Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ştirlisin silahdaşlarının" yerinə "Ceyms Bondlar"...

Əsirlərin mübadilə edilməsi ənənəsinin dərin tarixi kökləri var. XX əsrdə silahlı qarşıdurmadansa, gizli əməliyyatlara daha çox üstünlük verildiyi bir zamanlarda «ifşa olunmuş» casusların mübadiləsi də ənənə şəklini almışdı. Bu ənənə yenidənqurma dövründə və Sovet İttifaqının dağılması illərində «unuduldu». Lakin son illərdə indiki Rusiya və ABŞ rəhbərləri bunu yenidən gündəmə gətirdilər. Analitik.az rus kəşfiyyat tarixinin ən məşhur mübadilələrinin bir neçəsini təqdim edir.

1962-ci il. Abel – Pauers

1962-ci il fevralın 10-da SSRİ və ABŞ arasında casuslarla mübadilələr içərisində səs-küyə səbəb olanlardan birincisi baş tutmuşdu. Birləşmiş Ştatlar ABŞ-ın ərazisində kəşfiyyat şəbəkəsinə uğurla rəhbərlik etmiş sovet kəşfiyyatçısı Rudolf Abeli 1948-ci ildə SSRİ-yə verdi. O, sovet qeyri-leqal kəşfiyyatçısı, «Vik» ləqəbli telefonoqramçı tərəfindən ifşa olunaraq, Federal Tədqiqatlar Bürosu ( FTB) tərəfindən 1957-ci ildə həbs edilib. Abel kəşfiyyatçı olduğunu inkar etdi və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığa getmədi. O, 32 il azadlıqdan məhrum edilib.

Sovet İttifaqı, öz növbəsində, U-2 amerika kəşfiyyat təyyarəsinin pilotu Frensis Pauersi təhvil verdi. Onun təyyarəsi Sverdlovsk rayonunda 1 may 1960-ci ildə vurulmuşdu və casusluğa görə 10 il müddətinə həbs olunmuşdu. Əvəzolunma Qlinski körpüsündə keçirildi. Hafel çayı üzərindən salınmış, Berlin və Postdamı birləşdirən körpü bu cür mübadilələrdə mütəmadi istifadə olunduğundan, sonralar “casus körpüsü” adını alıb. Əslində, amerikalılar məhz kimi dəyişdiklərini bilmirdilər. Sovet kəşfiyyatçısının əsl adı Vilyam Fişer idi. Həbsdən sonra Sovet İttifaqına siqnal vermək və anlatmaq üçün ki, o, satqın deyil, Fişer həmkarının — sovet kəşfiyyatının əməkdaşı Rudolf Abelin adından istifadə etdi. Əsl Abel hələ 1955-ci ildə ölmüşdü. Daha sonralar da Fişer geniş dairələr üçün Abel olaraq qalıb. Onun əsl adı yalnız 1980-ci illərin sonunda ictimaiyyətə məlum olub.

1964-cü il. Molodıy — Viln

22 aprel 1964-cü ildə həmin Qlinski körpüsündə Sovet İttifaqı britaniyalı kəşfiyyatçı Qrevill Vilni sovet kəşfiyyatının Böyük Britaniyadakı rezidenti Konon Molodıya dəyişdirdi.

Konon Molodıy — SSRİ-nin ən uğurlu kəşfiyyatçı kadrlarından biri idi. Qordon Lonsdeyl adı altında 1954-ci ildə Kanadada bir il işlədikdən sonra o, Böyük Britaniyaya köçdü. Burada onun vəzifəsi amerika və britaniya hərbi-hava və hərbi-dəniz bazaları haqqında olan məlumatları toplamaq və sualtı qayıqlarda nüvə reaktorlarının yaradılması və istismarı sahəsində, eləcə də bakterioloji silahın hazırlanması işləri haqqında məlumat ötürmək olub.

Мolodıy — Lonsdeyl mehriban bir insan idi, adamlarla əla ünsiyyət qabiliyyəti vardı və o, varlı, yuxarı təbəqə insanları arasında fırlanırdı. Kəşfiyyatçı burada öz şəxsi firmasını açdı, özü də biznesi o qədər uğurla gedirdi ki, Мolodıy əsas işlərindən yayınmayaraq, milyonçu oldu. Casusa Britaniya Hərbi Dəniz qüvvələrinin (HDQ) şifrləyicisi Harri Xoutonu ələ almaq mümkün olub. Harri SSRİ üçün milyardlarla dollar vəsaitə qənaət edən yeni silah növlərinin işlənməsi haqda sirləri Molodıya ötürürdü. Özü də Хоutоn heç bilmirdi ki, sirlərini sovet kəşfiyyatçısına satır, o güman edirdi ki, amerikalı ilə iş birliyi var — o zamanlar casusluq ABŞ-ın öz müttəfiqləri üçün adi bir iş kimi qəbul olunurdu.

