Yaranışın başlanması
Qurani-Kərimdə qeyd olunur ki, göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah taala onların ən üstününü, ən şərəflisini, yəni insanı yaradaraq onu özünə yer üzündə xəlifə və canişin seçdi:
(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara:) " Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu
Mələklərin etirazının səbəbi
Bəqərə surəsinin 30-cu ayəsindən başa düşülür ki, mələklər insana pis işləri, fəsadı və qan tökmələri nisbət verdilər.
İnsanın yaradılışı haqqında onların bu fikirlərinin sual, yoxsa irad olduğu haqqındə fikir ayrılıqları var. Lakin bütün fikirlərdən anlaşılır ki, bu söz, etiraz, Allahın işində tərəddüd, insanların eyblərini axtarma və bu kimi xüsusiyyətlərdən ola bilməz, çünki mələklər Allahın ən istəkli bəndələri olmaqla bərabər onların zehinlərindən günahın fikri belə keçmir. Bəlkə məqsədləri bu xilqətin həqiqətini bilmək və onun hikmətindən xəbərdar olmaq idi. Sadəcə olaraq etiraz etmək əvəzinə onun səbəbini bilmək istəyirdilər. Lakin belə bir sual qarşıya çıxır: Niyə görə yaranışın həqiqət və səbəbini bilmək üçün bu cür soruşdular: -“İstəyirsən yer üzündə elə bir şəxsi seçəsən ki, pis işlərlə məşğul olub, qan töksün?” İnsan nəslinin yer üzündə fəsad və qan tökməklə məşğul olmasını haradan bilirdilər? Bu suala neçə dəlil və səbəb qeyd olunmuşdur:
1. Çünki Allah taala onlara əvvəlcədən xəbər verdi: “Mən yer üzündə xəlifə, canişin seçmişəm” Mələklər insanın yer əhli, maddi olub qəzəb və şəhvətdən mürəkkəbləşmiş, dünyanın da ziddiyyət, məhdudiyyət və narahatlıq dünyası olduğunu bilərək, həyatın davamı bu varlıqlar arasında və belə mühitdə istər-istəməz fəsad və qan tökməklə qurtarmasını zənn etdilər.
2. Adəmin yaranışından öncə dünyaya insanlar, ya cinlərin bir nəsli gəlib yer üzündə fitnə-fəsad, müharibə və qan tökməklə məşğul olub, nəticədə isə ya özləri həlak olublar, ya da mələklər onları həlak etməyə Allah tərəfindən əmr olunublar.
Hətta bəziləri şeytanın da onlardan olmasını, həlak olduqdan sonra mələklərin onu göylərə aparmasını və öz aralarında ona yer verməsini zənn edirlər. Belə məlum olur ki, mələklər insanın keçmişindən xəbərdar olduqları üçün, Allahdan bu tərzdə sual etdilər. Onun dərgahına etiraz surətində müraciət etdilər ki, bu səbəbin təsdiqi üçün bizdə kifayət qədər şahid və rəvayət vardır.
3. Allah taala öz istəyini onlara aşkar edəndə onlara dedi: “Mən özümə yer üzündə canişin seçmişəm.” Mələklər soruşdular: -“Bu canişin kimdir və onların rəftarı necədir.” Allah taala izahat verəndə onun yer üzündə fitnə-fəsad, qan tökməklə məşğul olmağından onları agah etdi. Bu vaxtı mələklər dedilər:
-”Yer üzündə elə bir şəxsi seçmisən ki, fitnə-fəsad törətsin.”
4. Mümkündür heç bir keçmişi nəzərə almadan bu sözü deyiblər, bəlkə də özlərini xəlifəlik haqqı olduğunu bildirmək istəyiblər. Yəni bu şöhrəti özlərinə layiq biliblər, ona görə də onun arxasınca dedilər:
-”Biz Səni həmişə təsbih edib, hamılıqla sitayiş edirik.”
Hər halda onlar Allaha etiraz etmək istəmirdilər, bəlkə eşq və məhəbbət üzündən bütün ona qarşı olan itaətsizliyin, üsyanın, Allah qarşısında müxalifət bayrağı tutan, fitnə-fəsad törədən və əmrdən boyun qaçıran bir şəxsin yaranmasını istəmirdilər.
