Tarixin axınını dəyişdirən amansız, zalım diktatoru kim sevər? Hansı qadın əlləri yüzlərlə insanın qanına bulanmış diktatorla yaşamaqdan həzz alar? Bu qadınlar da onlar kimi amansızdırmı?
Bütün bu suallara oxucular Diana Dükretin bestseller olmuş “Diktatorların qadınları” adlı kitablar seriyasında cavab tapa bilər. Kitabda Səddam Hüseyn, Kim Çen İr, Mussolini, Hitler, Çauşevski
kimi məşhurların qadınları və gizli sevgililəri haqda
maraqlı məlumatlar yer alıb.
2006-cı ildə Sarbon Universitetində fəlsəfə tarixi üzrə təhsil almış Dükretin kitabı keçən il yayımlanıb. 100 mindən çox nüsxə ilə satılan, 20-dən artıq dilə tərcümə olunan kitabın bu il ikinci hissəsi də nəşr olunub.
Kitabdan seçmələr:
— Kuba lideri Fidel Kastro 1959-cu ildə “MS Berlin” adlı gəmi ilə Havanaya gedəndə Amerikada yaşayan gənc Marita Lorenzlə tanış olub. Lorenzlə münasibətlər quran Kastro gəminin göyərtəsində onun üzünü əllərinə alaraq “Səni sevirəm, mavi səmam”,-deyə eşq elan edib. Lorenzə Kuba kraliçası olmağı təklif etdikdən sonra onu xüsusi təyyarə ilə Nyu-Yorkdan Kubaya gətiriblər. Aeroportdan birbaşa Kastronun ofisinə gətirilən Lorenz ofisi balaca maşın oyuncaqları ilə dolu görüb. O, Kastronun ən böyük hobbisinin oyuncaq maşınlar olduğunu elə burda öyrənib. Uzun müddət Kastronu ofisdə gözləyib. Kastro romantik mahnı sədaları altında otağa daxil olub və iki saata yaxın ofisdən çıxmayıb. Bu romantik görüşü isə Fidelin qardaşı Raul Kastro yarımçıq qoyub. Otağa girərək Kuba liderini “dövlət işləri ilə məşğul olmadığı” üçün danlayıb və onu özü ilə hansısa görüşə aparıb.
Lorenz liderə sevgisinə görə məşhur aktrisa Ava Qardnerlə üzləşməli olub. Ziyafətlərin birində Qardner gənc qıza liftdə “O it deməli sənsənmiş” deyərək sillə vurub.
— Səddam Hüseyn 1969-cu ildə 16 yaşlı Parisula Lampsos adlı sarışın bir qızla tanış olub. Qızın mavi gözlərinə ilk görüşdən vurulan diktator “Heç vaxt belə gözəl gözlər görməmişəm”, — deyə sevgisini bildirib.
Parisulanın atası onların münasibəti haqqında eşidən kimi qızını Livana göndərib. Səddam Hüseyn üçün geri qayıdan Parisula bu addımının əziyyətini çox çəkib. Sonralar ancaq “sərbəstlik istəyirəm” deyə çırpınan Parisulanın yalvarışları cavabsız qalıb.
4 arvadlı Səddam Hüseynin şəxsi həkimi onun birinci xanımı Sacidə Təlfəhlə bağlı maraqlı bir əhvalat da danışıb. Bir gün Sacidənin xallarından birini əməliyyat etməyə hazırlaşan həkim həmin yeri keyləşdirməyi unudub. Əməliyyata başlayanda bunu anlayan həkim “Sizi yaman ağrıdacaqdım”,- deyib. Qadın özünü itirmədən “Səddama 20 ildən çox dözən insan heç nə hiss etməz” deyə cavab verib. Amma qəribədir ki, hər 4 arvadı onun çox əliaçıq olduğunu və hər istədiklərini etdiyini deyirmiş.
— Şimali Koreyanın eks-lideri Kim Çen İr daha çox eyş-işrətlə məşğul imiş. Bir dəfə beş gənc qız liderin ətrafında rəqs etməyə başlayıb. Lider də onlara “soyunun!” əmrini verib. Sonra işçilərinə qızlarla onlara əl vurmadan rəqs etmələrini istəyib. Çen İrin işçiləri məktəbli, bakirə və xəstəliyi olmayan qızları seçib onun xidmətinə verərlərmiş. Gənc qızlar əsasən seksual xidmətlər göstərir, masaj və rəqs edirmişlər.
— Çin Xalq Respublikasının lideri olmuş Mao Tsedunun dördüncü arvadı Tsiyan Sin isə lider qadınları arasında ən qısqancı olub. Axşam yeməklərinin birində gözəl geyinmiş, bahalı zinət əşyaları taxmış bir qadın içəri girib. Mao gözlərini qadından ayıra bilmirmiş. Buna əsəbiləşən Sin nə qədər paltarı varsa, hamısını üst-üstə geyinib, balaca toplardan boyunbağı düzəldib taxaraq salona yenidən qayıdıb.
Əvvəllər aktrisa olan Sin hakimiyyətə də ən iddialı namizədlərdən olub. Maonun ölümündən sonra lider olacağını düşünsə də, əksinə, “çevrilişə cəhdlə” ittiham edilərək həbsə atılıb. Həbsdə özünü asaraq intihar edib.
Səddam Hüseyndən fərqli olaraq Mao arvadları ilə çox qəddar davranıb. Arvadlarından birinin başının kəsilməsinə səbəb olsa da, cənazəsinə getməyi lazım bilməyib. İkinci arvadı tək-tənha o dünyaya köçüb, bir dəfə də onunla maraqlanmayıb.
— Ən qəribə “diktator qadını” Nasist Almaniyasının Xalqı Maarifləndirmə və Təbliğat naziri Jozef Göbbelsin arvadı Maqda Göbbels olub. Gəncliyində sinəsində David ulduzu nişanı daşıdığı deyilən Maqda uşaqlarını da öldürüb intihar edəndən sonra sinəsində Nasizm nişanı gəzdirdiyi aşkar olunub.
— Sovet lideri Stalin də iki dəfə ailə həyatı qurub. Yekaterina sifilisə yoluxaraq 1909-cu ildə dünyasını dəyişib. Stalin 1918-ci ildə köhnə inqilabçılardan birinin qızı Nadya Alliluevanı ilə evlənib. O, arvadını tez-tez aldadır, çox içkili olanda hamının qarşısında söyərmiş. Yəqin elə bu səbəblərdən Allilueva tapançanı ürəyinə dayayaraq intihar edib.
— Ayətullah Musəvi Xomeyni arvadına qarşı çox hörmətlə yanaşırmış. Arvadı xəstə olduğu dövrlərdə evdə qabları yuyur, uşaqlara yemək yedizdirir və arvadına sevgi dolu məktublar yazarmış. Xomneyinin yeganə mənfi cəhəti arvadını hamıya qısqanaraq azadlığını “əlindən alması” olub.
Tarix: 10.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Maraqlı Melumatlar