İtirilmiş 20 böyük şəhər
1. Tikal
Mayyalıların ən böyük şəhər-dövlətlərindən biridir. İndiki Qvatemalanın Peten bölgəsində yerləşiи və 60 km2 ərazini əhatə edib. Bu şəhər milladdan öncə VII əsrdə salınmış, çiçəklənmə dövründə əhalisinin sayı 200 min nəfərə çatıb. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşib. “Tikal” adının mənası mayya dilindən tərcümədə «ruhların səsinin eşidildiyi yer» mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan “Yaş — Mutul” (yaşıl bağ) qeyd olunur. Tikalın tarixi başdan-başa dramatik anlarla doludur. İnsanlar çoxsaylı müharibələrdən və üsyanlardan sonra buranı tamamilə tərk edib. Bu, X əsrin sonlarında baş verib və indiyədəkTikal kabuslar şəhəri olaraq qalır.Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilib. 1979-cu ildən milli park UNESCO-nun siyahısına daxil edilib.
2. Ktesifon
Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 km2 sahəni əhatə edən bir şəhər olub. II əsrdən VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir.
3. Böyük Zimbabve
Afrika dövləti olan Zimbabvenin ərazisində yerləşən qədim şəhərin xarabalıqları belə adlanır. Arxeoloqların fikrincə, bu şəhər 1130-cu ildə meydana gəlib və üç əsr ərzində şon xalqının əsas ziyarətgahı hesab edilib. Hündür daş divarlardan ibarət şəhərdə eyni zamanda 18 000 min nəfərə yaxın insan yaşayıb. Bu gün şəhər divarları özündə ən heyrətləndirici abidə olan Böyük Zimbabveni təmsil edir. Divarlar heç bir inşaat məhsulu istifadə edilmədən qurulub, onların hündürlüyü beş metrə çatır.
4. Mohenco-Daro
Hind sivilizasiyası ilə əlaqədar olan bu şəhərin adının mənası “Ölülər təpəsi” deməkdir. Şəhər dörd min beş yüz il əvvəl indiki müasir Pakistanın ərazisində İnda çayının vadisində yaranıb. Cənubi Asiyanın ilk şəhərlərindən biri olan Mohenco-Daro Misir piramidalarının müasiridir. Şəhər min il ərzində çiçəklənmiş və əhalisinin sayı 50 min nəfərə çatıb. Ancaq sonunda əhali şəhəri tərk edib. Arxeoloqlar belə təxmin edirlər ki, buna səbəb arilərin hücumu olub.
5. Bagerhat
Bu şəhər Banqladeşin cənubunda Qanq vəBrahmaputra çaylarının qovşağında yerləşir. XV əsrdə salınıb. Çiçəkləndiyi dövrdə 360 məscid fəaliyyət göstərib. Ancaq Bagerhatın əsasını qoyan şəxsin vəfatından sonra şəhərin tənəzzülü başlayıb. İndi şəhərin 1 hissəsi təmizlənib, bura turistlər üçün turlar təşkil edilir.
6. Mesa-Verde milli parkı
Hazırda ABŞ-ın Kolorado ştatının cənub-qərbində 211 km2 sahəni əhatə edən bu park 1906-cı ildə salınıb. Parkın adı yaylalardan birindən götürülüb. İspan dilindən götürülmüş adın mənası “yaşıl stol” deməkdir. Mesa-Verde milli parkında VI-XIII əsrlərdə hindu anasazi tayfaları tərəfindən inşa edilmiş qədim şəhərin xarabalıqları var. Parkda ən böyük tikili ildə 700 mindən çox turist cəlb edən “Qayalı saray”dır. Təxminən 1300-cü ildə əhali şəhəri tərk edib. Bunun səbəbi dəqiq bilinməsə də, davamlı quraqlığın olması təxmin edilir.
7. Vicayanaqar
1336-cı ildən XVII əsrin ortalarınadək hökm sürmüş qüdrətli imperiyanın paytaxtı kimi bu şəhər Hindistanın cənubunu əhatə edib. Şəhərin adının mənası “Qələbə şəhəri” anlamındadır. Hazırda şəhərin yerində Hampi kəndi yerləşir. Doğrudur, burada şəhərin böyük xarabalıqlarından başqa fəaliyyət göstərən hind məbədləri, o cümlədən Vicayanaqardan da böyük olan Pampapathi məbədi də yerləşir.
