Həyatı
Rufik Afis oğlu İsmayılov 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında - Vardenis rayonunun Nərimanlı kəndində anadan olub. 1988-ci ildə erməni qəsbkarlarının yürütdüyü təcavüzkar siyasət nəticəsində öz el-obasından deportasiya edilib. Həmin tarixdən etibarən Bakı şəhərində məskunlaşıb.
1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbi bitirib. 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin (MAU) “Humanitar elmlər fakültəsi”nin Jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə ali təhsilini başa vurub.
2005-ci ildə Naxçıvan Dövlət Universitetinin (NDU) “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olub. 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
12.07.2007-01.07.2008-ci illərdə Gəncə və Bakı şəhərlərində həqiqi hərbi xidmətdə olub.
2011-ci ildən etibarən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Mətbuat tarixi” kafedrasının doktorantıdır.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı insan inkişafı” proqramı üzrə qısamüddətli ixtisasartırma kursu keçib.
Ailəlidir, iki oğlu var.
Fəaliyyəti
Əmək fəaliyyətinə 2003-cü ildə müstəqil ictimai-siyasi mətbuat orqanı olan "Azad Azərbaycan" qəzeti ilə əməkdaşlıqla başlayıb.
2005-ci ildən “525-ci qəzet”də müxbir vəzifəsində çalışıb.
2005-ci ilin avqustunda NDU-da Magistraturaya daxil olduğundan iş yerini də dəyişərək, Naxçıvan Muxtar Respublıkası (NMR) Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetində fəaliyyətini davam etdirib.
2007-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırıldığından öz ərizəsi əsasında işdən azad edilib. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “İctimai-siyasi verilişlər Baş Redaksiyası”nda Redaktor vəzifəsinə təyinat alıb.
2008-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilərək təkrar Bakı şəhərinə qayıdıb. 2009-2012-ci illərdə təkrar "525-ci qəzet"də müxbir vəzifəsində işləyib.
2012-ci il yanvarın 16-dan etibarən isə "Kaspi" qəzetində müxbir vəzifəsində çalışır.
Mükafatları
Rufik İsmayılov əmək fəaliyyəti dövründə müxtəlif seminarlara qatılıb. Müxtəlif vaxtlarda iştirak etdiyi fərdi jurnalist yazı müsabiqələrində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yeni Azərbaycan (YAP) və Sisial Rifah (ASRP) partiyalarının, Bakı Dövlət Universitetinin, “Avromed” MMC-nin, "Kaspi", "Xalq" qəzetlərinin diplom və mükafatlarına layiq görülüb.
Tarix: 05.02.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Qərbi Azərbaycan