Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladınız homoseksual, yaxud transseksual olsa, nə edərdiniz?

Bu hadisəylə üzləşən 3 valideyn yaşadıqları çətinlikləri Türkiyənin "Tempo" jurnalına danışıb

Pınar Özər – 51 yaşı var, sığorta şirkətində işləyir.

Övladının 16 yaşında olanda yeniyetmə dövründə səs qalınlaşması, saqqallar və iri çiyinlərindən depressiyaya qapılıb. Sonra anoreksiya – xalq arasında yemək yeməmə xəstəliyinə tutulub. Liseyi buraxıb, universitetə repetitorlarla hazırlaşmağa başlayıb. Anası “ruhum qadındır, bədənim kişi” deyən oğlunu dərs oxuması üçün dırnaq boyası və makiyaj dəsti alacağı ilə şirnikləndirib.

“Bəziləri belə doğulub, belə də ölürlər”

2006-cı ildə oğlu Pınar Özərdən bazardan aldığı büstqalteri ona geyindirməsini istəyib. Ana elə bilib ki, oğlunun ağıldan kəmliyi var. İlk müraciət psixiatra olub. İQ testi aparılıb və məntiq səviyyəsi normal çıxıb. Ana özünü günahlandırmağa başlayıb. Ətrafdakılara da heç nə deyə bilməyib: “Oğlan uşağıdır, adı çıxar”. Beləcə, iki il fərqli psixiatrlara üz tutub, axırda psixiatrlardan biri onları İstanbul Tibb Universitetində işləyən Dr. Şahika Yüksəli məsləhət görüb. Həkimlə əvvəl uşaq danışıb, sonra ana. Hormon testləri aparılıb: “Uşağınız transseksualdır, qəbul etsəniz, yaxşı olar” – deyib həkim. Ana nə qədər etiraz etsə də, həkimin: “Bəziləri belə doğulub, belə də ölürlər” sözləri ağlından çıxmayıb. İstanbul Tibb Fakültəsinin Onkologiya bölməsindəki gününü ana belə xatırlayır: “Aslan kimi oğlumu itirdim. Bir neçə saat sonra öyrəndim ki, əslində, qızım varmış”.

Bu mənzərə kənardan faciə kimi görünsə də, empatiya quranda – yəni özünü onun yerinə qoyanda adama təbii gəlir. Pınar Özər: “Başa düşdüm ki, oğlum neçə illərdi bədənində dustaqdır”, - deyə tək yolu oğlunun istədiyi bədənə qovuşmasına dəstək verməkdə görüb. “Qohum-qonşu nə deyər?” düşüncəsini bir qırağa atıb, oğlunu əməliyyat etdirməyə qərar verib. Əvvəlcə dırnaqlar uzanıb, qaşlar incəlib, yerişi dəyişib – qanuni proseslər tamamlanan kimi də əməliyyat…

“Qadınlığı qızımdan öyrəndim”

Əvvəlcə otağını dəyişdik, hər yeri çəhrayı etdik, sonra yerişini. Küçədə ona ikrahla baxan gözlərə anası sipər olub: “Onlar baxdı, mən də onlara baxdım, axırda gözlərini yerə dikdilər”, - deyir və əlavə edir: “Nə fərqi var övladımın cinsiyyətinin, mən də hər ana kimiyəm”.

İndi Pınar Özərin qızı 22 yaşındadır. Radio və Televiziya Fakültəsində təhsil alır. Artıq bir oğlanla eşq macərası da olub, sonra ayrılıb. Atası, Vyanada oxuyan qardaşı da ona dəstək olur. Ad dəyişdirmə məhkəməsində şahidi təqaüdə çıxmış hakim babası olub. Pınar Özər qadınlığı indi qızından öyrənir. Utanaraq etiraf edir: “Təsəvvür edin, klitorun nə olduğun mənə o başa saldı”.

