Həyatı
Sasani-Bizans müharibəsindən istifadə edən Albaniyanın əhalisi 603-604-cu illərdə Sasani hakimiyyətinə qarşı üsyan qaldırdı. Üsyan Sasani şahı II Xosrov (591-628) tərəfindən amansızcasına yatırıldı. Bir çox görkəmli alban zadəganları öldürüldü və əsir düşdü. Yalnız alban katalikosu Viro (595-630) şahənşahın xristian arvadı Şirinin himayəsi sayəsində sağ qaldı. Şahzadə Şirin " çoxlu cəhdlərdən sonra onun (Viro) həyatını bəxşiş kimi şahdan aldı". Lakin buna baxmayaraq II Xosrov belə bir şərt qoydu ki, Viro ömrünün sonunadək "öz ölkəsinə qayıtmasın və sarayda nəzarət altında qalsın. O,(Xosrov) Vironun patriarx gəlirini əlindən almadı və onu katolikos titulundan məhrum etmədi".
Katalikos Viro ev dustağı ikən II Xosrovdan Mehranilər sülaləsindən olan alban knyazlarına "Girdiman hakimləri və Albaniya knyazları" titulu verilməsi barədə fərman ala bilmişdir.
II Qubad hakimiyyətə gələndən sonra yerli alban hakimləri birlikdə (onların əksəri öldürülmüş, bəziləri isə ölkədən sürgün edilmişdir) üsyanda günahlandırılan və 25 illik həbsdə qalan alban katalikosu Viro azad oldu. Sarayı tərk edib vətəninə gələn Viro öz tabeliyində olan kilsələrin qarşısında səcdə edib, qapı və döşəmələrini qucaqladı, sel kimi göz yaşı axıdıb diz üstə yerdə süründü. O, yerdən qalxıb ruhlanaraq yanındakılara da təskinlik verir və Allaha şükür edirdi ki, şirin pəncəsindən onu qurtarıb ona imkan verib ki, o yenə də öz kilsələrinin tağ-tavanlarını görə bilsin.
Üçüncü Fars-Türk müharibəsi dövründə Böri Şada təslim olmuşdu.
Viroya elə gəlirdi ki, bərk ayaqda qaçmış olan canişin Sema, İrandan böyük bir ordu götürüb onun köməyinə gələcəkdir. Lakin onun bu ümidi boşa çıxdı. Başı tac uğrunda mübarizəyə qarışmış Sasani hökmdarları Azərbaycanı tamamilə yaddan çıxarmışdılar. Ona görə də Viro ölkəni xilas etmək üçün xəzərlərlə danışıq aparmağa başladı. Xəzərlərlə danışıqla yanaşı Viro xüsusi qasid vasitəsilə İrana məktub göndərib, onlardan kömək istədi.
Şahdan cavab gələnə qədər Viro düşmənin elçilərini öz yanında saxladı, onlara bir qədər gümüş verib müxtəlif bəhanələrlə ləngitdi. Bəzən onlara: "Mən ölkənin bütün əyanlarını və bütün vilayətlərini çağırıb onlarla birlikdə sizin çarınıza cavab məktubunu yazacağam"- deyir, bəzəndə:" Onların hamısının gəlməsinə ehtiyac da yoxdur. Mən özüm çarınıza layiq məktub yazıb qiymətli hədiyyələrlə birlikdə göndərərəm"- deyirdi.
Xəzərlər Vironun taktikasını tez başa düşdulər, buna görə də danışıqları kəsib Albaniyadakı müxtəlif vilayət və kəndləri, su axarı və çayları, bulaq və meşələri, dağ və dərələri qabaqcadan püşk ilə öz aralarında bölüşdürdülər və hamılıqla müəyyən bir vaxtda dağıdıcı basqınlarına başladılar.
"Düşmənlərin basqınına keçilməz Artsak vilayətinin qayalı dağları və daşlı dərələri də dözə bilmədi. Bizim gunahlarımız ağır yolları onlar üçün yüngül etdi və onların atları büdrəmədən dağları asanliqla aşırdılar. Düşmənlər katalikosa çatıb oxlarını ona tərəf tuşladılar. Lakin öz ilə daşıdığı müqəddəs xaçın anılmaz bərəkəti onu düşmənlərdən qorudu və o gün ona düşmən əli dəymədi"
Yenə də onun yanına Xəzər elçiləri gəlib ona Şadın bu sözlərini çatdırdılar: "Mənim dediklərimə əməl etsən onda sən özün də, sənin ölkən də və ölkəndə kim sağ qalıbsa- hamınız xilas olunarsınız. Əgər rədd cavabını versən, onda mənim əmrimlə səni tutub istəyindən asılı olmayaraq yanıma gətirəcəklər"
Şadın bu hədəsinə cavab olaraq Viro ölkəni talan və qarətlərdən qurtarmaq məqsədi ilə zadəganları, vilayət başçılarını, ordu başçılarını, din xadimlərini və başqalarını Caraberd qalasına ( qala Torağaçay çayının Tərtər çayına töküldüyü yerdə çay səthindən təxminən 1500 m hündürlükdə bina edilmişdir. Xarabalığı Ağdərə rayonunun Çardaxlı kəndi yaxınlığındadır.) toplayıb, yığıncaq keçirdi.Yığıncaqda ölkənin taleyi həll olunurdu. Məsələ kəskin idi. Ya ölkəni tabe etmək, yaxud da ciddi müdafiə tədbirləri görmək lazım idi. Hərtərəfli müzakirədən sonra qüvvələrin nisbətini ölçüb-biçdikdən sonra məclis iştirakçıları Vironun təklifi ilə ölkəni, əhalini amansız qırğından xilas etmək üçün məsələnin sülh yolu ilə həllini qərara aldılar.
