Şirin xəyallarla arzu səmalarının ənginliklərində pərvaz edən ruhu qanadı qırılmış quş kimi həsrətlə sonsuzluqlara baxır, uzun müddət havalanmadığından bir udum təmiz nəfəsə möhtac boğanaq otaq kimi açılmaq, çatlamaq istəyirdi. Beş il idi ki, səhərləri “bəlkə, bir də görmədim”, axşamları “bəlkə, bu sonuncu oldu” gümanı ilə yatıb-durur, bir zamanlar seyr etdikcə ürəyini fərəh hissi dolduran mavi səmadakı lopa-lopa buludlar bürünəcəyi kəfəni, ulduzlar başına töküləcək daşları xatırladır, günəşin ardınca əsməyə başlayan xəfif küləklərdən məzar qoxusu hopurdu canına.
Həkimlərə müraciət etmişdisə də vəziyyəti düzəlmirdi. Boy-buxunu sanki ona düşmən yaranmışdı. Heç kəs pəhləvan kimi cüssəsinin bu qədər ruhi acizliyinə inana bilmirdi. Oxuduğu kitabların sayı-hesabı yox idi. Dünya əhalisinin xeyli hissəsinin onun çəkdiklərinə məruz qaldığını, qarşısı alınmazsa, bu halın daha ciddi nəticələrə gətirib çıxaracağını da yaxşı bilirdi. Həyat eşqi o qədər öləzimişdi ki, hər an qopub torpağa düşəcək payız yarpağı kimi idi.
Hər yerdə, hər şeydə sevinc axtarsa da dünya onun gözünə yeganə övladını itirib qara geymiş ana kimi görünür, yağan yağışı, qarı da onun göz yaşları zənn edirdi. Sanki, o, dünyanı öz dərdi, qəmi ilə baş-başa buraxmaqdan qorxur, ona həmdəm olub gecə-gündüz ağlamaq, ağlamaq istəyirdi. Hətta ağlamamağı qəbahət görməyə başlamışdı. Deyib-gülən, rahatca addımlayan insanlara həsədlə baxırdı. Bir gün işə gedərkən özündən bir neçə addım irəlidə ağır-ağır yeriyən bir nəfəri yamsılamaq da istəmişdi. Qolları, sanki, onunku deyildi, onları kimsə asmışdı çiyinlərindən. Görəsən necə olmuşdu ki, əvvəllər qollarını necə daşıdığının fərqinə belə varmamışdı.
Çox şeyi sınamışdı. Şəfalı bitkilər, ayaqyalın gəzmək, soyuq duş qəbul etmək, yumoristik hekayələr oxumaq və s. Heç birindən də bir fayda görməmişdi, sanki, ruhu tərk eləmişdi onu. Ayrılmış valideynlərindən birini seçmək şərti qarşısında qalmış uşaq kimi bədən və ruhu arasında tərəddüd içində qalmışdı. Ümidlə açdığı hər bir pəncərədən işıq əvəzinə zülmət boylanırdı üzünə. Həyatının mənası pis vərdişlərə alışan insanlar kimi addım-addım gözəllikdən, aydınlıqdan uzaqlaşırdı. Özünü hər şeyi ola-ola yoxsulların ən yoxsulu, kimsəsiz hiss edir, dəfələrlə kardioqrammasını çıxarıb həkim rəyi almasına baxmayaraq, ürəyinin hələ də sinəsində olduğuna inanmırdı...
Son zamanlar bir neçə gəncin intihar etməsi, sanki, onu yuxudan oyatmışdı. İşdən gələrkən yolüstü təzyiqini yoxlatmışdı. Həkim: “Sən bu qədər aşağı təzyiqlə necə yaşayırsan?” demək istəsə də son anda cümlədə bir balaca dəyişiklik edib: “Necə yeriyirsən?” - demişdi. Bir neçə dəfə yemək zamanı qaşığı ağzına apara bilməmişdi. Anası, ailəsi də nə edəcəklərini bilmirdilər. Başındakı qara fikirlər getdikcə aydınlaşır, qəti qərara gəlmək üçün yollar arayırdı. Şəfa tapması üçün verdiyi nəzir-niyazın sayını itirmiş anasının, çox şeyi anlamayan uşaqlarının gözlərinin içinə baxmağa, onların rəsmini könlünə, gözünə hopdurmağa çalışırdı...
