formasını daha qabarıq göstərmək xatirinə qoyulurdusa, sonralar metal detallar daşın formasından asılı olmağa başladı.
Daşişləmə
Dekorativ tətbiqi incəsənət abidələri arasında mühüm mövqelərdən birini daş üzərində naxışaçma - qliptika tuturdu. Üzərində təsvirlər və yazılar olan müxtəlif qiymətli və yarıqiymətli daşlardan məmurlar, hakimlər, yüksək vəzifəli şəxslər, əyanlar və kahinlər möhür kimi istifadə edirdilər. Azərbaycanda tapılmış və qiymətli mineral daşlardan (əqiqdən, xalsedondan, ametistdən, lazuritdən, yəşəm daşından) düzəldilən gemmaların (üstündə yazı və şəkil qazılmış qiymətli daşların) üzərində daha çox heyvan və quş şəkilləri, əyanların və kahinlərin portretləri, mərasim səhnələri, bəzən isə yırtıcılar tərəfindən otyeyən heyvanların parçalanması səhnələri vardır. Mingəçevirdə tapılan möhürlərin üzərində uzanmış qoyunlar, Şamaxıda tapılan möhürlərin üzərində kişi büstü təsvir edilmişdir. İstifadə edilmə məqsədlərinə görə hələ antik dövrdən üç cür gemma düzəldilirdi: möhürlər, bəzəklər və göz muncuqları. Bəzən bir gemma hər üç məqsədi güdürdü. Möhür kimi işlədilən gemmalar məktubların, rəsmi sənədlərin təsdiq edilməsində istifadə olunurdu. Möhürlərin şəkilləri mal taylarının, bu və ya digər ustanın hazırladığı məmulatın üzərinə vurulur, bununla da məhsulun keyfiyyəti təsdiq edilirdi. Arxeoloji qazıntılar ölkəmizin ərazisində xeyli möhür şəkli (bullalar) aşkar etmişdir. Bu möhürlərdə insan, müxtəlif heyvanlar (zebu, maral, qoyun, it, şir və s.) quşlar (xoruz, qartal, göyərçin), əqrəb, fantastik varlıqlar (qanadlı öküz, peqas-qanadlı at və başqa əfsanəvi məxluqlar), müxtəlif bitkilər, atəşpərəstlik mehrabları, göy cisimləri, müxtəlif işarələr və s. təsvir edilmişdir. Bu rəsmlərin əksəriyyəti rəmzi məna daşıyırdı və dini etiqadla bağlı idi. Buna görə də həmin təsvirləri zərdüştiliyin müqəddəs kitabı olan "Avesta"ya illüstrasiyalar kimi qiymətləndirmək mümkündür. Albaniya ərazisində süjetli möhürlərin tez-tez tapılması, görünür, Sasani hökmdarlarının yerli əhali arasında atəşpərəstliyi yaymaq cəhdləri ilə əlaqələndirilir.
Daş üzərində bədii oymanın gözəl nümunələri Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır. Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür. Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeşidli divar bəzəklərinin - buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.
Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən - üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir. Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarix Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur. Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.
Ağacişləmə
Azərbaycan ərazisində qədim tarixli ağacişləmə sənətinin bu nümunələri az tapılsa da, əldə olunan nümunələr ağac üzərində oyma ustalarının yüksək məharətinə sübut edir. VI- VII əsrlərə aid taxta qablar yan-yana düzülmüş romb və ya üçbucaqlarla naxışlanırdı. Təsvir etdiyi səhnəni zənginləşdirmək üçün usta düzəltdiyi məmulatın dairəvi forması və hamar səthindən bacarıqla istifadə edə bilirdi.
Pirsaatçay vadisindəki IV-V əsrlərə aid edilən qədim qəbiristanlıqda aparılmış qazıntılar zamanı daş qutu qəbirlərdə aşkar edilmiş oyma naxışlı taxta qədəh dövrün ağacişləmə sənətinin nümunəsidir. Mingəçevirdə tapılmış taxta təknə üzərində oyma üsulu ilə naxışlanmış "maralların qaçışı" rəsmi də maraqlıdır. Burada erkək maral dişi maralı təqib edir. Bu səhnə təknənin üzərində iki dəfə təkrar olunur. Onların arasındakı boşluqda isə göylərin neməti olan axar sular və məhsuldarlığı təcəssüm etdirən quş təsviri verilmişdir. Bu simvolika sümük darağın üstündə həkk edilmiş Maral (Kassiopeya) bürcünün və məhsuldarlığın rəmzi hesab edilən maralın rəsminə uyğun gəlir. Bütün kompozisiya yuxarıdan və aşağıdan çoxsaylı maili kəsiklər vasitəsilə romba oxşar naxışlarla əhatələnmişdir. Buradakı heyvan təsvirləri olduqca real verilmişdir.
III-VII əsrlər dövrünün plastik sənətində ustalığın artması nəzəri daha çox cəlb edir. Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmış qazıntılar zamanı tapılmış iki relyefin kompozisiyası çox plastik və ifadəlidir. V-VI əsrlərə aid olunan bir relyef yazılı daş üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış "müqəddəs" baftalı iki tovuzquşu təsvir olunmuşdur. Onları bir-birindən "müqəddəs" ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuş atlı təsvir edilmişdir. Atlının başını və atın ayaqlarını təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin paltarının əksi relyefin həyatiliyini təsdiq edir. Göründüyü kimi, o dövrün bəzi metal və keramik məmulatında olduğu kimi, burada da sasani motivli süjetdən istifadə edilmişdir. K. V. Treverin fikrincə, bu dövrdə artıq xristianlığı qəbul etmiş albanlar öz incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzənmiş, xristian simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quşlarını və s.) qoruyub saxlamışdılar.
Sümükişləmə
Qafqaz Albaniyasında sümük üzərində oyma sənəti də geniş yayılmışdı. Mingəçevirdə aparılmış arxeoloji qazıntılar III-IV əsrlərə aid edilən sümük daraqları aşkar etmişdir. Daraqlardan birinin üzərində məhsuldarlıq ilahəsini təmsil edən maral təsviri vardır. Darağın o biri üzünü hərəsində üç konsentrik dairə, eləcə də şimşək və ildırımın rəmzi olan nöqtəli qoşa dolanbac xətti və nöqtələri olan üç sıradan ibarət naxış örtür. Yerli inama görə, darağın bu naxışları onun sahibini bədnəzərdən qoruyurdu.
Həmin dövrə aid edilən digər sümük daraq günəşi əks etdirən iki üfüqi zolaqda yerləşdirilmiş konsentrik dairələrlə naxışlanmışdı. Darağın qoç buynuzu şəklində düzəldilmiş qulpu da iki konsentrik dairə ilə bəzədilmişdi. Darağın özü oyma xətlərlə haşiyələnmiş və səkkiz qrup konsentrik dairələrlə bəzənmiş iki üfüqi hissəyə ayrılmışdı. Darağın əks tərəfi hamardır. Təsərrüfat və məişətdə işlədilən taxta əşyalar da oyma naxışlarla bəzədilirdi.
Bədii şüşə
III-VII əsrlər incəsənətinin maraqlı növlərindən biri də bədii şüşə sənəti idi. Qədim Azərbaycanda şüşə istehsalı üçün zəruri olan zəngin xammal - kvarslı qum, soda, əhəng, meşə materialları, oda davamlı gil ehtiyatları və s. kifayət qədər idi. Metal emalının artması da şüşə istehsalının inkişafına təsir göstərirdi. Arxeoloji qazıntılar nəticəsində əldə edilən şüşə kürələrin varlığı, istehsal çıxarları, yarımfabrikatlar və s. Azərbaycan ərazisində istehsalın bu sahəsinin geniş yayıldığını sübut edir. Həmçinin məlum olur ki, erkən orta əsrlərdə burada şüşəni iki texnoloji üsulla - daha qədim tökmə və üfürmə üsulları ilə hazırlamışlar. Bədii şüşə məmulatı nümunələri (kuzə formalı şüşə qablar, vazalar, piyalələr, dərman və ətir qabları, qədəhlər, kuboklar, müxtəlif bəzək şeyləri) Mingəçevirdə, İsmayıllıda, Şamaxıda, Gəncədə, Qəbələdə, Yuxarı Qarabağda və başqa yerlərdə aşkar edilmişdir.
Azərbaycan ərazisində eramızın III əsrinə aid edilən ən qədim şüşə qab Mingəçevirdə tapılmışdır. Şüşə, bədii baxımdan daha təsirli material kimi gemmaların hazırlanmasında, qadın bəzəklərinin dekorativ ünsürlərində, qaların istehsalında tətbiq edilirdi. Arxeoloqların Azərbaycanda aşkara çıxardığı şüşə tapıntıları zaman keçdikcə həm yerli bəzək şeylərinin, həm də qabların çeşidlərinin müxtəlifləşdiyini, onların bədii dəyərinin artdığını sübut edir. IV Əsrdən başlayaraq möhürlər, VII əsrdə halqalar, daha sonra bilərziklər meydana çıxır. Vazalarla yanaşı, IV əsrdən başlayaraq yerli piyalə və kuzələrin, V əsrdən isə qədəhlərin istehsalı artır. Qadınlar üçün yumru, yastı, tilli bilərziklərlə yanaşı, eşmə üsulu ilə hazırlanan bilərziklər göy, yaşıl, sarı, qəhvəyi, qara və s. rəngli şüşələrdən düzəldilirdi. Belə bilərziklər dairəvi və ya üçbucaqlı en kəsiyinə malik idi. Bəzi şüşə qolbağıların ucları ilan başı formasında da hazırlanırdı.
Bədii şüşə ustaları keramikanın mütərəqqi bədii xüsusiyyətlərinə yaradıcılıqla yanaşır, özlərinin orijinal formalarını yaradır, məmulatın naxışlanmasının yeni üsullarını kəşf edirdilər. Şüşə məmulatında dekorativ bəzək olan toxunma və qabırğavari naxışlar ərazimizdə səciyyəvi olduğu üçün, onun mövzusu, çox güman ki, ya yerli əhalinin hazırladığı keramika nümunələrindən, ya metal əşyalardan, yaxud da o dövr toxuculuğundan alınmışdı. Qabların müxtəlif ölçülərdə olması isə sübut edir ki, şüşəbişirən sənətkarın müxtəlif ölçüdə qəlibləri və bunlara münasib basmaları olmuşdur. Üzəri toxuma naxışlı şüşə qablar Azərbaycanın, xüsusilə onun şimal hissəsi olan Albaniyanın ilk orta əsrlər dövrü üçün səciyyəvi qab nümunələri olduğundan bunlara qazıntılar zamanı daha tez-tez təsadüf olunur. Bu qabların çoxu V-VII əsrlərin daş qutu və küp qəbirlərində aşkar edildikləri üçün tədqiqatçılar bu tip əşya nümunələrini məhz həmin dövrə aid edirdilər. Alimlərin müəyyənləşdirdiyinə görə, istehsal edilən yerli bədii şüşə məmulatının keyfiyyət baxımından təkmilləşməsi və kəmiyyətcə artması nəticəsində gətirilmə kuzə və vazalar IV əsrdən etibarən yerli qablarla əvəz olunmuşdur.
Tarix: 02.02.2015 / 14:11 Müəllif: Feriska Baxılıb: 193 Bölmə: Qafqaz Albaniyası