Lonsdeyl polşalı bir kəşfiyyatçı Qərbə qaçdıqdan sonra həbs edilib. Həmin kəşfiyyatçı Xoutonun məlumat ötürdüyündən xəbərdar idi. Maraqlısı odur ki, həbsindən bir az əvvəl Molodıy-Lonsdeyl kraliçanın əlindən 1961-ci ildə «Birləşmiş Krallıq naminə sahibkarlıq fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə» cəngavər titulu alıb.

Britaniyalı Qrevill Viln — bir neçə il ərzində Qərbə gizli məlumatlar vermiş, Radiotezliklərin İdarə Olunması Dövlət İdarəsinin ən uğurlu «casusu», polkovnik Oleq Penkovski ilə əlaqədə idi. Viln Budapeştdə Penkovskinin həbsindən dərhal sonra həbs edilib. Britaniyalı hər şeyi inkar edirdi, lakin o, Penkovskinin ifadələri ilə tam ifşa edilmişdi. Nəticədə Penkovski özü güllələndi, Viln isə 8 il həbs cəzası aldı, 11 aydan sonra Molodıy ilə dəyişdirildi.

1976-cı il. Korvalan — Bukovski

1976-ci ilin dekabrında kəşfiyyatla birbaşa əlaqəsi olmayan mübadilə baş verib. Neytral İsveçrədə Sovet İttifaqı dissidenti Vladimir Bukovski ilə Çili Kommunist partiyasının lideri Luis Korvalanı dəyişdirdi.

Korvalan həbsxanaya 1973-cü ildə — hərbi çevriliş nəticəsində Çilinin qanuni prezidenti sosialist Salvador Alyende devrildikdən və qətlə yetirildikdən sonra düşüb. O, hakimiyyətə gələn general, faşist Auqusto Pinaçetin qəzəbinə səbəb olmuşdu.

Vladimir Bukovski 1972-ci ildə SSRİ-də «antisovet təşviqatı və təbliğatı» maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sovet qanunvericiliyini nəzərə alsaq, Bukovski tamamilə haqlı olaraq azadlıqdan məhrum edilmişdi. O özü etiraf edir ki, 14 yaşında Nikita Xruşşovun stalinizm cinayətləri haqqında məruzəsini eşidəndən sonra antikommunist olub . O, bundan sonra dissident hərəkatına fəal olaraq qoşulub və öz fəaliyyəti ilə hüquq-mühafizə orqanlarının işini xeyli çətinləşdirmışdi. Yeri gəlmişkən, Korvalan ilə mübadilə faktının özü bunu təsdiqləyir.

SSRİ-də Кorvalanı şəxsən Leonid Brejnev qəbul etmişdir — Bukovskini isə ABŞ-da prezident Cimmi Karter.

Bukovski və Korvalan ideyalarından heç vaxt geri çəkilmədilər — Çili kommunisti 1983-ci ildə qeyri-leqal olaraq, vətəninə qayıdandan sonra ömrünün sonunadək öz ölkəsində sol qüvvələrin xeyrinə çıxış edib. Sovet casusu isə əvvəlki kimi rejimin dəyişdirilməsini arzulayıb.

1986 il. Ər-arvad Kexerlər — Şaranski

1986-ci il fevralın 11-də SSRİ və ABŞ-a Qlinski körpüsü yenə də lazım oldu. Baxmayaraq ki, Sovetlər İttifaqında yenidənqurma artıq başlamışdı, köhnə ənənələr hələ qüvvədə idi.

Birləşmiş Ştatlar Karel və Xana Kexer ər-arvadını SSRİ-yə verdi. Karel və onun arvadı hələ 1965-ci ildə siyasi əhəmiyyətli məlumatların toplanması məqsədi ilə ABŞ-a göndərilmiş keçmiş sovet Cexoslovakiyasının (ÇSSR) kəşfiyyat agentləri idilər.

Karel Kexer vəzifəsinin öhdəsindən məharətlə gədi. O, ABŞ-ın Kolumbiya universitetini bitirib, 1970-ci ildə dissertasiya müdafiə edərək, fəlsəfə doktoru olub. Maraqlıdır ki, elmi rəhbəri məşhur politoloq-antikommunist Zbiqnev Bjezinski olub. Eyni zamanda Kexer «Azad Avropa» radiosunda məsləhətçi işləyib və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) diqqətini cəlb edib. 1972-ci ildən Karel Kexer Sovet İttifaqı və Şərqi Avropa ölkələrinin Mərkəzi Kəşfiyyat İdarəsi şöbəsində Əməliyyat direktorunun məsləhətçisi işləməyə başladı. 12 il ərzində o, Çexoslovakiyaya və Sovet İttifaqına Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyəti haqqında qiymətli məlumatlar verirdi.