Evdə un azalmışdı. Dəyirmana getməli oldu. Qaşları, kirpikləri un kimi ağarmış, həyat eşqi ilə dolub-daşan dəyirmançı diqqətini çəkdi. Hər tərəf yayın istisində yanıb-qovrulsa da dəyirmanın ətrafındakı xeyli ərazini əhatə edən yamyaşıl bağında cürbəcür ağaclar becərmiş, otunu biçib yığmış, işlənməkdən barmaq enində qalmış dəryazı da qoz ağacının budağından asmışdı. Bir anlığa özünü dəryazın yerindən asılmış kimi gördü və dərhal da suda boğulan insanlar kimi var gücü ilə silkinib xəyaldan ayıldı.
Yaşıllığın bir tərəfində cərgə ilə düzülmüş bir neçə arı pətəyinin dəliyindən vızıltı ilə girib-çıxan arılar da elə o dəyirmançı sahibləri kimi ətrafa həyat eşqi yayırdılar. Rəhmətlik atası da arı saxlayardı. O dövrlərin balı kimi saf və şirin günlərini kim qaytara bilərdi ona...
Dəyirmandan gələndən sonra, sanki, bir az rahatlanmışdı. Neçə illərdən bəri birinci dəfə idi ki, gecəni yaxşı yatmış, səhərin dadını duymuşdu. Cümə günü idi. Könlündən keçdi ki, gedib rayon mərkəzində yaxşıca gəzib gəlsin. Cümə məscidinin qarşısındakı parka qədər gəzə-gəzə gəldi. Taqəti tükənmək üzrəydi və skamyalardan birində əyləşdi. Bir qədər aralıda adamlar söyüd kölgəsində çay içir, nərd oynayır, deyib-gülürdülər. Yenicə təmir olunmuş fəvvarənin suyu baharın sevincini canına-qanına çəkib coşan bülbüllər kimi hovuzdan pərvazlanıb, sanki, göylərin dərinliyinə can atırdı. Qulac-qulac olmuş sular havaya qalxır, qalxır, sonra şappıltıyla hovuza “yıxılır”, sonra bir də qalxır, bir də “yıxılırdılar”, sonra bir də, bir də...
Özünü unudub bu qəribə mənzərəyə valeh olmuşdu. Mülayim bir səs onu bu dadlı seyrindən ayırdı: “Bacıoğlu, yanında oturmaq olar?” Bu yerlərin adamlarına məxsus alyanaqlı, dolubədənli, qısasaqqallı, gözlərindən təbəssüm yağan 65-70 yaşlı bir kişi onun cavabını gözləyirdi. Yerindən qalxıb: “Buyurun, əyləşin, “ - dedi. Kişi oturub: “Gördüm ki, fəvvarələrə maraqla baxırsan. Dedim, səninlə söhbətim tutar. Bu fəvvarələri görürsən də, çoxları onların yanından ötüb keçir, bəlkə, heç gözəlliyini də görmür, söz-söhbəti qalsın bir yana,”- dedi
Marağını görüb yaşlı adam davam etdi: - “Mənə elə gəlir ki, bu fəvvarələrin, ümumiyyətlə, gördüyümüz hər şeyin dili var, ancaq biz başa düşmürük. Heç görmüsənmi, quzu və qoyun neçə yüz heyvanın arasından bir-birini necə axtarıb tapır? Hansı birini deyim. Başını ağrıtmıram ki?”
O qeyri-ixtiyari: “Xeyr, xeyr, buyurun davam edin,” - deyib, bir az da maraqla dinləməyə başladı. Yaşlı adam da ürəyi istəyən müsahib tapdığı üçün daha da şövqlə söhbətinə davam elədi:
- Mən Həcc səfərindən sonra dünyanı tamamilə başqa cür, fərqli rəngdə görməyə başlamışam. Həcc səfərim özü bir ibrətli əhvalatdı. Görürəm maraqlı adamsan, danışım sənin üçün:- dedi və cavab gözləmədən davam elədi:- Bir oğlumu Allah evlərini yıxmış ermənilər öldürdülər. Subay idi. Ürəyimdən ona qonşuda halal süd əmmiş, ədəb-ərkanlı bir ailənin qızını nişanlamaq keçirdi. Məndən də boy-buxunlu, əlindən hər iş gələn bir oğlandı, bilirdim ki, qız evi “yox” deməz. Namərdlər arzumu daşa döndərib atdılar dəryaya. Həyat yoldaşım çəkə bilmədi. Bir ildən sonra ailə qurmaq qərarına gəldim. Böyük oğlum etiraz etdi. Onun üçün ayrıca ev tikmişdim. Dedim, dörd divar arasında tənhalıqdan ölmək istəmirəm, bir yandan da şəhid övladımın acısı. Ailə qurdum. Bir oğlan övladım oldu. Həcc ziyarətinə hazırlaşmağa başladım. Tanıyan, bilən imkanım olmadığı üçün qəribə baxırdılar fikrimə. Mən də Allaha dua edirdim ki, bu yolu üzümə açsın. O il bağım bir bar gətirdi ki, gəl görəsən. Məhsulu yığıb müştəri gözləməyə başladım. Hər günümü duayla başlayıb, duayla bitirirdim.
Bir-iki müştəri gəldi, ancaq onlara satmadım. Mənə bütün məhsulu alacaq müştəri lazım idi. Çox keçmədi ki, gözlədiyim müştəri gəldi. Dediyim qiymətə də razılaşdı. Həcc ziyarəti üçün hər şeyi hazırladım. Oğlumun və qonşumuzdakı bir ailənin övlad həsrəti vardı. Xülasə, vaxt gəldi, mən də o zəvvar karvanı ilə Kəbəyə, Allah evini ziyarətə gedə bildim. Ziyarət zamanı əllərimi açıb onlar üçün ayrıca dua etdim. Nə başını ağrıdim, indi oğlumun da, qonşu ailənin də hərəsinin iki oğul övladı var. Allah ona güvənən bəndəsini yarı yolda qoymazmış!..
Elə şirin danışırdı ki... Sanki, yuxudan oyandı. Cümə namazının vaxtına az qalmışdı. Fəvvarələr, sanki, bir az da coşmuş, fışqıran suların pıçıltıları qəhqəhələrə dönmüşdü. İçində uzun müddət korun-korun tüstülənib birdən alışan alov dilimləri kimi şən, oynaq bir hiss baş qaldırdı. Beş il bundan əvvəlki çevikliklə durub evinə tələsdi. Sanki cənnət yamaclarında yeriyirdi - ayaqları yerə dəymirdi. Neçə illər avtobusdan düşüb yaxınlıqdakı evinə necə gedib çatacağının dərdini çəkdiyi halda, anası və uşaqları üçün aldığı şirniyyatı da xüsusi əda ilə qoltuğuna vurub quş kimi evinə tələsdi. Anası, həyat yoldaşı, uşaqları gözlərinə inanmadılar. Adətən, zorla salam verib, yataq otağına yönələn bu adam indi gülə-gülə salam verib: “Bir çay gətirin, anamla bu şirniyyatın dadına baxaq”, - dedi və divanda, anasının yanında əyləşdi.
Payız gecələrinin zülmətini bir az da qatılaşdıran, səhərin açılması ilə çəkilib gedən dumanın arxasınca günəş alnını öpdüyü üçün sevinən dağların təbəssümü kimi bir sevinc doldu evin hər künc-bucağına. Evdəkilər susurdular, amma hamının baxışlarından eyni fərəh hissi, eyni sözlər axırdı: “Şükürlər olsun, Allah, sən hər şeyə qadirsən!”
Tarix: 01.12.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 428 Bölmə: Maraqli Hekayeler