Zəki Yalçınoğlu – 45 yaşı var, doğum həkimidir.

Avqust ayında həyat yoldaşı və uşağı ilə birgə ailəsinin yanına tətilə yollanıb Zəki Yalçınoğlu. Tətilin ikinci günü qızın stolun üstündəki gündəliyində: “İlk gündən nənəm mənə altı dəfə “Qızım” dedi. Bu tətil necə keçəcək?”, - yazdığını görüb. Böyük qardaşının “Atamın 82 yaşı var. Ürəyi qaldırmaz” məsləhətinə qulaq asmayıb, atasına hər şeyi izah edib: “Uşağım transseksualdır. Qızınız yox, oğul nəvənizdir”. Baba “Oğlum” deyib qucaqlayır 16 il “qızım” dediyi nəvəsini.

“60 kilodan 38-ə düşdü”

Hadisənin əvvəlinə qayıdır Zəki Yalçınoğlu: “Həmişə istəmişdim qızım olsun. Hələ doğulmamışdı, gedib balaca çəhrayı ətəklər alırdım. Həvəsim qursağımda qaldı. Qızım heç vaxt don geyinmədi. İki yaşından kiçik ehtiyacını ayaq üstə etməyə cəhd edirdi oğlanlar kimi. Dedik, uşaqdır, yəqin kimisə yamsılayır”. Uşaq 2008-ci ildə Alman Liseyini qazandıqdan sonra Zəki Y.-nun ailəsi İstanbula köçüb. 2009-cu ildə uşaq kilosunu 60-dan 38-ə endirib. Sonra anoreksiya – yeməmə xəstəliyi başlayıb. “Niyə belə edirsən?” deyəndə uşaq: “Belə xoşuma gəlir. Budum, ombam çox kökdür”, - cavab verib. Sonra ailəsinə “Biseksualam” deyir.

Türkiyədə ilk dəfə aseksual müalicəsi

Bu etirafdan bir il sonra ailə qızının biseksual yox, transseksual olduğunu anlayıb. Əməliyyat olunmalıdır, ailə isə həyəcan içindədir. 16 yaş elə dövrdür ki, hormonlar qarışıq olur. Türkiyədə ilk dəfə Zəki Yalçınoğlunun qızına xüsusi müalicə tətbiq olunur. Qadında qısırlığın müalicəsində istifadə olunan hormon təsiri ilə yeniyetməliyi dondurulur, yəni aseksual olur. Qadın hormonlarının azalması uşağa o qədər yaxşı təsir edir ki, dərsləri, social münasibətləri düzəlir, anti-depressantlar tərgizilir. Sonra testosterone hormonunu almaq üçün heç bir təhlükə olmur. İkinci müalicə müddəti başlayıb: ombalar nazilir, çiyinlər böyüyür, saqqal çıxır. Gələn ay isə döşlər çıxarılacaq, sonra da penis əməliyyatı.

Oğlum, qızlar tualetinə necə girsin?

Adi uşaqların məktəbdə min cür problemi olur, transseksuallarda da yaranır əlbəttə. Məsələn, məktəb müəllimi Zəki Yalçınoğlunu çağırıb: “Uşağınız kişi tualetinə gedir” – deyə şikayət edib. Vəziyyəti müəlliməyə başa salan ataya oğlunun müəllimlər tualetinə getməsi məsləhət görülüb. Ata buna etiraz edərək: “Uşağım xəstə deyil, digərlərindən ayırmayın. O, mənim oğlumdur. Oğluma “Qızlar tualetinə get” necə deyim?” – deyib. İndi Zəki Y. oğluyla dəlləyə gedir, saqqalını təraş etdirir, saçını kəsdirir. Artıq heç bir maneəsiz “oğlum” deyir.

Səma Yakar – 54 yaşı var, evdar qadındır.

