Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçə mahalı

Tarixi
Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.

Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.

Göyçə mahalı
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.

Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur və böyük kəndləri var idi.

İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır.


Tarix: 07.02.2015 / 13:54 Müəllif: Feriska Baxılıb: 181 Bölmə: Qərbi Azərbaycan
loading...