Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ölü dəniz" niyə belə adlanır?

"Ölü dəniz" planetimizin ən aşağı nöqtəsi hesab olunur. Bu dənizin sahillərində suyun səviyyəsi dünyada ən aşağı həddədir. Suyunun səviyyəsi hər il 1 metr aşağı düşür və dünyanın ən duzlu dənizi hesab edilir. Çünki burada suda olan duzun miqdarı 33-35% təşkil edir.

Qədim yazılarda dənizin adı – “Asfalt dəniz” kimi də göstərilirdi. İsrail və İordaniya sahillərini yuyan “Ölü dəniz” dünyanın ən maraqlı yerlərindən hesab olunur. Qumsuz sahillərə malik olan dəniz (bu nadir bir haldır) özünə dünyanın hər bir yerindən saysız-hesabsız turist cəlb edir. Hər şeyi bilmək həvəsində olanlar təbiətin bir möcüzəsi olan bu dənizi yaxından seyr edir, hətta dənizin “adamı batırmayan” suyuna baş vuranlar da olur. Bu dənizdə adam batmır. Dənizin suyunun həddən artıq duzlu olduğu üçün hər kəs suyun üzərində uzanaraq sərbəst, suya batmadan kitab, qəzet, jurnal oxuya bilir.


“Ölü dəniz”in adı yəqin ki, hamıda maraq yaradır. Bir çoxları bilmir ki, dəniz niyə belə adlanır. Məlumdur ki, “Ölü dəniz” dünyanın ən duzlu dənizidir. Dənizin suyunun 1 litrində 270 qram duz vardır. Bu da həddindən artıq çoxdur. Bu cür duzlu suda ancaq və ancaq ən nadir mikroorqanizmlər yaşaya bilir. Digər canlıların duzlu suda yaşaması mümkün deyil. Bu suya düşən balıqlar həmin andaca ölürlər və onların duzla örtülmüş cəsədləri suyun üzünə cıxır. Buradan da belə nəticə hasil olur ki, bu dəniz bütün canlılar üçün ölüm hövzəsidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, yəhudi dilində bu dəniz - “Yam ha Maked” adlanır ki, bu da – “Qatil dəniz” mənasındadır. Dənizin daha mülayim səslənən digər adı da vardır — “Duzlu dəniz”. Bu dənizə müxtəlif adlar verilmişdir: Lot dənizi, Şərqi dəniz, Asfalt dəniz və s.

Sual oluna bilər ki, bu dənizdə bu qədər duz haradandır?.. Bu sualın cavabı çox sadədir. Dənizə tökülən çayların tərkibində duz vardır. Dənizin isə heç bir axarı yoxdur. Dəniz suyunun çıxarı ancaq buxarlanmadır. Su buxarlanarkən tərkibindəki duz buxarlanmır, dənizdə qalır. Neçə minilliklərlə dənizin dibində yığılıb qalan duz dənizi ölü bir hövzəyə çevirmişdir. Göründüyü kimi, hələ lap qədimlərdən bu su hövzəsini insanlar haqlı olaraq “Ölü dəniz” adlandırmışlar. Suyunda heç bir canlı olmadığından bu su hövzəsi belə qorxunc ad almışdır. Əslində isə bu su hövzəsı – göldür, böyüklüyünə görə dəniz adı almışdır.


Tarix: 10.12.2014 / 18:24 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqlı Melumatlar
loading...