Qadınlar üçün bütün dövrlərdə ən aktual problem üzün dərisinin vəziyyətidir. Xüsusilə, yaş bir qədər artdıqca, dərimizdəki dəyişikliklər bizi möhkəm təşvişə salır. Dərini gözəl saxlamaq naminə bütün üsullara əl atırıq. Hətta tanımadığımız bir şəxsin düşünmədən məsləhət gördüyü kremləri, maskaları istifadə etməkdən belə çəkinmirik. Bu məqamda ən yaxşısı kosmetoloqa müraciət etməkdir. Bundan başqa, kosmetologiya haqqında ensiklopediyalar, jurnallar və digər mənbələrdən də istifadə edə bilərsiniz.
Dərisindən bədgüman olan qadınlar üçün bir neçə professional resept təqdim edirik. Hazırladığınız məhsulları üzünüzə çəkməzdən əvvəl onu mütləq biləyinizin dərisində sınayın. Əks effekt görməsəniz, deməli, üzə keçmək olar. Reseptlərə daxil olan məhsulların hamısını şəhərimizin dükan və apteklərindən ucuz qiymətə əldə edə bilərsiniz. Ən əsası, məhsulları müddətindən artıq saxlamayın. Vaxtı keçmiş məhsul çox pis nəticələrə səbəb ola bilər. Əvvəlcədən qeyd edək ki, maskaları və kremləri evdə hazırlamaq istənilən baxımdan sərfəlidir. Bu, həm sizin cibinizə ziyan vurmaz, həm də hazırlanan məhsulun keyfiyyətinə əmin ola bilərsiniz. Üstəlik, bu reseptlərdə dəriyə ziyanlı olan heç bir məhsul yoxdur. Əgər tənbəllik etmədən ürəklə sizə uyğun gələn bir məhsulu hazırlamağa girişsəniz və ondan davamlı istifadə etsəniz, çox tezliklə nəticəni özünüz görəcəksiniz. Gözəl dəriyə sahib olmaq sizin öz əlinizdədir.
Normal dəri üçün qidalandırıcı və yumşaldıcı maska
2 qozun ləpəsini un şəkli alana qədər üyüdün. Hazır tozu şüşə qaba töküb üzərinə ərimə həddinə qədər yumşalmış 1 çay qaşığı kərə yağı və 1 yumurta sarısı əlavə edərək qarışdırın. Hazır kütləyə bir çay qaşığı duru bal əlavə edib tam hazır olana qədər çalın. Maskanı üzə çəkdikdən 20-30 dəqiqə sonra ilıq su ilə yuyun. Bu proseduranı həftədə 2 dəfə olmaqla 18 dəfə təkrar edin.
Quru və normal dəri üçün tənzimləyici maska
Şüşə qabda 1 yumurtanın sarısını 100 qram xama ilə qarışdırdıqdan sonra üzərinə 1 limonun qurudulumuş və toz halına salınmış qabığı əlavə olunur. Qarışığın ağzını örtüb 15 dəqiqə saxlayırlar. Bundan sonra məhlula 1 çay qaşığı bitki yağı da əlavə edilir. Hazır maskanı üzə qalın qatla çəkib quruyana qədər - təxminən 30 dəqiqə saxlayırlar. Maskanı ilıq cəfəri dəmləməsi ilə yuyurlar. Dəmləməni hazırlamaq üçün bir dəstə cəfəriyə 1 litr qaynar su əlavə edib 45 dəqiqə qapalı vəziyyətdə saxladıqdan sonra süzmək və soyutmaq lazımdır. Proseduru soyuq kompreslə tamamlamaq olar. Maskadan həftədə 2 dəfə olmaq şərtilə 20 dəfə istifadə edin.
Quru dəri üçün qidalandırıcı və yumşaldıcı maska
4 badam ləpəsini (mütləq şirin olmalıdır) un şəkli alana qədər üyüdün. Hazır tozu şüşə qaba töküb 1 çay qaşığı xama və 1 yumurta sarısı əlavə edib tam qarışdırın. Maskanı üzdə 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Həftədə 2 dəfə olmaqla 20 prosedur kifayətdir.
Yağlı dəri üçün qidalandırıcı və nəmləndirici maska
1 bananı şüşə qabda xama şəkli alana qədər əzdikdən sonra ona 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırın. Maskanı dəridə 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 20 gün ardıcıl olaraq maskadan istifadə edə bilərsiniz.