Allahın mələklərə cavabından aşağıdakılar da başa düşülür:
1. Allah taala onlara demək istəyir ki, necə ki, siz insanların qan töküb fitnə-fəsad törətməsini bilirsiniz, eləcə də onların xalis, ləyaqətli, təqvalı çox böyük və əzəmətli alim bəndələrin olacağından xəbərsizsiniz, hətta sizin ən ali şəxsiniz olan Cəbrail belə onun məqamına yetişə bilmir və “Əgər bir barmaq başı qədər yaxınlaşsaydım yanardım” -deyərək səsləyir. Bütün bunlara baxmayaraq bu varlığın (insanın) yaranışında olan xeyir-ziyanından qat-qat çoxdur və bu xeyirlər ziyanları aradan aparır.
2. Mələklər özləri Allahın xəlifəlik məqamına yetişmək və yer üzündə məskən salmaq istəyirdilər, amma Allah qapalı surətdə onlara cavab verdi ki, siz öz xeyrinizi bilmirsiniz. Mən sizdən daha yaxşı bilirəm və kimin göydə, kiminsə yerdə məskən salmasını mən təyin edirəm. Necə ki, yuxarıda qeyd olundu, Allah onlara bu cümləni yetirmək istəyirdi ki, bu zahiri həmd, təsbih və ibadətlərinizə öyünməyin, vaxt gələr (imtahan vaxtı) hətta sizin ən çox ibadət edəniniz ki, siz onun moizələrindən istifadə edirdiniz, belə mənim fərmanımdan boyun qaçırıb, təkəbbürlük nəticəsində mənə qarşı itaətsizlik bayrağı qaldıra bilər. Əgər şəhvət və qəzəb qüvvəsini sizdə yaratsaydım, onda günaha düşməməyin, təqvanın çətinliyini başa düşüb özünüzdə bu sifətlərin nə qədər az olduğunu bilərdiniz. Bir sözlə siz mənim işlərimin sirrinə vaqif ola bilmərsiniz.
Adəmin yaranışı və İblisin itaətdən boyun qaçırması
Allah və mələklər arasında olan bu müxtəsər söhbətdən sonra Allah taala Adəmi, bəşəriyyətin atasını və insan növünün yaranışını başladı. Quranda qeyd olunmuşdur ki, Allah insanı gildən yaratdı, sonra öz ruhundan ona üfürdü, onun ardınca mələklərə ona səcdə etməyi əmr etdi və onlar da İblisdən başqa hamılıqla səcdə edərək Allahın fərmanına öz tabeliklərini bildirdilər. Təkcə İblis, Adəmə qarşı olan həsəd və təkəbbürün nəticəsində, Allahın əmrindən boyun qaçıraraq Qiyamət gününə qədər Allah dərgahından qovuldu.
Allah bu itaətsizliyin səbəbini soruşaraq buyurdu: -”Sənin səcdə etməyinə nə mane oldu?” O, cavab verərək dedi: -“Mən ondan üstünəm, çünki Sən məni alovdan, onu isə gildən yaratdın.” Bu sözlə öz batinində məskən salan pis xasiyyətlərdən pərdə götürdü.
Bəli, əmrdən boyun qaçırmaq və Adəmin məqamına həsəd aparmaq onu Allahın feyzlə dolu dərgahından məhrum etdi. Daimi olaraq Allahın rəhmətindən uzaqlaşdı və haqqında bu əmr verildi:
-”Çıx ordan (behiştdən)! Doğrudan da sən qovulmuşsan. Və Qiyamət gününə qədər mənim lənətim olsun sənə.”
Şeytan birdən Allaha yaxınlaşmaq yolunda çəkdiyi əziyyət və etdiyi ibadətlərin heç olmasını başa düşdü. Ümidi kəsildiyi halda dedi: “Pərvərdigara, indi ki, belə oldu Qiyamət gününə kimi mənə fürsət ver.” Allah taala onun istəyinin bir hissəsini qəbul edərək buyurdu: -“Sənə o müəyyən günə (Qiyamət günü) qədər fürsət verirəm.”