Viro toplananların hər birinə təklif etdi ki, öz maddi vəziyyətinə uyğun olaraq onun yanına "qızıl, gümüş və paltar" gətirsinlər, həm də xəbərdarlıq etdi ki, hər kəs xəsislik edib öz sərvətini gizlətməsin, çünki Albaniyanın müqəddaratı həll olunurdu.(1, səh 52) Elə həmin gün böyük hədiyyələr yığan Viro, bir dəstə adlı-sanlı adamla Şadın hüzuruna getmək qərarına gəldi. Bu zaman Şad və onun qoşunu Bərdə şəhəri yaxınlığında məskən salmışdı. Vironun gəlişini eşidən Şad ona təntənəli qəbul düzəltdi. Danışıqlar zamanı Şad xəzərlər tərəfindən əsir alınmış çoxlu kişi və qadınları, hətta erməni və gürcü əsirlərini belə azad etdirdi.
Danışıqlar zamanı Şad katalikos Viroya bu sözləri dedi: "Sənin ölkənə bir basqınıma görə mən sənə əsirlərlə və mal-qara ilə iki qat verəcəyəm. Çünki mənim atam bu üç ölkəni – Albaniyanı, Lpini və Çolanı əbədi olaraq almışdır"
Xəzərlərin Albaniya üzərinə etdikləri dağıdıcı basqınlar nəticəsində ölkə demək olar ki, tamamilə dağıdılmış, yerli əhali isə bu dağıntıdan əziyyət çəkirdi. Bunun da məntiqi nəticəsi olaraq ölkəni aclıq və xəstəlik bürüdü və bu da ölkəyə böyük fəlakətlər gətirdi. Bu mənbədə belə qeyd olunur:
"O zaman hər şeyi didib parçalayan siçovullar gəlib ayaqlarımız altında qaynaşır, tarlalarımızın bütün məhsulunu və bütün bitkiləri yəyib həzm edirdilər. Sonra üç qəddar sərkərdə- Aclıq, Taun və Ölüm birləşib, əlbir hücum edərək insanları məhv edib biçirdilər və heç bir adam son təsəllisinə, günahlarının bağışlanmasına layiq görülmədi, çünki Taun mane olur, Aclıq əzir və Ölüm isə boğurdu"
Ölümü
Katalikos Viro 630-cu ildəki epidemiya zamanı öldü. Bu haqda Mxitar Qoş yazır:Xeyirxahlığı ilə parlayan pak insan Katolikos Vironun həyatı bu cür sona çatdı.
Teoloji mövqeyi
Albaniya kilsəsi məhz katolikos Vironun hökmranlığı dövründən etibarən Xalkedon kilsə yığıncağı mövqeyində idi. Buradan aydın görünür ki, xristianlıq Albaniyada yayıldığı zamanlarda yerli əhali antixalkedon (monofizit) dini etiqadına inam bəsləmişlər.
Şəxsi keyfiyyəti
Viro dahi və müdrik bir insan olub fəlsəfənin mahir bilicisi kimi tanınırdı. Şaha və əyanlara müdrik nəsihətlər verməkdə onun dili sürətlə yazan bir qələm idi. Onun sadə və təvazökar danışığı əyanların xidmətçiləri və sadə insanlar tərəfindən çox asan başa düşülürdü. O, filosoflar kimi danışır və onların nəsihətamiz ibarələrindən statlar gətirirdi. Mirvari saf qızıl sapına düzüldüyü kimi o öz hikmətli sözlərini şifahi şəkildə deyirdi. O, II Xosrovun sarayında qaldığı 25 illik dustaqlıq illərində fars dilinə tərcüməni böyük məharətlə və bacarıqla mənimsəmişdi.
Tarix: 30.01.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 662 Bölmə: Qafqaz Albaniyası