Kexer özü səhvə yol verməmişdi — onu sovet kəşfiyyatındakı agent ələ vermışdi. O, əmin idi ki, bu, «DTK-nı ifşa edənlərdən» biri kimi tanınan məşhur polkovnik Oleq Kalugin idi. 1984-ci ilin dekabrında Kexer arvadı ilə birlikdə həbs olunub və dəyişdirilməzdən əvvəl Amerika həbsxanasında 11 ay məhkumluq həyatı yaşayıblar.

Sovet İttifaqı kəşfiyyatçıları Çexoslovakiyaya qaytardı — onların əvəzində isə dissident Anatoli Şaranskini verdi. Şaranski 1970-cı illərin ortalarında «Helsinki qrupunun» təşkilatçılarından biri olub, həmçinin İsrailə sərbəst getmək istəyən yəhudi fəalları sırasına daxil idi.

Şaranski Moskvada xarici jurnalistlərlə görüş keçirərək, SSRİ-də insan hüquqlarının pozulması haqqında məlumatlar verirdi. Onu 1970-ci ildə Vətənə xəyanət maddəsi ilə ittiham etdilər və 13 il həbs cəzası kəsdilər. Şaranskini məhkumluq həyatından yalnız Kexerlərin ABŞ-də həbs olunması xilas etdi.

Şaranski İsrailə köçərək, parlaq siyasi karyerasını qurdu — SSRİ-dən qaçanlarla birgə partiya yaratdı, İsrail parlamentinin deputatı, həmçinin ticarət, inşaat, sənaye və daxili işlər nazirliklərində yüksək vəzifələrdə çalışdı.

2010-cu il. 10 kəşfiyyatçı — 4 casus

«Yeni ənənə — unudulmuş, amma nə vaxtsa yaxşı olmuş köhnədir», deyə Rusiya və Amerika xüsusi xidmət orqanlarının nümayəndələri 2010-ci ilin iyununda düşündülər. Bu məsəl ABŞ -da birdən-birə 10 rus kəşfiyyatçısı — qeyri-leqalların həbs olunması zamanı yada düşüb.

Polkovnik Aleksandr Poteyevin Qərbə qaçması buna səbəb oldu. O özünün “yeni sahiblərinə” qeyri-leqalların adlarını açıqlamışdı. 2011-ci ilin iyununda Moskva hərbi məhkəməsi Poteyevi qiyabi olaraq, 25 il azadlıqdan məhrum etdi və eləcə də «polkovnik» hərbi rütbəsindən, dövlət mükafatlarından məhrum etdi. Lakin bu çətin ki, haradasa Mayami-biç çimərliklərində isti günəş altında kef edən xaini məyus etdi.

Poteyevin ələ verdiyi agentlər içərisində kifayət qədər müxtəlif personajlar vardı — müxtəlif verilişlərin aparıcısı, son illər Rusiya TV-sində çalışan məşhur Anna Çapman, 30 ildən çox qeyri-leqal iş stajı olan Sovet İttifaqı Qəhrəmanı, general-mayor Mixail Vasenkov ... Onlar arasında on birinci qeyri-leqal şəxs də olub. ABŞ agent şəbəkəsi ilə əlaqəsi güman edilən bu şəxs — Kristofer Мetsos Kiprdə yaxalanmışdı. 55 yaşlı kişi İnterpolun orderi ilə Kipr hökuməti tərəfindən həbs olunub. Məlum olub ki, belə pasport məlumatları ilə mövcud olan insan uşaq ikən vəfat etmişdi və «Kristofer Metsos»un əslində kim olduğu məlum deyil. Amerikalılar daha bir mükafat kimi «Мetsos»u əldə etmək istədilər, amma o, zaminə buraxılıb, itdi. Bununla da peşəkar oyunçu dərəcəsini bir daha nümayiş etdirdi...

Mübadilə 2010-cu il iyulun 9-da ildırım sürətilə keçirilib. 10 agent Rusiyada casusluqda ittiham olunan 4 kəşfiyyatçı ilə dəyişdirildi.

Bu mübadilədə ABŞ əlverişli formula seçdi: mübadilə edilmək üçün rusiyalı casuslar günahlarını etiraf etməli idilər və amerikalı diplomatlar onları "əfv edilənlər" adlandırdılar. Eyni zamanda təhvil aldıqları dörd casusun Rusiyada ədalətli mühakimə olunduqlarını inkar etdilər.


Tarix: 26.11.2014 / 19:06 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Maraqlı Melumatlar
loading...