Bütün bu bədbəxtçiliyin və zəlalətin əsasını Adəmdə və ona səcdə etməməkdə görürdü, ona görə də ona və onun nəslinə qarşı düşmənçiliyə daimi olaraq öz qəlbində yer verdi, hətta onu qəlbində saxlaya bilməyib tezliklə aşkar etdi. Elə ki, Allah taala onun istəyini qəbul etdi, qəlbində olan pərdəni götürdü. Bundan əlavə Allahı bu işdə təqsirləndirərək dedi: -”İndi ki, məni yolumdan etdin, mən də onların (yollarından azdırmaq üçün) irəlidən, arxadan, soldan, sağdan (hər bir mümkün cəhətdən) yollarına çıxacağam və sən onların çoxlarını şirk edən (Sənə şərik qoşan) görəcəksən. Bu istəyi yaşatmaq üçün hər vasitədən istifadə edəcəyəm, bütün cinayət və pis işləri onların gözündə yaxşı cilvələndirəcəyəm və vədələrlə onları arzularında ümidvar edəcəyəm, o dərəcəyə qədər ki, Allahın xilqətini dəyişdirməyə məcbur olsunlar.
Ancaq Allahın ixlaslı bəndələri bu fitnədən amandadırlar. Belə ki, Allah insanların hidayəti üçün seçdiyi peyğəmbərlərdən o biri aləmdə əhd alaraq onların şeytana itaət etməməklərini, düz yolda həmişəlik qalmaqlarını və açıq-aşkar düşmən olan şeytanın bir an olaraq yaddan çıxartmamağını tövsiyə etdi.
Həvvanın yaranışı
Beləliklə Adəm, bəşəriyyətin atası yarandı, bütün mələklər ona səcdə etdilər və Allahın böyük məqamı olan xəlifəliyə nail oldu. Amma yaşayışın davamı üçün bir sıra ehtiyacları, qərizələri var idi. Allah bunları hikmət üzündən onun vücudunda xəlq etmişdi və bu qüvvələr insan üçün yeni-yeni ehtiyaclara səbəb oldu. Başqa bir tərəfdən bu əhəmiyyətli xilqətin məqsədi təkcə Adəm deyildi, bəlkə Allah bu növün təqvalı və ixlaslı bəndələrində olan həqiqi qiymətini mələklərə göstərmək üçün onun nəslinin artmasını istədi. Bu istəyin reallaşması üçün həmin növdən olan başqa bir vücuda ehtiyac duyuldu və insan nəsli bu iki vücuddan artdı.
Adəmin təklikdən əziyyət çəkməsindən əlavə onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirdi. Buna görə də Allah taala Adəmin xilqətindən artıq qalmış gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. Eyni ilə Adəm kimi onun yaranışını kamilləşdirdi.
Başqa bir yerdə Həvvanın Adəmdən yaradılması nəql olunur. Allah onlara müxtəlif nemətlərdən bəhrələnməyi və behiştdə məskən salmağı icazə verərək belə xitab etdi:
-"Ey Adəm, öz həyat yoldaşınla behiştdə məskən salın və istədiyiniz nemətlərdən firavanlıqla yeyin, amma bu bir ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız."
Bundan əlavə İblisin düşmənçiliyini yenə də onlara xatırlatdı və elə bir iş görməyin ki, behiştdən çıxardılasınız...
Adəm ilə Həvva Behiştdə
Adəm ilə Həvva Allah-taalanın icazəsi ilə behiştdə məskunlaşaraq onun müxtəlif ləzzətli nemətlərindən bəhrələndilər.
Şeytan bütün bədbəxtçiliyinin və Allah dərgahından qovulmasının Adəm tərəfindən olmasını bilirdi. İşarə olunduğu kimi, onunla düşmənçiliyi qəlbində özünə yer etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa olsun onu və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi cəhənnəmlik edəcəyi üçün Allaha and da içmişdir. Belə vəziyyətdə heç cür sakit qala bilmirdi.
Şeytanın Adəm və Həvvanı behiştdən çıxartmaq üçün nə kimi planlar çəkdi, neçə cür dona girdi, ya bir yolla behiştə daxil oldu və ya xaricdən qəlblərinə vəsvəsə saldı, dəqiq məlum deyil. Quran və səhih rəvayətlərdə bu barədə məlumat yoxdur. Amma qeyri-mötəbər rəvayətlərdə tovuz quşu, ya ilan şəklində behiştə girməsi qeyd olunur. Əgər bu rəvayətləri düzgün fərz etsək, ola bilsin özünə xüsusi yaraşıq verməsi və gözəl libaslar geyməsindən kinayə olsun. Yəni, bu cür zahiri gözəlliklə onların yanına gedərək onları aldatdı.
Amma hansı hiylə ilə və hansı sözlərlə Adəm və Həvvanı aldatması təfsilatı ilə Quran və rəvayətlərdə gəlmişdir. Belə nəzərə çarpır ki, şeytan insanda zəif nöqtə tapmaq və onu yoldan çıxartmaq istəyirdi. Bu fikir, Adəm və Həvvaya, təkcə Adəmə meyvə ağacı haqqında verdiyi təklifdən başa düşülür və hansı batini qüvvə zəifliyindən istifadə etməsini bilmək olar.
Şeytan öz hədəfinə yetişmək üçün ürəyiyanan, nəsihət verən bir şəxs kimi zahir olaraq dedi: -“İstəyirsən sənə əbədilik ağacını və fənaya uğramayan mülkü göstərim?” Ya da onların hər ikisinə xitab edərək dedi: -“Pərvərdigarınız sizi bu ağaca yaxınlaşmağı qadağan etdi, çünki qorxurdu mücərrəd (maddəsiz) mələkə dönərsiz, ya da əbədi həyata yetişərsiniz”. Əgər bu ağacdan yesəniz mələkə dönərək həmişəlik behiştdə qalacaqsınız. Hiyləsinin baş tutması üçün sözlərinin ardınca yalandan and içərək dedi: -“Mənim sizə xeyirxahlıq və yaxşılıqdan başqa bir niyyətim yoxdur.”
Nəhayət İblisin hiyləsilə Həvva və Adəm qadağan olunmuş ağaca yaxınlaşıb ona əl vurdular və bu əməl onların behişt nemətlərindən məhrum olmasına və oradan qovulmaqlarına səbəb oldu və ardınca belə xitab gəldi:
-“Hamınız aşağı düşün, sizin bəziləriniz bir-birinizlə düşmənsiniz. Əgər mən tərəfdən sizə hidayət (işığı) saçsa, hər kim ondan itaət etsə, heç vaxt azmaz və bədbəxtçilik ona üz verməz. Amma əgər mənim zikrimdən üz döndərsə onun üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məhşur olacaq (məhşər ayağına çəkiləcək).”
Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib dağına və Həvvanın isə Ciddəyə düşməsini Təbəri və başqaları yazırlar.
Adəm və Həvvanın tövbəsi
Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman oldular və behiştin hədsiz nemətlərinin həsrətində qaldılar. Xüsusi ilə yerdə məskunlaşanda və onun çətinlikləri ilə üzləşəndə. Allah bilir neçə illər tövbə ilə məşğul olub onun ayrılığına ağladılar və nə qədər ahu-nalələr çəkdilər. Allah taala onlara xitab edərək dedi: -Mən sizi o ağacdan nəhy etmədimmi və sizə demədimmi şeytan sizin açıq-aşkar düşməninizdir?”
Onlar öz təqsirlərini etiraf etdilər. Tövbə və bəxşiş istəyərək dedilər:
-”Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamasan ziyankarlardan olacağıq.”
Amma iş-işdən keçmiş və yerə enmə fərmanı verilmişdir. Adəm və Həvva yer üzündə məskunlaşaraq təəssüf və həsrətin onları əvvəlki yerlərinə qaytara bilmədiyini başa düşdülər.
Yenə də Allah öz rəhməti ilə onların səadətə yetişməsi və onları özünə cəlb etməsi üçün başqa qapı açdı. O, da tövbə, istiğfar və əfv istəmə qapısı idi. Bəzi alimlərin dediyinə görə tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə təlim verdiyi əsma elminin bir hissəsidir.
Quranın qissələri təlim və öyrədici xasiyyət daşıyır. Ola bilsin, Allah taala Əbul-bəşər Adəmin əhvalatının bu hissəsində insanlara heç bir halda, hətta Allaha qarşı günaha düçar olanda belə ümidlərini itirməməyə çağırır. Gərək tövbə, istiğfar, əfv istəməklə öz günahlarını yusunlar. Başqa vacib əməllər kimi bunu özlərinə vacib etsinlər. Necə ki, alimlər bunun vacibliyinə fitva veriblər.
Burada Quran müxtəsər izahla desək, belə buyurur: -“Adəm öz yaradanından öyrəndiyi sözləri xatırladaraq Allaha tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 325 Bölmə: Maraqlı melumatlar