Paqan dinlər
Xristianlıq dan əvvəlki dövrlərdə alban tayfalari arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuş, lakin bunların əksəriyyəti sonradan xristian məbədlərinə çevrilmiş, bir qismi isə ərəblərin Azərbaycana yürüşləri zamanı dağıdılmışdır. Həmçinin Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur.
Strabonun verdiyi məlumata görə Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələriindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb.
Qəbir abidələrndən isə daha çox üzəri aypara ornamentləri ilə naxışlanmış əşyalar tapılıb ki, bu da Ay İlahəsi Selenanın işarələridir. İlahəyə sitayiş alban maddi mədəniyyət nümunələrində tez-tez rast gəlinən həyat ağacı ilə də bağlıdır.
Strabonun yunan adları ilə adlandırdığı eyni tanrılara sitayiş olunması sübut edir ki, farsların, madayların, ermənilərin və Qafqaz albanlarının oxşar panteonları varmış. Lakin hər bir millət ayrılıqda fərqli tanrılara üstünlük verirdi (məsələn albanalar Selenaya).
Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı məzarlardan başı və ətrafları kəsilmiş gil heykəlciklər tapılmışdır. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna oxşar adət Orta Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.
Xristianlıq
Qafqaz Albaniyasında xristianlıq eramızın 54 – 57-ci illərində apostol Müqəddəs Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır.
Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.
Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.
Xristianların I-II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən sonra həvarilərdən Müqəddəs Fomanın, Müqəddəs Andreyin, Müqəddəs Varfolomeyin, həvari Müqəddəs Fomanın qardaşı Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs Faddeyin şagirdləri – Müqəddəs Yeliseyin və Marın adları ilə bağlıdır.
Bu həvarilər və onların şagirdləri Suriyada (mərkəz – Antioxiya), kiçik ellin dövləti olan Osroyenada (mərkəz – Edessa), Nisibində, Mesopotamiyada (İkiçayarasında), Kiçik Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda (Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – Gürcüstanda, Albaniyada təbliğat aparırdılar.
Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir:
"Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü".
— Moisey Kalankatlı, I, VI
Alban tarixçisi Moisey Kalankatlı daha sonra yazır:
"Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında ...digər həvarilərə danışır... Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı Müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür".
— Moisey Kalankatlı, I, VI
Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I—II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi "Şərq", "Şərq ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir.
Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV-V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır.
Xristianlığın "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri "siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir.
Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı.
Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi. VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian Kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazmışdı:
"Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar".
Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir:
"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".
Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir:
Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım – addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar. Erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür. Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.
Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, "erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar"
İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır".
Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban Həvari Kilsəsi öz varlığını 1836 – cı ilə kimi qoruya bilmişdir. Lakin 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. Bununla belə, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir.
Dəfn adətləri
Qədim qəbir abidələrinin tədqiqi Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks etdirən zəngin material vermişdir. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur.
Ölülər dördkünc, dəyirmi, ovalşəkilli torpaq qəbirlərdə, küplərdə, taxta qutularda, saxsı təknədə, çiy kərpicdən hörülmüş qəbirdə, daş qutularda, habelə katakombalarda dəfn edilirdi. Məsələn, Nüydü, Qəbələ, Yaloylutəpə, Uzunboylar üçün torpaq qəbirlər, Qaraköbər qəbiristanı üçün küp qəbirlər, Göygöl üçün (Gəncə yaxınlığında) çiy kərpicdən hörülmüş qəbirlər, Mollaisaqlı üçün saxsı tabutlar səciyyəvi olduğu halda, Şamaxı və Mingəçevir məzarıstanlarındabir qəbiristanın hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif arxeoloji mədəniyyətləri də bir-birindən ayırmaq mümkündür. Məsələn, ölünün bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər müstəqil arxeoloji mədəniyyət kimi ayrılmış və ilkin aşkara çıxarıldığı yerə görə, "Yaloylutəpə mədəniyyəti" adını almışdır.
