Qulluq edirik
Həyatda gör bir hansı yollar hökmranlıq edir,
Ağalar məzlum olub, qullar hökmranlıq edir,
Din itib, məzhəb itib, pullar hökmranlıq edir,
Dollara, valyutaya, şirvana qulluq edirik.
Ən əsas insana vicdandı, onu saymayırıq,
İnsana sağlam olan candı, onu saymayırıq,
İlahi ayəsi dərmandı, onu saymayırıq,
Bizi uyduran başqa dərmana qulluq edirik.
Dilimizlə gəzirik ölkələri, həm şəhəri,
Qeybət etdikdə ilan tək atırıq biz zəhəri,
Gözümüzlə atırıq qızlara hər gün yəhəri,
Hər tərəfliyik, çünki hər yana qulluq edirik.
Hacı vardır ki, ticarətdə giribdir harama,
Pul tutub gözlərini, şıllağ atırlar salama,
Mollalardan da, yasda pul oxuyurlar adama,
Biz hansı ayə, hansı Qurana qulluq edirik.
Gör, nə gündəyik, gülürlər bizə düşmanlarımız,
Anadan gəlmə lüt-üryandı Natəvanlarımız,
Gecələr barda, restarandadır cavanlarımız,
Hansı bir namus, hansı vicdana qulluq edirik.
Elminə arxalanan zənn eləyir arif olub,
Amma əslində arif olan el içində solub,
Bu günahkar Əbdülün gözləri göz-yaşla dolub,
Dedi: biz düz demirik ürfana qulluq edirik.
Ağıl uzaq görəndədir
Həyata kim versə maraq görər ki, səndə-məndədir,
Hidayətin əsl yolu nə səndədir, nə məndədir.
Çıxsa üzə səndə tamah, tez Allaha apar pənah,
Babanda olmayıb günah, günah sənin nənəndədir.
Adam var ki, həyası yox, nə nöqtə, nə nidası yox,
Bilməyənin xətası yox, xəta hələ biləndədir.
Gözləri toxdur alimin, düşməni çoxdur alimin,
Qorxusu yoxdur alimin, əlləri ağ kəfəndədir.
Axtarma dağda düşməni, küncdə-qıraqda düşməni,
Görmə uzaqda düşməni, düşmənimiz vətəndədir.
Ağıl alandan ixtiyar, gedib gəzər diyar-diyar,
Yaxında tutmayır qərar, ağıl uzaq görəndədir.
İlahinin gələn səsi, ayələrin zümzüməsi,
Müqəddəs olan Kəbəsi, görərsən ki, sinəndədir.
Həyatda Əbdülün yeri, təravətli gülün yeri,
O sarı bülbülün yeri, gülüstanü çəməndədir.
Tarix: 03.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar