Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı:«Köhnə qəzetiniz var?» — deyə soruşdu. İşim olduğu üçün əvvəlcə «Yox» demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də cırıq ayaqqabı geyinmişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım.
Onlar buxarının yanında qarınlarını doyurmağa başladılar, mən isə işimi görmək üçün mətbəxə qayıtdım. Ancaq qonaq otağında səssizlik diqqətimi cəlb etdi. Bir anlıq başımı içəri uzatdım. Balaca qız gözlərini qırpmadan əlindəki fincana baxırdı. Məni görən kimi:«Xanım siz varlısınız?» — deyə soruşdu. Təəccüblə:«Yox,varlı deyiləm», — deyə cavab verdim. Qeyri-ixtiyari gözlərim köhnə ev ayaqqabılarıma sataşdı. Qız əlindəki fincanı ehtiyyatla nəlbəkiyə qoydu və:«Sizin fincanlarınız dəstdir»- dedi. Onun səsində sanki bir həsrət var idi. Bəlkə də, bu həsrət isti bir evin,isti bir yuvanın həsrəti idi. Bir azdan onlar köhnə qəzetləri də götürüb özlərini soyuq küçənin ağuşuna atdılar. Təşəkkür belə etmədən uzaqlaşdılar. Əslində buna heç ehtiyac da yox idi.
Bir anlıq fincanlarıma baxdım. Sanki onları ilk dəfə idi ki, görürdüm. Onalar doğurdan da dəst idilər. Balaca qızın baxışlarını heç cür unuda bilmirdim. Mətbəxə keçdim. Sobanın üzərində bişən isti yeməyə baxdım. Sonra evimi,ailəmi,uşaqlarımı düşündüm. Əslində onlar da elə fincanlarım kimi «dəst» idilər. Bu fikirlərlə qonaq otağına keçdim. Oturacaqları buxarının yanından götürüb yerinə qoydum. Uşaqların xalçanın üzərindəki ayaq izlərini silmək istədim. Ancaq sonra fikrimdən daşındım. Artıq bu izləri silməyəcəkdim. Heç olmasa, necə «varli» olduğumu unutmamaq üçün...
Tarix: 03.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Maraqli Hekayeler