Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhl ibn Sunbat - Mülkü

Tarixi mənbələr Səhl ibn Sunbatın əsas hakim olduğu ərazinin Şəki olduğunu qeyd edirlər. A. Y. Krımski belə güman edir ki, "Kür çayının o tayında, yəni sağ sahilindəki bəzi knyaz sülalələri ilə Səhlin, bəlkə də, çox qədimdən qohumluq əlaqələri var idi". Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur. F. Məmmədova yazır ki, Səhl, Bazarçay – Həkəriçay hövzəsində yerləşən strateji cəhətdən vacib Şəki vilayətinin hakimi olmuşdur və bu Şəki vilayətinin Kür çayından şimalda yerləşən Azərbaycanın Şəki şəhəri ilə heç bir əlaqəsi yoxdur.

Dinəvərinin verdiyi məlumata görə, "o zaman (837-ci ildə) Araz boyunca uzanan torpaqlara Səhl ibn Sumbat malik idi". Ət-Təbəri qeyd edir ki, Babək Bəzzin süqutundan sonra, son arvadı Sünik knyazı Vasakın qızı İbnət əl-Kalandaniyyənin təkidi ilə Bizansa qaçmaq qərarına gəlmişdi. Onun yolu Səhlin mülkü Şəkidən keçirdi, sonra Sünikdən keçib Bizansa getməli idi. Babək ərzaq cəhətdən korluq çəkdiyi üçün gizləndiyi yerdən çıxanda, Səhlin sərhəd mühafizləri onu görür və dərhal Babəki gördükləri yerə gəlirlər. Babəkin qardaşı Abdulla ehtiyat üçün K.tiş qalasına göndərilmişdi; bu qala Beyləqan hökmdarı Yesai Əbu Musanın mülkü idi. əl-Məsudinin verdiyi məlumata görə, Araz Əbu Musanın mülkü ilə "Babək-Bəzzayn ölkəsi" arasında sərhəd idi.

V. F. Minorski də belə hesab edir ki, Səhl Babəki Kür çayından cənubda, yəni Babək müvəffəqiyyət qazandığı illərdə onunla bilavasitə əlaqə saxlaya bildiyi yerlərdə tutub əsir etmişdi. Y.A.Paxomov bir cəhətə diqqət verərək, Azərbaycan və Arran yaşayış məntəqələri üçün orta əsr coğrafiyaşünaslarının göstərdiyi koordinatları tutuşdurub qeyd edir ki, "yalnız Şəki üçün aydın fərq vardır; odur ki, Şəkini çox vaxt güman etdikləri kimi Azərbaycan Respublikasının Şəki rayonunda deyil, başqa yerdə axtarmaq lazımdır."

Babək Bazarçay-Həkərəçay məcrasında tutulmuşdu. Azərbaycandan Ermənistana gedən yolun üstündə bir "dərə" olan bu yer Səhl ilə İsa ibn İstifanusun torpaqları arasında sərhəd idi. Şəki qalasının xarabalıqları, Bazarçayın sol sahilində eyni adlı indi mövcud olan böyük bir kəndin yaxınlığında, Darvazatəpə dağının üstündədir; bu da çayın vadisinə enməyin qabağını tutan bu dağ Naxçıvandan Biçənək aşırımı vasitəsi ilə Arranın içərilərinə gedən yeganə yolu bağlayır.

Tarixşünaslıqda
Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Münaqişələrin tədqiqi və nizamlanması üzrə Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri doktoru V. A. Şnirelman "Yaddaş müharibələri. Cənubi Qafqazda miflər, identiklik və siyasət" adlı kitabında qeyd edir ki, "Azərbaycanda orta əsrlər erməni dövlət xadimlərinin, o cümlədən Səhl Smbatyanın alban kimi qələmə verilməsi tendensiyası vardır." .

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə isə qeyd edir ki, "V. A. Şnirelmanın kitabına əsasən, müasir Azərbaycanda yaşayan azərbaycanlılar planetimizdə real mövcud olan hər hansı ərazi ilə tarixən bağlı deyillər. Seçdiyi tədqiqat metodikasına istinadən müxtəlif tədqiqatlardan konseptual mövqeyinə uyğun birmənalı olmayan fraqmentləri kompilyasiya və tarixçilərin əsərlərindəki ziddiyyətlərlə oyunbazlıq edərək, məntiqi yolla oxucuya azərbaycanlıların başqa xalqlarla, o cümlədən kitabda daim qarşı-qarşıya qoyduğu ermənilərlə müqayisədə hər hansı əraziyə, dövlətçiliyə, dilə və mədəniyyətə tarixi hüququnun yoxluğunu təlqin edir. Lakin əsas tədqiqatları heyvandarlıq, yığıcılıq, ovçuluq, balıqçlıq, istehsal təsərrüfatı, heyvanların, o cümlədən itlərin əhliləşdirilməsi tarixinə həsr edilmiş V. A. Şnirelmanın heç vaxt tədqiq etmədiyi Qafqaz tarixi, Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti və Azərbaycan türklərinin etnogenezi haqqında bu cür cəsarətli fikirlər söyləməsi ən azı elmi məsuliyyətsizlikdir. Təkcə bir fakt - bütün dünyanın qədim türk-oğuz dastanı kimi qəbul etdiyi, Azərbaycan dilində yazıldığı şübhə doğurmayan "Kitabi Dədə Qorqud" eposunun V. A. Şnirelmanın kitabında əslində fars dilində yazılması və Heydər Əliyevin göstərişi ilə Azərbaycan dilinə tərcümə edilərək qədim türk eposu kimi təqdim edilməsi fikrini səsləndirməsi onun fikir bildirdiyi mövzulara nə qədər yaxından bələd olduğunu və hansı sifarişləri yerinə yetirdiyini göstərir."


Tarix: 30.01.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Qafqaz Albaniyası
loading...