Hər bir insana həyatı boyu Allah tərəfindən iki mələk təhkim olunur. Bu mələklərin biri insanın sağ tərəfində duraraq, onun bütün yaxşı işlərini yazıb qeyd edir. Sol tərəfdəki mələk isə adamın etdiyi pis əməlləri yazıya alır. Bu mələklər insanın heç bir əməlini gözdən qoymurlar. Lakin Allahın mərhəməti o qədər genişdir ki, hər bir yaxşı əmələ görə, əməlin dərəcəsindən asılı olaraq, bir neçə qat artıq savab yazılmasını əmr edib. Pis əmələ görə isə yalnız bir günah yazılar; özü də günahları qeyd edən mələk bir müddət gözləyər ki, bəlkə insan öz pis əməlindən peşman olub tövbə edər. Tövbə etsə, bu günah ona yazılmaz. Sağ tərəfdəki mələk nəinki yaxşı işlərə görə, hətta yaxşı niyyətlərə görə də əməl dəftərinə savab yazar. Həyata keçirilməmiş pis niyyətlər isə günah sayılmaz.
Qurani-kərimdə katib mələklər haqqında buyurulub: "Sizin üstünüzdə gözətçi mələklər, (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiyinizi bilirlər"
("İnfitar", 10-12).
"Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır"
("Qaf", 17-18).
Qiyamət günündə insan məhşərə gətirilib sorğu-sual qarşısında durarkən bu mələklərin yazdığı dəftər (buna insanın əməl dəftəri deyilir) açılacaq və orada qeydə alınmış əməllər qiymətləndiriləcək. Kimin əməl dəftərində yaxşı işlər çox olarsa, Allahın mükafatına nail olacaq. Hər kimin pis işləri üstünlük təşkil edərsə, ilahi cəzaya layiq görüləcək.
Katib mələkləri bəzən "həfəzə mələkləri" (qoruyucu mələklər), bəzən də "kiramən katibin" (ən üstün yazarlar) adlandırırlar. Namazı qılıb qurtardıqdan sonra başı sağa və sola tərəf çevirib salam vermək də bu mələklərə hörmət əlaməti kimi qəbul edilir
Tarix: 03.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar