İnsanlar dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər. «Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar». (Hud 15-16).
«Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O, kəslər ki, daim namaz qılarlar. O, kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O, kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O, kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O, kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O, kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O, kəslər ki, düzgün şəhadət verərlər. O, kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq. Əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Bir bədənin qəlbində tamahla iman heç vaxt birləşə bilməz» (Buxari, «Ədəbul Mufrad», 281). Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki xislət vardır ki, onlar müsəlmanda cəm ola bilməz: Xəsislik və pis əxlaq» (Buxari, «Ədəbul Mufrad», 282, əl-Albani zəif hədis). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən əvvəlkiləri məhv etmiş və onları (birbirilərinin) qanlarını axıtmağa, özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir (Başqa rəvayətdə: Qohumluq əlaqələrini kəsməyə vadar etmişdir)» (Buxari, «Ədəbul Mufrad», 487-488). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın» (Buxari, 6/61, İbn Məcə, 11/216).
İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər: – «Qədər haqdırsa onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır».
İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir b. Abdullah - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: «Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr: «Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünkü qüsurlu oğlaqdır. Qulaqları kiçikdir» dedilər. Peyğəmbər: «Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi bu dünya da Allah üçün o, qədər dəyərsizdir» deyə buyurdu (Müslim şərhi, 5/814, Müslim, «Zuhd», 2). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir» («Səhihul Cəmi», 5423).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, dünyanın zəval olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha xəfifdir» (Tirmizi, 5/82, əl-Albani, «Səhihul Cəmi», 453). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram» (Buxari, 4/63, Müslim şərhi, 5/816). Sələflər: – «Sən fikirləşmə ki, kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir». Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər.
«Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19). Ömər - radiyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil oldum. O, həsirin üzərində uzanmışdı. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan nədir?». Mən: «Ey Allahın Rəsulu! Nə üçün ağlamayım da. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər)» (Tirmizi) deyə buyurdu (Müslim, 10/82). Peyğəmbər – sallallahu aleyhi və səlləm– buyurdu: «Dünya möminin zindanı, kafirin isə Cənnətidir» (Müslim, 2956).
Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməd – rahmatullahi aleyhi – dən soruşduqda ki, insanda min dinar olduğu halda zahid ola bilərmi? O: «Bəli, ola bilər». O, kimsə: «Ey imam bu necə ola bilər?» deyə soruşdu. O: «Artanda sevinmir, azalanda isə kədərlənmir». Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünkü bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir. «Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövlət, oğul-uşaq çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir. Sonra o, quruyar və sən onun çör-çöpə döndüyünü görərsən. Axirətdə isə şiddətli əzab, Allahdan bağılanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir». (əl-Hədid 20).
«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali-İmran 14).
«Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir». (Ali İmran 185).
«Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir». (ən-Nisa 77).
«…Dünya malı axirət yanında yalnız cüzi bir şeydir». (ət-Tövbə 38).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ölünü qəbr evinə kimi üç şey təqib edər, lakin ikisi geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə onunla bərabər qalar» (Müslim, 2960). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz» (Tirmizi, əl-Albani səhih).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Dünya axirətə görə birinizin dənizə barmaq batırması kimidir. Baxsın bir barmağına nə qədər yaş yer var. Dünya o yaşlıq, axirət isə dəniz kimidir» (İmam Əhməd, «Musnəd», Tirmizi). Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi.
Bütün bu qulluqlardan qurtaran kimdir. Tək olan, şəriki olmayan Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O, da Uca və Böyük olan Allah – subhənəhu və təalə – nin razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o, kimsə heç vaxt azad ola bilməz. Ya şeytnın qulu olacaqdır, ya da kiminsə? Həqiqi qulluq, azadlıq isə tək olan, QAHHAR olan Allaha qul olmaqdır.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN DÜNYAYA OLAN ZAHİDLİYİ - Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir gün minbərə çıxıb oturdu. Biz də minbərin ətrafında oturduq. O: «Məndən sonra sizin üçün ən qorxduğum şey sizin üçün açılacaq olan dünya zinətləri və ləzzətləridir» (Buxari, 1465, Müslim, 1052). Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahım! Həyat ancaq axirət həyatıdır» (Buxari, 6413).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uhud dağı qədər qızılım olsaydı borcum qədəri çıxmaq şərtilə qalanlarını üç gün belə yanımda saxlamaq istəməzdim» (Buxari, 6490, Müslim, 2963). Kəb b. İyaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi isə maldır» (Tirmizi, 2337). Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki ac canavarın qoyun sürüsünə verdiyi zərər, mal və şöhrət hərisi kimsənin dininə verdiyi zərərdən böyük deyildir» (Tirmizi, 2368).
Niman b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Ömər b. Xattab - radıyallahu anhu – insanların əldə etdikləri dünya nemətlərini zikr edərək dedi: «Vallahi mən bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in aclıqdan iki bükülərək qıvrıldığını, qarnını doyduracaq adi bir xurma belə tapmadığını gördüm» (Müslim, 2978). İnsanlar dünyadan arzuladıqları qədər əzab görürlər. Hər kim dünyaya aşiq olursa dünya o, kimsənin nə qədər kiçik olduğuna baxar və o, kimsəni xidmətçisi ya da köləsi edər, onu zillətə salar. Kim də dünyadan üz çevirirsə dünya o, kimsənin qədrinin nə qədər böyük olduğuna baxar. Bu səfər o, kimsəyə xidmətçi olar və o, kimsə üçün zillətə girər.
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Adəm oğlu qocalar, lakin onda olan iki şey gəncləşər) İxtiyar (yaşlı) bir kimsənin qəlbi iki şeyi sevməkdə daima gəncdir. Yaşamaq (uzun həyat) sevgisi və bir də mal sevgisi» (Müslim, 1046). Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun iki vadi dolu malı olsa, üçüncü vadini də istəyər. Adəm oğlunun içini (qarnını və ya ağzını) torpaqdan başqa bir şey doldurmaz. Tövbə edən kimsənin tövbəsini Allah qəbul edər» (Buxari, 6436, Müslim, 1049). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zənginlik mal çoxluğu ilə deyildir, fəqət həqiqi zənginlik qəlb və nəfs zənginliyidir» (Müslim, 1051).
Möminlərin anası Hərisin qızı Cuveyiyyənin qardaşı Amr b. əl-Haris - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəfat etdiyi vaxt özündən sonra nə qızıl, nə gümüş, nə kölə, nə cariyə, nə də heç bir şey buraxmamışdır. Sadəcə minməkdə olduğu ağ bir qatır ilə, silahı və müsafirlərə sədəqə olaraq vəkf etdiyi bir ərazi buraxmışdır» (Buxari, 2739).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Fəqirlər Cənnətə zənginlərdən beş yüz il öncə girəcəklər» (Tirmizi, 2352). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə dua etdi: «Allahım! Muhəmmədin ailəsinin ruzisini yaşamalarına yetəcək qədər et» (Buxari, 6460, Müslim, 1055). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Allaha and olsun ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in minbəri ilə Aişə - radıyallahu anhə – nin evi arasında bayılaraq yıxıldığımı bilirəm. Gəlib gedənlərin mənim dəli olduğumu fikirləşərək ayaqları ilə boynuma basardılar. Halbuki məndə dəlilik deyilən bir şey yox idi. Yalnız aclıqdan belə olurdu» (Buxari, 7324). Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbərimizin yatağı içi xurma lifləri ilə doldurulmuş dəridən idi» (Buxari, 2456). Ubeydullah b. Mihsan əl-Ənsari əl-Hatmi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən kimsə qəlbi rahat, bədəni sağlam və günlük yeyəcəyi yanında olduğu halda səhərə çıxarsa bilsin ki, ona dünya verilmişdir» (Tirmizi, 2347).
Tarix: 14.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 452 Bölmə: Maraqlı melumatlar