8. Ani
Arpaçayın Qərb sahilində yerləşən Ani Anadoludakı qədim orta əsr şəhərlərindən biridir. Ani İpək Yoluyla Anadoluya girişdə ilk yaşayış yeri olduğundan, həm də böyük ticarət məntəqəsi kimi məşhur olub. IV əsrdə qarsaqlılar tərəfindən əsası qoyulmuş şəhər günümüzə qədər bir neçə dövlətin tərkibində olub, bir neçə mədəniyyət dönəmi keçib. X əsrdə artıq yüz min nəfərə qədər əhalisi olan böyük Ani şəhəri mənbələrdə həm də min bir kilsəli şəhər adıyla xatırlanır. Ani şəhərinin tarixi e.ə. IV minilliyə qədər uzanır. Orta əsrlərin ən zəngin şəhərlərindən olan Ani yüksəliş dövrünü erməni Baqratilər sülaləsi zamanında yaşayıb. Belə ki, 961-1045-ci illərdə çarlığın paytaxtı olub. Şəhər o qədər gözəl, o qədər zəngin olub ki, bütün qonşu dövlətlər ona sahib olmağa çalışıblar. Qırx qapılı, min bir kilsəli Ani ermənilərdən sonra Səlcuqlar, Gürcü krallığı, monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Rusiya mədəniyyətlərinin daşıyıcıları olan dövlətlərə tabe olub və Anidə hər mədəniyyətdən bir xatirə qalıb. Ona görə də bu gün Türkiyədə Aniylə bağlı məşhur bir məsəl var: Ani bir dünyadır, amma bir dünya Ani etməz.
9. Fiv
Şəhər Aralıq dənizindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşir. Ərazidə əhalinin ilk məskunlaşması miladdan öncə 3200-cü ildən 2000-ci illərə təsadüf edir. Fivdə 40000 nəfərədək əhali yaşayıb. Dünyanın ən böyük şəhəri statusunu miladdan öncə 1000-ci ilədək saxlayıb. Hətta indi də şəhərin xarabalıqları öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Fiv şəhərinin ən böyük abidəsi Luksor məbədi, Karnak məbədi (Qədim Misirin ən böyük məbəd kompleksi) və Tutanhamonun sərdabəsidir.
10. Karfagen
Şimali Afrikada, indiki Tunisin ərazisində yerləşən şəhərin əsası milladdan öncə 814-cü ildə Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulub. Adının mənası Finikiya dilində “yeni şəhər” deməkdir. Şəhər uzun bir zaman kəsiyində müxtəlif dövlətlərin paytaxtı olub. Karfagen dövləti Roma Respublikası ilə aparılmış uzun müharibələrdən sonra miladdan öncə 146-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilib, Karfagen şəhəri tamamilə dağıdılıb, lakin tezliklə romalılar Karfageni yenidən bərpa edib. Roma imperiyasının süqutundan sonra Vandal krallığının paytaxtı olub. Şəhərin tamamilə süqutu VII əsrdə ərəblərin hücumu zamanı baş verib. Bununla belə şəhərin Roma dövrünə aid xarabalıqları bu günədək qalmaqdadır.
11. Persepol
İndiki İran ərazisində Şirazdan 50 km şimal-şərq hissədə yerləşən şəhər miladdan öncə 560-cı ildə yaranıb. Əhəmənilər dövlətinin paytaxtı olub. Böyük şəhər adını qoruyaraq uzun müddət əldən-ələ keçib. Ancaq ərəblərin işğalı zamanı Persepol bütünlüklə xarabalığa çevrilib. Persepolda saray komplekslərinin, mədəniyyət abidələrinin və s. qalıqları saxlanılıb. Hazırda xarabalıq 135 000 m2 sahəni əhatə edən böyük saray kompleksindən ibarətdir. Şəhərdən 5 km aralıda Nəqşi-Rüstəm sərdabəsi yerləşir. Şəhərdə həmçinin su kəməri və kanalizasiyalar olub. Bunların tikintisində qul əməyindən istifadə olunmayıb. Şəhərin ən böyük və məşhur abidəsi nəhəng Apadan sarayıdır.
12. Efes
Şəhər Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində çiçəklənib, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir və demək olar ki, keçilməz bataqlıq altında gizlənib.
13. Palenke
Şəhər III-VIII əsrlərdə Mayya sivilizasiyasının siyasi və mədəni həyatında böyük rol oynayıb. Baakul dövlətinin paytaxtı olub. Dövrümüzədək az bir hissəsi gəlib çatmış möhtəşəm daş tikililər 600-800-cü illərdə inşa edilib. Onların arasında Günəş məbədi, Xaç məbədi və Yazı məbədi də var. Tayafalararası müharibələr nəticəsində şəhər baxımsız qalır. Bu, Kolumbun kəşfinə qədər davam edir.
14. Pompey və Herkulanum
Neapol körfəzi yaxınlığında salınmış bu iki şəhər vulkan püskürməsi nəticəsində məhv olub. Miladdan öncə 24 avqust 79-cu ildə Vezuvi vulkanının püskürməsi başlayanda Pompey əhalisini ölüm qəfil yaxalayır. Daha sonra şəhər qalın vulkan külünün altında qalır. Herkulanum şəhərinin əhalisinin isə bəxti bir az gətirib. Belə ki, şəhər vulkan külü ilə örtülməzdən qabaq əhalinin çoxu şəhəri tərk edib.