Nyu-Yorkda keçirilən biseksual, transseksual və homoseksualların nigah haqlarını tələb edən yürüşə indi Səma Yakar da dəstək verir: “Niyə də olmasın? Onlar da insandırlar” deyir. Halbuki 9 il əvvəl belə düşünəcəyi ağlına da gəlməzmiş. 16 yaşlı oğlunun qarşı cinsə soyuqluğundan şübhələnsə də: “Biz onu yaxşı böyütmüşük. Homoseksual ola bilməz” – dediyi üçün indi peşmandır.

“Bəli, ana, mən geyəm!”

1992-ci ildə Səma Yakar ərinə öz şühbələrini danışıb, ancaq oğullarına birdən-birə gedib “Geysən?” deməyə çəkiniblər. Ana, ata və oğul yığışıb stol ətrafına. Ata söhbəti sevgi, eşqə gətirib və oölundan sevgilisi olub-olmadığını soruşub. Oğlu qızlara marağının olmadığını deyib. Ananın: “Nə olur-olsun, bizə hər şeyi danışa bilərsən. Sən bizim bir dənəmizsən. Səni çox sevirik” – deməyi ilə uşaq ürəyini açıb: “Bəli, ana, homoseksualam, hələ özüm iki əvvəl qəbul edə bilmişəm bunu”. Valideynləri oğullarını qucaqlayıb, çoxluca öpürlər. Sonra homoseksuallığın səbəbini araşdırıblar: xəstəlikdir, yoxsa təcavüzə uğrayıb? Həkimə müraciət ediblər. Sən demə, doğuşdan beləymiş oğulları. Öyrəşməyə başladılar bu vəziyyətə. İki il sonra da oğullarının sevgilisi əlində güllərlə gəlib evlərinə: “Fərqli idi. Bir tərəfiniz təbii qarşılayır, digəri təəccüblü. Oğlumun sevgilisinin yanında xoşbəxt olduğun gördüm. Mən də ərimə qarşı belə hiss edirdim” – deyir Səma Yakar.

“Homoseksuallıq həmişə pis qarşılanıb”

Homoseksuallıq haqqında çox şey oxuyub Səma Yakar. Ta qədimdən də homoseksuallıq olub, o zamanlar da pis qarşılanıb. Ancaq ana başqalarının dediklərini eşitməzlikdən gəlir. Asan deyil. Məsələn, Səma Yakar qardaşına oğlunun homoseksual olmağını bu yaxınlarda deyib: “Fikirləşdim ki, onun da övladları var. Birdən oğlumdan çəkinərlər. Amma elə olmadı. Qardaşım dedi, sənin övladın - mənim də övladımdır”. Yakar ailesi indi: “Kiminsə bizi qəbul edib, təqdir etməsinə ehtiyacımız yoxdur” – deyib ancaq övladlarının xoşbəxtliyini düşünürlər.

LİSTAQ nədir?

- Adın açılışı belədir: LGBT (Lezbian, gey, biseksual, transseksual) İstanbul Ailə Qrubu.
- 2008-ci ildə 3 üzv ilə qurulub, indi Türkiyə üzrə 250 üzvü var.
- Təşkilat deyil, ailə qrupudur. Hamı pulsuz qatıla bilər.
- Məqsədi uşağı və ya yaxını lezbian, gey, biseksual, transseksual olan insanlara həm mənəvi dəstək vermək, həm də məlumatlandırmaqdır.
- İtaliya, İngiltərə, Yunanıstan, ABŞ və Malta təşkilatları ilə əlaqələr qururlar.
- Ayın ilk çərşənbə günü valideynlər Cinsi Maarifləndirmə və Araşdırma Dərnəyinin (CETAD - Cinsel Eğitim Tedavi Araştırma Derneği) başçısı Dr. Nəzrin Yetkin ilə görüşürlər. Pulsuz məlumatlandırılırlar.
- Hər ay uşaqlarla birgə ailə yeməyi təşkil olunur


Tarix: 13.05.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 452 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...