Monumental heykəltəraşlıq Qafqaz Albaniyası plastik sənətinin maraqlı növlərindən biri idi. Gil və tunc heykəlciklər, daş heykəllər və s. bu qrupa daxildir. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Buna oxşar adət Orta Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi. Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntılarından da məlumdur. Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur. Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir.
Albaniyanın monumental heykəltəraşlığı arxeoloji tədqiqatların gedişində əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından hazırlanmışdır və adamı boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur. Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri (gözlər, burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır. Daşdan yalnız monumental heykəllər deyil, həm də kiçik fiqurlar yonulur və onların üzərində müxtəlif təsvirlər həkk edilirdi. Şamaxıda alban tətbiqi sənətinin maraqlı abidəsi tapılmışdır. Bu abidə ağ əhəngdaşından hazırlanan, qədəhə oxşayan zəngşəkilli bir qabdır. Onun içi boş olan gövdəsi bayır tərəfdən çökək ornamentlə örtülmüşdür. Çəpəki və sınıq xətlərlə haşiyələnmiş kompozisiyanın mərkəzində bir- birinin dalınca sıra ilə gedən beş heyvan - təkə, donuz, bəbir və aydın nəzərə çarpan iki maral fiquru yerləşdirilmişdir. Qədəhin yuxarısı üç qabarıq başcıqla - kişi, qadın və it başcıqları ilə qurtarır. İsmayıllı rayonu ərazisində Uzunboylar məskənində də üzərində zoomorf təsvirlər olan daş piyalə tapılmışdır. Həm də buradakı maral təsvirləri, ornament motivləri qədim Şamaxıda tapılmış qədəhdə olan maral təsvirlərinə və ornament motivlərinə bənzəyir. Haqqında danışılan qabların hər ikisi eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur. Demək lazımdır ki, plastik materialda, torevtika əsərlərində, qliptikada çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün səciyyəvidir.
Tarix: 02.02.2015 / 14:16 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Qafqaz Albaniyası