Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏMANƏTİ QORUYUN KI, ALLAH RUZİNİZİ ARTIRSIN

Bir gün bir cavan oğlan İmam Cəfər Sadiqin (ə) yanına gəlib dedi: “Dolanışığım çətindir. Bir işlə məşğul olub pul qazanmaq istəyirəm, amma əlimdə sərmayəm yoxdur”.


Imam ona cavab verdi: “Dürüst ol, əliəyrilik etmə! Allah ruzi verəndir”.

Cavan oğlan kor-peşman halda Imamın hüzurundan çıxır. Evə qayıdarkən yolda pulla dolu bir kisə tapır. Sayıb görür ki, kisədə yeddi yüz dinar pul var. Əvvəlcə ürəyindən bu fikir keçir ki, pulu mənimsəsin. Sonra Imamın tapşırığı yadına düşür, öz-özünə deyir: “Imam mənə dürüst olmağı tapşırıb. Bu pul mənə haramdır, əgər onu mənimsəsəm, əliəyrilik etmiş olaram. Gərək pulun sahibini tapıb qaytarım”.

Cavan oğlan pul kisəsini özü ilə götürür, izdihamlı bir yerə gəlir, uca səslə car çəkir: “Hər kim filan əlamətləri olan pul kisəsini itiribsə, yanıma gəlsin, pulunu qaytarım”. Pulların sahibi eşidib oğlanın yanına gəlir, itirdiyi kisənin əlamətlərini deyir. Oğlan pul kisəsini ona qaytarır. Pul sahibi itirdiyi məbləğin toxunulmaz halda qaldığını görəndə kisədən 70 dinar çıxarıb oğlana verir: “Bu, sənin dürüstlüyünün mükafatıdır”.

Oğlan 70 dirhəmi alıb Imam Sadiqin (ə) yanına qayıdır, əhvalatı o həzrətə danışır. Imam onu dinləyib buyurur: “Bu yetmiş dinar halal pul o yeddi yüz dinar haram puldan daha yaxşıdır; bunu sənə Allah yetirib”. Deyirlər ki, oğlan həmin 70 dinarı sərmayə edib ticarətə başlayır, qısa müddət ərzində Allah onun puluna bərəkət verir və oğlan varlanır.



İmam Cəfər Sadiqin (ə) müasirlərindən başqa biri – Əbdürrəhman ibn Səyabə gənc ikən atasını itirmişdi. Atası kasıb olduğundan, oğlu üçün mal-dövlət qoymamışdı. Atasının dostlarından biri Əbdürrəhmanla görüşüb ondan soruşur: “Atandan sənə miras qalıbmı?”. Əbdürrəhman: “Yox” deyə, cavab verir. Həmin adam Əbdürrəhmana min dirhəm pul verib deyir: “Bu pulu al, əlində sərmayə et, bir işlə məşğul ol. Inşallah, gəlirin artanda borcumu qaytararsan”.

Əbdürrəhman pulu alıb işə başlayır. Özünə kiçik bir dükan açır, parça alverinə girişir. Ticarətdə əli gətirir, var-dövlət sahibi olur. Bir müddətdən sonra həcc ziyarətinə getmək fikrinə düşür. Niyyətini anasına deyəndə anası ona məsləhət görür ki, vaxtilə aldığı min dirhəmi sahibinə qaytarıb halallıq istəsin, sonra həccə getsin. Əbdürrəhman elə də edir. Pulu sahibinə qaytarır. Həmin adam öz pulunun geri qayıtmasına çox sevinir və dürüstlüyünə görə Əbdürrəhmana təşəkkür edir.

Əbdürrəhman həcc zamanı Məkkədə Imam Sadiqin (ə) hüzuruna gəlir. Camaat dağılışandan sonra Imamla Əbdürrəhman təklkdə söhbət edirlər. Imam Sadiq (ə) Əbdürrəhmanın atasını tanıyırmış, onun vəfat etdiyini eşidəndə kədərlənir və mərhumun ruhuna rəhmət diləyir. Sonra Əbdürrəhmandan soruşur ki, atası onun üçün miras qoyubmu? Əbdürrəhman “yox” deyəndə Imam maraqlanır ki, bəs, hansı pulla həccə gəlmisən? Əbdürrəhman əhvalatı o həzrətə danışır: “Atamın dostlarından biri mənə min dirhəm pul əmanət verdi ki, istifadə edim, imkanım artandan sonra ona qaytarım”. Imam Sadiq (ə) onun sözünü bitirməsini gözləmədən soruşur: “O pulu neylədin?”. Əbdürrəhman: “Sahibinə qaytardım”. Imam onun əmanətə sədaqətindən çox məmnun qalır, sonra buyurur: “Istəyirsənmi sənə faydalı bir nəsihət edim? Həmişə doğru danış və əmanəti qoru. Əgər belə etsən, o qədər varlanarsan ki, sanki hər kəsin sərvətinə şəriksən və onda payın var”.

Əbdürrəhman sonralar xatırlayırdı ki, Imamın bu nəsihətinə həmişə əməl etməyə çalışırdım. Nəticədə o qədər varlandım ki, hər il üç yüz min dirhəm zəkat ödəyirdim.

Əmanəti qorumaq və sahibinə çatdırmaq, ona xəyanət etməmək Islamda ən çox təkid edilən məsələlərdən biridir (bax: Nisa, 58). Hətta Imam Sadiq (ə) tövsiyə edirdi ki, insana qiymət verərkən, rükusunun və səcdəsinin uzunluğuna yox, dilinin doğruluğuna və əmanətə sədaqətinə fikir versinlər. Qiyamət günündə sırat körpüsündən keçən hər kəsin vəziyyəti əmanətə sədaqətindən və qohumlarla münasibətindən asılı olacaq.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar
loading...