15. Petra
İndiki İordaniya dövlətinin ərazisində, dəniz səviyyəsindən 900 m hündürdə yerləşən şəhəri tarixən Nəbatilər dövlətinin paytaxtı olub. Şəhərin adı yunancadan “daş” deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılıb. Qədimdə şəhər ticarət yolları qovşağında yerləşdiyindən bu, ona saysız-hesabsız sərvət gətirib. Lakin zamanla romalılar dəniz yollarını işğal edib, quru yol ticarəti zəifləyib, əhali tədricən şəhəri tərk edib və şəhəri Ərəbistan səhrasının qumları udub. Burada mükəmməl şəkildə mühafizə edilmiş möhtəşəm qədim tikililəri görmək olar.
16. Anqkor
Şəhər IX əsrdən XV əsrədək Cənub-Şərqi Asiyadan hökmdarlıq etmiş Kxemer imperiyasının paytaxtı olub. Tonlesap gölü sahilində, Kambocanın paytaxtı-Pnompendən 240 km şimal-qərbdə yerləşib. Anqkor dövrümüzədək şəhər kimi deyil, şəhər-məbəd kimi gəlib çatıb. Kxemer imperiyası zamanında ev və ictimai binaları ağacdan inşa edərdilər, bu tikililər rütubətli və isti tropik iqlimdə tez sıradan çıxırdı. Lakin məbədlərin tikintisində daha çox qum daşından istifadə edilib. Möhkəm divarlar isə tuf daşından hörülüb. Buna görə məbəd yaxşı qalıb. Bu gün o, əzəməti ilə dünyanın diqqətini özünə cəlb edib. Şəhərin meydanı — məbəd 400 km2-dən çox sahəni əhatə edir və bu möhtəşəm tikililər insanı heyrətləndirir.
17. Syudad-Perdida
Kolumbiya ərazisində yerləşən şəhərin əsası 800-cü ildə qoyulub. Adı ispan dilindən tərcümədə “itirilmiş şəhər” anlamındadır. Syudad-Perdida 1972-ci ildə təsadüf nəticəsində yerli qəbir oğruları tərəfindən aşkar edilib. Oğrular daş pillələr aşkar edir, onları izləyərək dağa qalxırlar və “yaşıl cəhənnəm” adlandırdıqları baxımsız şəhəri tapırlar. Bundan sonra bazarda şəhərin qızıl heykəlcikləri, kirəmitli qabları peyda olanda Kolumbiya hakim dairəsi bu məsələ ilə maraqlanmağa başlayır. Ərazidə daima hökumət ordusu ilə müxtəlif silahlı qruplar arasında döyüşlər getdiyindən buraya gələn tursitlər həyatlarını böyük riskə atırlar, hətta rəsmi şəkildə Kolumbiya ordusu tərəfindən qorunmaları təmin olunsa belə. Syudad-Perdidanın yolu da kifayət qədər çətin olduğundan bura çıxmaq çox böyük fiziki hazırlıq tələb edir.
18. Maçu-Pikçu
İndiki Peru ərazisində dəniz səviyyəsindən 2430 m yüksəklikdə yerləşən şəhər Mərkəzi And yaylasından başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır. Şəhər 1440-cı ildə son ink imperatoru Paçakutek tərəfindən salınıb və 100 il bundan sonra bu ölkəni fəth etmiş ispan işğalçılarından gizli saxlanılıb. Maçu-Pikçu 1532-ci ilədək mövcud olub. Belə ki, həmin ərazinin sakinləri məlum olmayan səbəblərdən yoxa çıxıb. Qədim inklərin rəmzi hesab olunan şəhər 2007-ci ildə “dünyanın yeni möcüzəsi” adını alıb.
19. Çiçen-İtsa
Mayya sivilizasiyasının qədim böyük şəhərlərindən olan Çiçen-İtsanın əsası VII ərsdə qoyulub. İtsa xalqının müqəddəs şəhəri Yukatan yarımadasının şimalında yerləşir. Adının mənası “İtsa tayfasının quyusunun ağzı” deməkdir. 1194-cü ildə əhali bilinməyən səbəblərdən şəhəri tərk edib. İspan işğalçıları çoxlu əlyazmaları məhv edib, buna görə də arxeoloqlar şəhərin süqutunun əsl səbəbini izah edə bilmir. Bu gün Çiçen-İtsanın məbədləri və piramidaları turistləri özünə cəlb edir.
20. Ksanadu
Monqolustan ərazisində yerləşir. Qərbdə daha çox “Kubla xan” adı ilə tanınmış əfsanəvi monqol xanı Xubilay xanın iqamətgahı olub. 1275-ci ildə Marko Polo buranı qızılla bəzədilmiş möhtəşəm mərmər saray kimi təsvir edib. Lakin şəhərin ancaq xarabalığı dövrümüzə gəlib çatıb.
Tarix: 26.11.2014 / 18:16 Müəllif: Aziza Baxılıb: 162 Bölmə: Maraqlı Melumatlar