Moisey Kalankatlının müəllifi olduğu "Alban ölkəsinin tarixi"ndə Qafqaz Albaniyası katolikosu IV Davudun (822-853) həmdövrü olmuş hansısa Şəki hakimindən bəhs edilir, amma həmin Şəki hakiminin adı çəkilmir.
D. L. Musxelişvili bildirir ki, Heretinin şimal hissəsi Suceti vasitəsiylə İberiya çarlığına, daha dəqiqi Kaxeti (və Kuxeti) əyalətinə birləşdirilmişdir və bu ərazi gürcü mənbələrində ən geci IX əsrdən başlayaraq Kaxeti adlanır. L. Mroveli yazır ki, IV əsrdə çar Mirian Kaxeti və Kuxetini oğlu şahzadə Revə verdi və onu Ucarmada yerləşdirdi.
Osman ibn Əffanın xəlifəliyi dövründə (644-656) isə ərəblər Salman ibn Rəbiənin konandanlığı altında Qafqaz Albaniyasına da hücum etmiş, Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə Şəkkən (Şəki) və Kəmibəranın hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışlar .
740-750-ci illərdə ərəb istilaçılarına qarşı mübarizədə göstərilən qəhrəmanlığa görə, Kartli hakimi (erimstavari) Arşil Heretinin idarəsini zadəgan sülaləsi olan Baqrationilərə tapşırmışdı. Son Kartli hakimləri İohann və Cuanşerin ölümündən sonra, Hereti hakimləri müstəqilliklərini elan edərək, 787-ci ildə paytaxtı Şəki şəhəri olan müstəqil knyazlığın əsasını qoydular. Mənbələrdə bu knyazlıq Hereti knyazlığı və ya Şəki knyazlığı adlandırılır. 893-cü ildə Arranşahik sülaləsindən şahzadə Qriqor Hammamın hakimiyyətə gəlməsindən sonra knyazlıq çiçəklənmə dövrünü yaşamışdır. Qriqor Hammamdan sonra hakimiyyətə onun oğlu II Atrnerseh gəlmişdir. Həmin dövrdə Hereti knyazlığının güclənməsi qonşu gürcü hakimlərini narahat edirdi. Buna görə də, Kaxetiya knyazlığının hakimi I Kvirike (892-918) 915-ci ildə Abxaziya hökmdarı III Konstantin ilə birləşərək Hereti hakimi II Atrnersehə (897–943) qarşı müharibə elan etdi. Birləşmiş gürcü hərbi qüvvələri Heretini tutaraq parçaladılar. Lakin qısa müddət sonra II Atrnerseh itirdiyi bütün əraziləri geri qaytararq birləşdirdi. II Atrnersehin varisi İşxanik (943-951) knyazlığı Klarjeti (918–941) knyazı IV Qurgenin bacısı olan anası Dinarla birgə idarə etmişdir. Onların hakimiyyəti dövründə Hereti Azərbaycanda hakimiyyətə gəlmiş Salarilər sülaləsindən vassal asılılığını qəbul etməli olur. 950-ci ildə Salarilər dövlətindəki feodal çəkişmələrindən edən İşxanik müəyyən edilmiş vergiləri ödəməkdən imtina edərək, müstəqilliyini bəyan edir.
İşxanikdən sonra hakimiyyətə gələn İohann Sənəkərimin (951-959) dövründə keçmiş Qafqaz Albaniyasının şimal-qərb torpaqları hesabına Heretinin ərazisi bir qədər də genişlənir. İohann Sənəkərimin ölümündən sonra yerli sülalə başa çatır və Hereti Kaxetiya hökmdarı II Kvirikenin (929–976) hakimiyyəti altına düşür. Daha sonra Hereti David (976-1010) və gürcü kralı III Baqratın mübarizə meydanına çevrilir. Lakin Heretini gürcü krallığına tabe etmək daha sonra hakimiyyətə gəlmiş III Böyük Kvirikeyə (1010–1037) qismət olur və o, 1020-ci illərdə Heretini özünə tabe edir. 1104-cü ildə Qurucu David Gürcü krallığında hakimiyyəti əlinə aldığı zaman Hereti kraldan asılı bir knyazlıq olur. Lakin, Azərbaycanda Atabəylər dövlətinin qurulması ilə gürcülərin Hereti üzərində təsiri başa çatır. Daha sonra isə Hereti Elxanilərə tabe olur. XIV əsrdə artıq tarixə çevrilmiş Hereti ərazisi yarım müstəqil Şəki hökmdarlığının tərkibinə qatılır. Bundan sonrakı dövrdə Azərbaycanda hakimiyyəti ələ alan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər sülalələrinə tabe olur. XVIII əsrdə Hereti ərazisində Şəki xanlığı adlı feodal dövləti formalaşır.
Knyazları
İohann və Cuanşer - (787-)
Qriqor Hammam - Arranşah (865-893), Albaniya çarı (893-897)
II Atrnerseh - Albaniya çarı (897-943)
İşxanik - Albaniya çarı (943-951)
Tarix: 30.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Qafqaz Albaniyası