Quru və qocalmaqda olan dəri üçün krem
Emallı qabda qabıqdan və çəyirdəkdən təmizlənmiş 2 xurmanı 2 xörək qaşığı donuz piyi ilə tam qarışdırın. Sonra bura 1 yumurta sarısı, 1 çay qaşığı duru bal, 1 çay qaşığı bitki yağı əlavə edib yenə də qarışdırın. Hazır məhlul bircinsli olmalıdır. Sonra məhlulu qarışdırmaqda davam edərək üzərinə 1 çay qaşığı kamfora spirtini damcı-damcı əlavə edin. Hazır kremi 1,5-2 ay soyuducuda saxlayın. Ondan hər gün istifadə etmək olar.
Məsaməli dəri üçün duru krem
Emallı qabda 2 yumurta ağını köpük əmələ gələnə qədər çalın. Bura stəkanın üçdəbiri qədər odekolon və bir o qədər də 5 faizli zəy məhlulu əlavə edib qarışdırın. Daha sonra məhlula 1 limonun şirəsini, yarım çay qaşığı qlesirin də əlavə edib tam hazır olana qədər çalın. Hazır kremi gündəlik istifadə etsəniz, məsamələrin yığıldığının şahidi olacaqsınız. Kremi soyuducuda 1,5-2 ay saxlamaq lazımdır.
Normal dəri üçün qidalandırıcı və tənzimləyici krem
2 yumurta sarısını 1 xörək qaşığı bitki yağı ilə qarışdırdıqdan sonra 1 çay qaşığı duru bal və 1 xörək qaşığı qliserin də əlavə edin. Sonra hazır məhlula 1,5 stəkan su əlavə edib hamısını birlikdə tünd şüşəli butulkaya tökün və çalxalayın. Sonra 2 çay qaşığı kamfora spirti də əlavə edin və yenə də bir müddət çalxalayın. Məhlulu gündəlik istifadə edin. Hər istifadədən qabaq butulkanı çalxalayın. Kremi 1,5-2 ay soyuducuda saxlayın.
Quru və normal dərinin təmizlənməsi üçün qidalandırıcı, nəmləndirici və ağardıcı qaymaq
Emallı qabda 1 yumurta sarısını yarım stəkan dükan qaymağı ilə qarışdırın. Yarım limonun şirəsini qarışdırmaqda davam edərək məhlula əlavə edin. Son olaraq yenə də qarışdıraraq stəkanın dörddə biri qədər araq əlavə edin və tam hazır vəziyyətə çatdırın. Qaymağı tünd rəngli şüşə qabda saxlayın. İstifadədən qabaq çalxalayın. Gündəlik istifadə üçün yaralıdır. 1,5-2 ay soyuducuda saxlayın.
Qaşlar üçün qoryucu krem
Yarım çay qaşığı gənəgərçək yağını 1 çay qaşığı şəftəli yağı və 2 damcı kamfora yağı ilə qarışdırın. Qarışıqdan küçəyə çıxmazdan qabaq istifadə edin. Hazır məhsul şəffaf olmayan şüşə qabda otaq temperaturunda 3 ay saxlanıla bilər.
Göz altı dəriyə qulluq üçün krem
Emallı qabı su vannasına qoyub içərisinə 1 xörək qaşığı lanolin və 1,5 xörək qaşığı badam yağı tökərək əriyənə qədər taxta qaşıqla qarışdırın. Sonra buxardan götürün. Qarışdırmaqda davam edərək 1 çay qaşığı toz lesitin əlavə edin. Sonra 2 xörək qaşığı butilləşmiş suyu damcı-damcı məhlulun üzərinə tökün və tam hazır olana qədər qarışdırın. Reseptə daxil olan məhsulların hamısı apteklərdə satılır. Kremi istifadə etməzdən əvvəl mütləq biləyinizin dərisində sınaqdan keçirin. Krem 1,5-2 ay müddətində tünd rəngli şüşə qabda otaq temperaturunda saxlanılmalıdır.
Əl üçün yumşaldıcı və qidalandırıcı krem
Əvvəlcə bağayarpağı dəmləməsi hazırlayın. Bunun üçün 1 xörək qaşığı quru bağayarpağını emallı qaba töküb üzərinə 1 stəkan qaynar su əlavə edin. Ağzını örtüb 8-9 saat saxladıqdan sonra süzün. Çini qabda 4 xörək qaşığı azacıq əridilmiş kərə yağı və 1 çay qaşığı balı qarışdırın. Alınmış məhlula 1 xörək qaşığı bağayarpağı dəmləməsi əlavə edin və tam qarışdırın. Kremi otaq temperaturunda 1,5 ay saxlamaq olar. Hər gün gündəlik işləri başa vurduqdan sonra istifadə edin.
Tarix: 29.12.2012 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri