(İslami saytlara istinadən)
Əhli Beyt (ə) hədsilərinə əsasən Peyğəmbərin (s) 8 yaşı var idi ki, Əbdülmüttəlib görmək qabiliyyətini itirir və sonra isə dünyasını dəyişir. Əbdülmüttəlibin ölən zaman neçə yaşında olmasına aid müxtəlif nəzərlər vardır. Onların bəziləri onun 82 yaşı olduğunu, bəziləri isə 140 yaşı olduğunu söyləyirlər.
Deyilənə görə, Allah Təala Əbdülmüttəlibə on oğlan və altı qız inayət etmişdi. Oğlanların adı: Haris, Əbu Talib, Həmzə, Zubeyr, Abdullah, İzaq, Məqum, Həcəl, Əbu Ləhəb, Abbas idi. Qızlarının adı isə: Atikə, Əmimə, Ummi Həkim, Bərət, Uri, Səfiyə (Zübeyr ibni Əvamın anası) idi.
Əbdülmüttəlibin şəxsiyyəti
Həzrət Əbdülmüttəlib tək Allaha inanan, etiqad bəsləyən bir insan olmuşdur. Əhli-təsənnün və Əhli-Beyt (ə) mənbələrinə görə Əbdülmüttəlib Məkkədə tövhidi və təkallahlığı yayardı və bütpərəstliklə müxalifətlik edərdi. Şeyx Səduq yazır: “Əbdülmüttəlib və Əbu Talib böyük alim idilər və başqalarından qabaq Rəsullahın (ə) haqqında mərifətə malik idilər. Onlar bu əqidələrini nadan və kafirlərdən gizlədərdilər. Əsbəğ ibni Nəbatə nəql edir: “Əmirəl-möminindən (ə) eşitmişəm ki, buyurur: “Allaha and olsun ki, nə atam və nə cəddim Əbdülmüttəlib və nə Haşim, nə də Əbdimənaf heç vaxt bütə pərəstiş etməmişlər”. Soruşurlar: “Bəs onlar nəyə pərəstiş edirdilər?”. Buyurur: Onlar İbrahim (ə) dininə uyğun olaraq, Kəbə evinə tərəf namaz qılardılar və onun dininə söykənərdilər”.
Yəqubi Əbdülmüttəlib haqda buyurur: “O, elə bir insan idi ki, bütlərə pərəstişi tərk etmişdi, tək Allahı tanımışdı. O adətləri yerinə yetirərdi ki, Quran onları imzalamışdı”. Ona görə də qureyşlilər Əbdülmüttəlibi ikinci İbrahim (ə) adlandırırdılar. O, sonda Məkkədə olan quraqlıqdan və Əbdülmüttəlibin duasından sonra yağan yağışdan danışmışdır.
İmam Cəfər Sadiqdən (ə) nəql edilir: “Əbdülmüttəlib bir ümmət kimi məbus etmişdi. Padşahların parıltısına və peyğəmbərlərin simasına malik idi”.
Fəxri Razi “İsraril-tənzil” kitabında və Şəhristani “Əlmiləl və nəhl” kitabında Əbdülmüttəlibin imanı haqqında nəql etmişdilər. Belə ki, Şəhristani deyir: “Əbdülmüttəlib nübuvvət nurunun bərəkəti ilə hikmətli və böyük sözlər danışardı. O, vəsiyyətində demişdi: “Zalım bu dünyadan öz zülmünün cəzasını görmədən getməyəcəkdir”. Zalım bir kişinin ölərək, bu dünyada cəzasını almadığını söyləyənlərə belə cavab vermişdir: “Allaha and olsun ki, bu evdən sonra başqa bir ev vardır ki, xeyirxah insan yaxşı əməlinin mükafatını alar, pis əməl sahibi də pis əməlinə görə cəza alar”.
Şeyx Səduq Həzrət Peyğəmbərin (s) Əmirəl-möminə (ə) etdiyi vəsiyyəti belə nəql edir: “Ey Əli, həqiqətən Əbdülmüttəlib cahiliyyət dövründə beş adəti yerinə yetirərdi ki, Allah Təala İslamda onu imzalamışdır. Bu adət-ənənəni zikr etmişdir: 1. Atanın arvadının oğullara hörmət etməsi. 2. Xəzinə və qənimətlərin xümsü. 3. Hacılara su paylanması. 4. Qətlin diyəsi 100 dəvə. 5. Təvafın sayının yeddi olması”. Sonra buyurur: “Ey Əli, həqiqətən Əbdülmüttəlib bütlərə pərəstiş etməzdi və bütlər üçün kəsilmiş heyvanları yeməzdi və deyərdi: “Mən İbarahim dinindəyəm””.
Həzrət Əbu Talib Rəsulun (s) atası Abdullah ilə ata və ana tərəfdən qardaş idilər. O, Həzrətin başqa əmilərindən daha çox Peyğəmbərə (ə) əlaqə bəsləyər və mehribanlıq edərdi. Ola bilsin bəlkə ona görə də Əbdülmüttəlib sağlığı və xəstəliyi zamanı Peyğəmbəri (s) Əbu Talibə tapşırmışdı. Əbdülmüttəlibin ölüm saatı gələndə oğlanlarını toplayır və Peyğəmbəri (s) onlara tapşırır. Sonra isə Əbu Talib ilə Zübeyr Peyğəmbəri (s) himayə etmək üçün püşk atırlar və Əbu Talib püşkdə qalib gəlir. Başqa hədisə əsasən Əbdülmüttəlibin özü Peyğəmbəri (s) Əbu Talibə tapşırmışdı. Başqa bir hədisə görə isə Peyğəmbəri (s) əvvəlcə Zübeyr himayə etmişdir və o, öləndən sonra himayəni Əbu Talib boynuna götürmüşdür. Ancaq tarix bu axırıncı nəzəri inkar edir.
Munaqib İbni Şəhri Aşub bu məsələni belə nəql etmişdir: “Allahın Rəsulu (s) Əbdülmüttəlibin yanında yaşayırdı. Əbdülmüttəlibin 102 yaşı olanda Peyğəmbərin (s) 8 yaşı var idi. Əbdülmüttəlib oğlanlarını toplayıb, onlara deyir: “Muhəmməd yetimdir. Onu himayə edin və ehtiyaclıdır, onu ehtiyacsız edin. Mənim onun haqqındakı sifarişimi və vəsiyyətimi hifz edin!”.
Əbu Ləhəb deyir: Mən bu işi görəcəyəm?
Əbdülmüttəlib deyir: Olmaz.
Abbas deyir: Mən bu işi öhdəmə götürərəm?
Əbdülmüttəlib deyir: Sən əsəbi insansan, qorxuram ki, onu incidərsən.
Əbu Talib deyir: Mən bu işi icra edərəm və onu himayə edərəm.
Əbdülmüttəlib deyir: Bəli! Sən onu himayə et.
Sonra üzünü Muhəmmədə (s) çevirib dedi: Ey Muhəmməd, ona itaət et!
Həzrət Muhəmməd (s) deyir: Atacan, qəmgin olma, məni Pərvərdigarım öz başıma buraxmaz.
Sonra Əbu Talib onu yanına aparır və onu himayə edir”.
Hazırladı: Məşhədi Xanım,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar