Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Subatan (Göyçə)

Tarixi
B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3-5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Bu ərazi kənd kimi isə 1883-cü ildən formalaşıb.

Göyçənin mənzərəli kəndlərindən biri olan Subatan kəndinin ərazisi 1800 hektar olub. Bunun 650 hektarı əkin, qalanı isə otlaq və biçənək sahəsi idi. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən Subatan cənubda Yuxarı Zağalı, şimalda Çaxırlı, Tüstülü, qərbdə Qızılvəng, Yarpızlı, şərqdə Daşkənd, Qırxbulaq kəndləri ilə həmsərhəd olub.

Kəndin kolxoz təsərrüfatı əsasən kökəltmə maldarlıq və tütünçülük olub. Əhali şəxsi təsərrüfatda mal-qara ilə yanaşı, kartof əkinçiliyi ilə də geniş şəkildə məşğul olub. Bunlardan başqa, burada xalçaçılıq da geniş yayılıb. İrəvan xalçaçılıq məktəbinin "Zəngəzur", Şirvan xalçaçılıq məktəbinin bir çox nümunələri və digər xalça növləri şəxsi evlərdə toxunub, dövlətə təhvil verilib. İndi ermənilər bu xalçaları dünyaya erməni əsərləri kimi təqdim edirlər.

Köçkünlük vaxtı sovxozda 3 DT-75 markalı traktor, 3 otbiçən, 3 presbağlayan, 3 kombayn, 3 otyığan, 4 qoşqu və əlavə olaraq 10-a yaxın müxtəlif texnika, 7 yük maşını, 2000 başdan çox iribuynuzlu heyvan qalıb. Şəxsi təsərrüfatda isə 1000-dən çox iribuynuzlu, 3000-dən çox isə xırdabuynuzlu heyvan qalıb.

Mədəniyyəti
Kənddə səkkizillik məktəb, kinoklub, kitabxana fəaliyyət göstərib.

Yer-yurd adları
Dərəağıl, Atyeyən, Topdaş, Təpədalı, Damqaya, Quzeylər, Qızılitənlər, Namazın əriştəliyi, Danaqırılan, Haçrax, Keşişin xamı, Düllək qayası, Dəvə qayası, Padişahlıq, Molla Salman, Qırğıngüneyi, Kartof yeri, Bığdey, Şəldilərin xamı, Siçanlı, Hacı Şaban, Quş ölən, Ziveydə qalan qaya, Xaxoy, Komsomol qayası, Hoyuq, Şaravan təpəsi, Bədəl dombağı, Qırma, Pollu ev, Kazımın çanağı, Seyidin kalafası, Yuxarı dərə, Qəribin dərəsi, Göy dərə, Tüstülünün komu, Qışqaşdı, Su tökülən, Tülkü yuvası, Suçıxan

Dağları
Qədimbiçən, Ocaqlı, Sarı təpə, Qul təpə, Qotur, Daşlı

Bulaqları
Xudat, Ağakişi bulağı, Bığdey, Məşədi Şərif bulağı, Suçıxan, Buzlu bulaq, Seyidin kalafası

Gölləri
Cilli göl, Bülbül gölü, Marat gölü, Ördəkli göl

Əhalisi
1988-ci ilə qədər əksəriyyəti oğuz-türk kökənli azəri-türkləri yaşayıb. Subatan kəndində irili-xırdalı 11 tayfa yaşayıb. Bunlar aşağıdakılardır: — Alcanlılar, Göyməmmədlilər (Qazaxlar-Göyməmməd), Şəldilər (Şahgəldilər), Seyidlər, Qarabağlılar, Süleymanlılar (Qazaxlar-Süleyman), Məşədi Qasımlılar, İmanlılar, Koralılar (Qazaxlar-marşalski Mustafa bəy), Mayıllılar, Qaravəlilər

1988-ci ilədək 84 ev və mindən çox əhalisi var idi.


Tarix: 06.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 273 Bölmə: Qərbi Azərbaycan
loading...