Bu mədəniyyətin keramikası üçün ən səciyyəvi tiplər üçqulaq, uzun novçalı, yumru gövdəli, lentvari qulplu, yaxşı bişirilmiş qara və ya qırmızı rəngli, bir və üçayaqlı qablardan ibarətdir. Sonralar bu mədəniyyətə mənsub qəbirlər və keramika Albaniyanın bütün ərazisində üzə çıxarılmışdır. Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır. Ölüləri qəbirə az və ya çox bükülmüş vəziyyətdə qoyurdular; oturmuş vəziyyətdə, sağ və ya sol böyrü üstə dəfn etmək hallarına da rast gəlinir. Adətən qəbrin ölçüləri dəfn edilən şəxsin ölçülərindən böyük götürülürdü; bəzən eni 2 metr və uzunu 4 metrə qədər olurdu. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların cəmdəkləri də qoyulurdu. Məsələn, İsmayıllı rayonunun ərazisində yerləşən Uzunboylar qəbiristanının eramızdan əvvəl III-II əsrlərə aid qəbirlərinin birindən 70 saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Burada 7 bütöv qoyun-keçi skeleti, bir bütöv inək skeleti və i.a. da vardı.
Torpaq qəbirlər alban dövrünün bir çox abidələrindən – Mingəçevirdə, Yaloylutəpədə, Qəbələdə (Qəbələ rayonu), Xınıslıda, Çıraqlıda (Şamaxı rayonu), Nüydüdə, Qırlartəpədə (Ağsu rayonu), Torpaqqalada (Qax rayonu), Uzunboylarda (İsmayıllı rayonu), Kişdə (Şəki), Şəmkirdə, Xuçbalada (Quba rayonu), Tarkidə Qarabudaqkənddə, Şarakunda (Dağıstan), Alazan çayının vadisində və başqa yerlərdə olan abidələrdən məlumdur. Adlarını çəkdiyimiz bütün abidələri səciyyələndirən ümumi cəhətlərlə yanaşı, bəzi məhəlli xüsusiyyətlər də vardır. Məsələn, Mingəçevirdə qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq, o cümlədən keramika, dəmir silah və əmək alətləri, bəzək şeyləri, sikkələr, möhürlər və i.a. vardı. Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan verir.
Ölülərin çox bükülü vəziyyətdə dəfn edildiyi torpaq qəbirlər Yaloylutəpədə, Nüydüdə, Xınıslıda üzə çıxarılmışdır və əsasən eramızdan əvvəl III-I əsrlərə aiddir. Adı çəkilən abidələr arasında Nüydü xüsusi yer tutur. Burada keramika ilə yanaşı, çoxlu nizə ucluqları və bir tunc dəbilqə də tapılmışdır. Nüydüdə zəngin bər-bəzək dəsti – qolbaqlar, üzüklər, asma bəzəklər, boyunbağılar, qadın tacları (çələngləri) aşkar edilmişdir. Qəbirlərin birindən yerli ustalar tərəfindən zərb olunan sikkə dəfinəsi tapılmışdır. Maddi mədəniyyətin qeyd edilən bütün kateqoriyaları yerli ustaların məhsuludur.
Qədim Şamaxı, Qəbələ, Bərdə və b. qəbiristanların öyrənilməsi zamanı üzə çıxarılmış gümüş və qızıl məmulatı diqqəti cəlb edir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə hazırlanan iki gümüş piyalə tapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən təsəvvür yaradan silah və bəzək şeyləri də aşkar edilmişdir.
Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyi rayonlarda, Kür çayının sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpə xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur.
Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn edilməsidir. Bu dəfn adətinin İsmayıllı rayonunda Mollaisaqlı, Hacıhatəmli və Qalagah kəndləri ətrafında, Qəbələ rayonunda, Quşlar və Savalan kəndlərinin yaxınlığında, habelə Şamaxı rayonunda yayıldığı öyrənilmişdir. Saxsı təknə yaxud tabutlar əsasən bir-biri ilə birləşən iki hissədən ibarətdir; divarlarında bir neçə kiçik deşik vardır. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur, uzunsovdur, oval və ya dördbucaq şəklindədir; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə qoyulmuşdur. İstiqamət müxtəlifdir, lakin sifət əksər hallarda şərqə tərəf yönəldilmişdir.Avadanlıq əsasən baş hissədə, mərhumun üzü qarşısında və ayaq tərəfdə qoyulmuşdur. Tabutlardan kənarda zərif düzəldilmiş saxsı qablar yerləşdirilirdi. Qəbirlərin içərisində şüşədən, pastadan, mərmərdən və i.a. hazırlanan çoxlu muncuq, habelə tunc qolbaqlar, üzüklər, müxtəlif asma bəzəklər və maral təsvirli metal lövhə aşkar edilmişdir. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir.
Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmat-massaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında qismən yayılmışdır.
Katakombalarda olan taxta qəbirlərdə maddi mədəniyyətin yüksək inkişaf səviyyəsini əks etdirən zəngin dəfn avadanlığı vardı. Bu tip qəbirlər eramızın I-IV əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər bir qayda olaraq qoşa dəfn edilir, onlar üz-üzə, bükülmüş vəziyyətdə, başları cənub-şərqə tərəf qoyulurdu.Dəfn avadanlığı taxta qəbirin həm içərisində, həm də bayırında yerləşdirilirdi; ona keramikadan əlavə, dəmir qılınclar, xəncərlər, bıçaqlar, gümüş piyalələr, qızıl və gümüş zinət şeyləri, üzük-möhürlər və i.a. daxil idi. Bu tip qəbirlər zadəgan zümrəni əks etdirir.
Albaniyanın maddi mədəniyyəti qəbir tikililərinin başqa bir tipində -Xanlar rayonunda, Mingəçevirdə, Sabirabad rayonu ərazisindəki Cəfərxan kəndinin yaxınlığında tədqiq edilmiş çiy kərpic qəbirlərdə də öz əksini tapmışdır. Ölünün tək dəfn edilməsi bu qəbirlər üçün səciyyəvidir. Burada ölü arxası üstə uzadılırdı. Bu tip qəbirlərdən əldə edilən materiallardan bəlli olur ki, onlar iki eranın ayrıcına və eramızın ilk əsrlərinə aiddir.
Alban mədəniyyəti
Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Həmin əşyalar müxtəlif – həm qiyamətli, həm də adi materiallardan hazırlanmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları öz məhsuldarlığı ilə diqqəti cəlb etmişdir.
Alban bütləri
Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir.Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.
Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, "Alban tarixi" əsərində Artsak bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan "öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir".
Alban bütləri Avrasiyanın "daş babalar" şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildir. Albaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər. Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e. ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e. ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır.
Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi. "Alban tarixi" əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə "hörüklülər xalqı" adlandırılmışlar. Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış "köçərilərə" yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq keçmişdə Avrasiya "köçəriləri" ilə eyni kökdən intişar taparaq sonralar müstəqil tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir.
Bu gün Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi qaranlıq olaraq qalmaqdadır. . Hələ 1973-cü ildə Qarabağda qeydə alınmış 10 heykəl məlum idi Bu heykəllərdən 7 ədədi Canyataq kəndi yaxınlığında tapılmışdır. Canyataq heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası yanında, açıq səma altında saxlanılır. Sonrakı araşdırmalar nəticəsində Ağdam rayonu ərazisindən isə səkkiz ədəd alban daş bütləri aşkarlanmışdır.
Tarix: 02.02.2015 / 14:04 Müəllif: Feriska Baxılıb: 396 Bölmə: Qafqaz Albaniyası