Bəzi xanımlar belə hesab edirlər ki, dikdaban ayaqqabılar zərif cinsin nümayəndələrinin xarici görünüşünü çox cazibədar və qamətli göstərir, onlarda özlərinə qarşı güvən və inam hissi yaradır. Amma bunun əksini fikirləşən xanımlar da az deyil. Maraqlıdır, zərif məxluqlar daha hansı düşüncə və psixologiya ilə dikdaban ayaqqabıya bu qədər aşiqdirlər? Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün dikdaban ayaqqabı barədə psixoloji və tibbi araşdırma aparıb. Psixoloqlar iddia edirlər ki, bir çox insanin daxilində hündür olmaq instinkti var. Uca boylu insanlar, daha güclü görsənir və bu səbəbdən də onlar ətrafdakılarda şüuraltı qorxu və hörmət hissi yaradırlar. Sirr deyil ki, həyatımızda uca boy heç də az önəm daşımır. Bəzən ucaboy insanlar üçün uğur və hakimiyyət əldə etmək nisbətən daha asan başa gəlir. Müşahidələr göstərib ki, qadınlarda dikdaban ayaqqabı geyinmək istəyinin pik həddi 30 yaşından sonra yaranır. Bu, onlara yuxarıda da qeyd etdiyimiz kimi, şəxsi və iş həyatında özlərinə qarşı güvən hissi yaradır. O da məlum olub ki, 40-50 yaşlarından sonra qadınlar artıq sağlamlığı və komfortu daha çox düşünməyə başlayırlar. Dikdaban ayaqqabıların insan sağlamlığına təsiri məsələsinə diqqət yetirək. Hələ 1780-ci ildə dünyanın ilk ortopedik klinikasının əsasını qoyan Venel iddia edib ki, belə ayaqqabılar insan sağlamlığı üçün çox təhlükəlidir. Lakin 2004-cü ildə Amerika ortopedləri bunun tam əksini iddia ediblər. Onlar bildiriblər ki, hündürlüyü 2,5 sm olmaq şərtilə dikdaban ayaqqabılar çox faydalıdır. Qeyd edilir ki, uzun müddət çox faydalı olduğu düşünülən altı düz ayaqqabılar ayaq altının düzləşməsinə və sümük düyümlərinin (ayaq oynaqlarının) gevşəməsinə səbəb olur. Lakin bu düzgün şəkildə dizayn edilmiş idman ayaqqabılarına şamil olunmur. Ümumiyyətlə, ayaqqabının daxili ölcüləri və forması ayağın forması ilə uyğun olmalıdır. Əks halda ayaqda deformasiya prossesi gedəcək və mozollar əmələ gələcək. Eyni yerdə iki dəfə əmələ gəlmiş mozol bir sıra ciddi xroniki xəstəliklərə yol aça bilər. Maraqlıdır ki, dikdaban ayaqqabıların geyinilməsinin vacibliyini bioenergetiklər də təsdiqləyiblər. Bunu onunla izah ediblər ki, bütün neqativ enerjinin, eləcə də nifrət və gərginlik hissinin konsentrasiyası adətən Yer qabığının üzərində olur. Bu kontakt qanunidir, hündür dabanlı ayaqqabılar isə Yer üzüylə insan ayağının arasındakı qoruyucu vasitədir. İdeal və sağlamlıq üçün zərəri olmayan ayaqqabını seçmək üçün siz öz ayağınızın altının uzunluğunu ölcüb, bəlli olan rəqəmi 4-ə bölməlisiniz. Dikdaban ayaqqabı sizə formaca da yaraşmalıdır. Bəzi stilistlər deyirlər ki, əgər xanımlar uzun və qamətli ayaq quruluşuna sahibdirlərsə, o zaman onlara “şpilkadabanlı” ayaqqabılar çox yaraşacaq. Nisbətən kök ayaqlı xanımlar iti və nazik formalı dabanları olan ayaqqabıdan uzaq qaçmalıdırlar. Onlar üçün düzgün seçim düzbucaq formasına malik olan dabanlardır. Əgər siz nazik ayaq quruluşuna sahibsinizsə, incə sümüyünüz varsa və boyunuz da bir o qədər hündür deyilsə, hündür dabanlı ayaqqabılar sizə məsləhət görülmür. Ümumilikdə isə hər gün dikdaban geyinilməsi məsləhət deyil, adətən uca boyu olmayan xanımlar bunu edir, onlara isə “platforma ayaqqabılar” məsləhət görülür. Sonda isə onu qeyd etmək lazımdır ki, ayaqqabı dəb rahatlıq və eleqantlıq deməkdir. Estetik cəhətdən ayaqqabı geyimi tamamlamalıdır, tibbi nöqteyi-nəzərdən isə ayaq altını zədələnmədən qorumalı, gigiyena şərtlərinə cavab verməlidir.
Tarix: 12.06.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri