«Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər» («Maidə» surəsi, 11-ci ayə). İnsan nə qədər güclü olsa, nə qədər geniş imkanlara, iqtidara malik olsa belə, öz təbiətinə görə yenə də bir çox işlərin qarşısında acizdir. İnsanın vəzifəsi müsbət istiqamətdə öz imkanlarını toparlayıb iş görməkdir. Lakin elə olur ki, gözlənilən nəticə hasil olmur. Bu zaman Allaha imanı olan kəs əsla ruhdan düşməməli, Ona sığınmalı və işin müsbət nəticə verməsini Allaha həvalə etməlidir. Sadəcə, sözlə deyil, səmimi-qəlbdən «Allaha təvəkkül!» deyib, Allahdan yardım diləməlidir. Allah isə Ona həvalə edilən işi insanın xeyiri istiqamətində mütləq yerinə yetirər.
Amin.
«Mən də bu istəyə qoşuluram», «elə olsun», «duamızı qəbul et» mənalarını ifadə edir. Xüsusilə birisi bir şey dilədikdə, dua etdikdə onu dinləyən həmin deyilənlərlə bölüşdüyü zaman «amin» deyir. Bu söz dinlər tarixinə çox qədim zamanlardan tanışdır. İbrani (ivrit) dilində «amen» sözü yuxarıdakı mənalarda hələ Musa Peyğəmbərin ümməti zamanında işlədilmişdir. «Amen»in mənası kəskinliklə, qəti olaraqdır. Daha sonralar arami dilində və süryani dillərində «amin» kimi, adətən, dua mərasimləri bitdikdə işlədilirdi. Ərəb dilində əmin-amanlıq, imanetmə, əminlik anlamlarını da ifadə edən «amin» digər səmavi dinlərdəki kimi dualardan sonra işlədilir. Əlbəttə, Quranda bu sözə rast gəlinmir. Amma hədislərdə belə bir ənənənin də müsəlmanlar arasında olduğunu görürük. Hədislərdə o da bildirilir ki, insan bir şeyi sidq-ürəkdən dilədikdə mələklər də «amin» deyər. Ona görə də hər kəs dilədiyi şeyə diqqətlə yanaşmalıdır. Adətən, xoş məramlı edilən dualarla yanaşı, bəzən insanlar fərqinə varmadan öz əzizlərinə qarğış edirlər. Bu zaman mələklər də «amin» desə və dua qəbul olunsa, görün, necə böyük faciələr baş verər. Allah bütün xoş dualarımızı qəbul etsin. Amin!
Şükür Allaha
İnsanın əldə etdiyi nailiyyətlər, üzləşdiyi xoş hadisələr, eşitdiyi yaxşı xəbərlər, ona verilən ucsuz-bucaqsız, sadalamaqla bitməyən nemətlər qarşısında bütün bu gözəllikləri bəxş edən Allaha minnətdarlıq mənasında işlətdiyi ifadədir.
Allaha şükür - insanın səmimi-qəlbdən bildirdiyi təşəkkürüdür. İnsan digərinə bir yaxşılıq etdikdə, yaxud bir şey verdikdə və s. qarşı tərəf ona öz təşəkkürünü bildirir. Əks halda nankorluq etmiş olar: «(Allah buyurdu): Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!» («İbrahim» surəsi, 7-ci ayə). Həyatımızda əldə etdiyimiz hər bir şey, hətta bizə bağışlanan hədiyyələr də elə Allah tərəfindən olan bir paydır. Buna görə isə həmin yaxşılığa nankor olmamaq, «şükür Allaha» demək lazımdır. Bu, bəndənin bir sədaqət rəmzidir: «Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir…» («Nisa» surəsi, 147-ci ayə).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar