Hava nəqliyyatından istifadə edərkən təyyarənin havasının tənəffüs yolu və ürək xəstəliklərini bir qədər çətinləşdirdiyini bildirən türkiyəli mütəxəssis Əmrə İlhan bu səfərləri rahat keçirə bilmək üçün bir sıra təkliflər irəli sürür.
Burun tutulmaları ürək xəstəliklərini daha da ağırlaşdıra bilər. Təyyarədəki oksigenin miqdarı havadakından az ola bilər. Bu vəziyyət sağlam insanlarda problemə səbəb olmasa da, burun tutulmasından əziyyət çəkənlərdə tənəffüsün çətinləşməsinə, ağ ciyər və ürək xəstəliyi olanların vəziyyətini isə daha da ağırlaşdıra bilər. Buna görə də həmin xəstələr yaxşı olar ki, müalicə aldıqdan sonra təyyarədən istifadə etsinlər.
Təyyarədə saqqız çeynəməklə qulağın sağlamlığını qorumaq olar. Təyyarədəki hava təzyiqinin təyyarə qalxarkən, yaxud enərkən dəyişməsi nəticəsində qulaqda eşitmə itkisi ola bilər. Qulağın sağlam eşidə bilməsi üçün qulaq pərdəsinin xarici qulaq yoluna baxan tərəfindəki, yəni xarici qulaq yolundakı təzyiqlə qulaq pərdəsinin arxasında qalan orta qulaq boşluğundakı təzyiq eyni olmalıdır.
Soyuqdəymə, allergiya, sinusit kimi xəstəliklər uçuş zamanı orta qulaq təzyiqinin tarazlıqda olmasına mane olur. Bundan başqa, daha rahat uçuş keçirmək üçün bol su içmək məsləhətdir. Bədənimizdəki hava boşluqları genişlənən havaya ağrı ilə cavab verə bilər. Buna görə də uçuş zamanı ciddi ağrılar meydana gələ bilər. Qazlı içkilər bu problemləri daha da artırdığı üçün onlardan istifadə etmək məsləhət deyil. Uçuş zamanı daha çox hərəkət etmək və yuxarıda deyildiyi kimi, qazsız su içmək lazımdır. Ən əsası isə xəstəliyi olanlar uçuşdan əvvəl mütləq həkimə müraciət etməlidirlər.
Təyyarə qalxarkən və ya enərkən:
— Əyləşdiyiniz andan etibarən davamlı olaraq nəfəs alıb-verin.
— Ağzınızı və burnunuzu bağlı saxlayın.
— Udqunmaq, saqqız çeynəmək, şirniyyat yemək sizin bu vəziyyətdən xilas olmağınıza kömək edəcək.
Problemlərin qarşısını almaq üçün:
* Hava limanına getmək üçün kifayət qədər vaxt ayırın.
* Uçuşunuzu planlaşdırın və buna əvvəlcədən hazırlaşın.
* Bol-bol su için.
* Qazlı və kafeinli içkilərdən çəkinin.
* Təyyarənin salonunda hərəkət edin.
* Xroniki xəstəliyiniz varsa, uçuşdan əvvəl həkimlə məsləhətləşin və lazım olan dərmanları yanınızda saxlayın.
Tarix: 10.12.2014 / 18:28 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqlı Melumatlar