Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçüncü Reyxin gizli silahları

Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır.

Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib.

Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib.

Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.

Məlumdur ki, almanlar tərəfindən bir çox modern silahların, eyni zamanda atom bombasının hazırlanması üçün uğurlu layihələr hazırlanmışdı. Bu gün bir çox mütəxəssisin fikrincə, almanlar texnoloji və elmi nailiyyətlərə ancaq yadplanetlilərlə əlaqə sayəsində nail ola bilərdilər. Ola bilsin ki, bu əlaqələrin dərin kökləri olub.

Mütəxəssislər deyir ki, yadplanetli irq Yer planeti sakinlərinin həyatına qarşı biganədir və hətta onların bizlərdən xoşu gəlmir. Ola bilər ki, yapdlanetlilərin dünya bəşəriyyətinə qarşı yüksək humanist məqsəd və dəyərləri yoxdur.

Nasional-sosialistlər Almaniyada hakimiyyətə gəlməzdən öncə ari irqinin köklərini araşdırırdılar və əfsanəvi Şambalanın axtarışı ilə məşğul idilər. Nasistlər dünya hökmranlığını ələ keçirmək üçün sirli biliklərə sahib olmağa can atırdılar. Hətta bəzi alimlərin iddiasına görə, hitlerçilər uzun müddət Şərqdə və Rusiyanın ucqarlarında, Tibetdə məhz informasiya kanalını axtarıblar. Fərziyyəyə görə, bu kanala sahib olduqdan sonra dünyaya hökm etmək mümkün idi. İkinci dünya müharibəsi zamanı da bu kanalı axtarıblar. Himalay və Tibetə çoxsaylı məxfi ekspedisiyalar yola düşüb. Onların tərkibinə alimlər və onların təhlükəsizliyinə cavabdeh olan SS-çilər daxil idi. Bütün axtarışlar ən müasir avadanlıqlarla təchiz edilmişdi. 1935-1939-cu illər ekspedisiyaların ən uğurlu və məhsuldar dövrü sayılır. Amma tədqiqat nəticələri ilə bağlı rəsmi sənədlər yoxa çıxıb. Ya bu sənədlər məhv edilib, ya da keçmiş alman xüsusi xidmət orqanlarının gizli məkanlarında gizlədilib.

Versiyalardan birinə görə, ekspedisiyalardan biri, çox güman ki, Himalay dağlarında qəzaya uğramış “uçan boşqab” tapıb və yadplanetlilərlə əlaqə qurmağa nail olub. İstisna deyil ki, almanlar hətta uçan aparatın ekipajını əsir götürüb və ya kosmik kəşfiyyat bazasını ələ keçiriblər. Yəqin ki, almanların hücumu bazada olan yadplanetlilər üçün gözlənilməz olub. Amma yadplanetlilərin bu hücumdan qoruna bilməməsi fikri inandırıcı görünmür. Çünki almanların silahları onlar üçün primitiv sayılırdı. Çox güman ki, əlaqə qarşılıqlı anlaşma nəticəsində baş verib: yadplanetlilər kosmik gəminin təmiri və texniki xidməti üçün lazım olan materialları almanlardan əldə ediblər. Almanlar isə, əvəzində yüksək texnoloji bilgilər barədə məlumat alıblar.

Bu tip versiyaların səslənməsi təbiidir. Nəyin düz, nəyin yalan olduğuna qərar vermək çətindir. Çünki Almaniyanın o dövr üçün texniki və hərbi sahədə yüksək səviyyədə nailiyyətlər əldə etməsi yerdənkənar sivilizasiyadan əldə edilən informasiya sayəsində mümkün idi. Nəzərə almaq lazımdır ki, bütün bu texniki yeniliklər əldə olunanda Almaniyanın bütün alimləri ölkəni tərk etmişdilər. Nəticədə, elmi məktəblər bağlanmış, elmi-texniki layihələrin işlənməsi dayandırılmışdı. Almanların yeni silah istehsalı sahəsində Amerika Birləşmiş Ştatları və Rusiyanı kölgədə qoyması faktdır. Amma adıçəkilən ölkələr elmi və maddi potensiala görə Almaniyadan qat-qat üstün idilər.

Almaniyanın təslimçilik aktına qol çəkdikdən sonra bəzi texniki nailiyyətlər Hitler əleyhinə qurulmuş koalisiyaya daxil olan müttəfiqlərin əlinə keçdi. Müharibədən sonra bütün ölkələrin texniki kəşfiyyat orqanlarının ciddi-cəhdlə işləməsi bunu təsdiq edən faktdır.

Bütün bu versiyalara baxmayaraq, Hitlerin yadplanetlilərlə konkret əlaqələrinin olduğu barədə maddi sübut və dəlillər yoxdur. Amma dolayı yolla bunu sübut edən faktlara rast gəlmək mümkündür.

Məsələn, 30-cu illərin sonunda Almaniya hərbi qüvvələrinin 57 ədəd sualtı qayığı var idi. Sonradan 4 il ərzində almanlar 1150 super müasir sualtı qayıq inşa etdilər. Bu bir çox strateji materialların çatışmazlığı və Almaniya şəhərlərinin daim müttəfiqlər tərəfindən bombalanması fonunda baş verdi.

İngilis, amerikan və sovet hərbçiləri ələ keçirilmiş, amma qəti zədələnməmiş sualtı qayıqları görəndə böyük təəccüb keçirdilər. Görəsən, dənizçiləri təəccüblənməyə vadar edən səbəb nə idi?

Birincisi, alman sualtı qayıqları tamamilə səssiz hərəkət edirdi. Bu isə düşmən hidroakustika qurğuları tərəfindən axtarışını çətinləşdirirdi. İkincisi, alman sualtı qayıqlarında 8.5 min dəniz mili məsafə qət etmək üçün yanacaq ehtiyatı daşımaq mümkün idi. Bu isə o illər üçün inanılmaz bir rəqəm sayılırdı. Üçüncüsü, alman sualtı qayıqları, digər ölkələrin sualtı qayıqlarından az nəzərə çarpan silueti, inanılmaz manevr qabiliyyəti, əla sükan sistemi, iki ədəd periskopu (sualtı gəmidən baxmaq üçün optik cihaz) ilə fərqlənirdi. Silah kimi qayığın burun hissəsinə 88 millimetrlik top quraşdırılırdı. Üst hissədə isə 20 millimetrlik zenit topu vardı. Dördüncüsü, alman sualtı qayıqlarında avtomatik tuşlanan elektrik torpedaları mövcud idi. Bu torpedalar hərəkət zamanı suda xarakterik qabarcıqlar buraxmırdı. Bu isə torpeda hücumunun olduğunu anlamaqda qarşı tərəfə çətinlik yaradırdı.

Alman sualtı qayıqları yüksək texnoloji səviyyəyə sahib idi. Məsələn, 7-ci nəsil alman sualtı qayıqları Sovet hərbi-dəniz donanmasına verildi və 50-ci illərin sonuna qədər onlardan istifadə olundu. Qeyd etmək lazımdır ki, bu qayıqlardan biri SSRİ-yə 70-ci illərə qədər “xidmət edib”.

Qayıqlarda olan xüsusi qurğu suyun altında havanı dizel mühərriklərə ötürürdü. Müqayisə üçün deyək ki, suyun altına enmiş adi qayıqlarda dizel mühərriklər söndürülür və elektrik mühərriklərinə keçilirdi.

Bundan başqa, alman sualtı qayıqlarında idarəetmə hidravlik sistem vasitəsilə həyata keçirilirdi. Hidravlik laq (gəminin sürətini ölçmək üçün cihaz) və digər texnoloji yeniliklər başqa qayıqlarda mövcud deyildi. Əgər nasistlər, həqiqətən də, yadplanetlilərlə əlaqədə olublarsa, deməli, güclü silah, məsələn, sualtı atom kreyseri istehsal edə bilərdilər. Amma deyəsən, almanlar yadplanetli irqin elə biliklərindən yararlanıblar ki, qısa müddətə yeni silah növləri istehsal edə bilsinlər.

Məsələn, almanlar 1000 km/saat sürətlə hərəkət edə bilən reaktiv qırıcılar istehsal etdilər. Bu təyyarə göstəricilərinə görə bütün müttəfiq ölkələrdə istehsal edən qırıcılardan çox üstün idi. Bugünədək də, kütləvi bombardman altında almanların 1945-ci ildə 2 min hərbi təyyarə istehsal etmələri sirr olaraq qalır.

Alman mütəxəssislər yeni tip mühərrik istehsal etmişdilər. Hərbi analitiklər əminliklə söyləyirlər ki, əgər almanlar bu mühərriki 1944-cü ildə istehsal edib “Messerşmitt Me-163” qırıclarına quraşdırsaydılar, müharibənin gedişatı tamamilə hitlerçilərin xeyrinə dəyişə bilərdi.

Maraqlı faktlardan biri də odur ki, Böyük Britaniya və ABŞ kəşfiyyat orqanlarının gizli arxivlərində hərbi təyyarəçilərin məruzələri var. Bu məruzələrə əsasən, təyyarəçilər ikinci dünya müharibəsi zamanı Almaniya səmasında əsgər dəbilqəsinə və ya boşqaba bənzər uçan aparatlar gördüklərini dəfələrlə qeyd ediblər. Sovet təyyarəçilərinin bu tip faktlarla qarşılaşdıqları barədə məlumat yoxdur.

90-cı illərin əvvəlində alman və çex mətbuatında maraqlı materiallar dərc olunmağa başladı. Bu materiallar II Dünya Müharibəsi zamanı Çexoslovakiyada hərbi qulluqda olan və yeni silahları sınaqdan keçirən alman əsgər və zabitlərinin ifadələri əsasında hazırlanmışdı. Şahidlərin verdiyi ifadəyə görə, 1943-cü ilin payız aylarında onlar səmada qeyri-adi uçan aparatı izləyiblər. Uçan aparat gümüşü rəngdə, diametri 6 metr olan disk formasında olub. Aparat silahla da təchiz edilib və onun topu tank lüləsinə bənzəyirmiş. Diskin alt hissəsində 4 cüt orta ölçülü şassi olub. Bu uçan aparatın sonrakı taleyi barədə məlumat yoxdur. İstisna deyil ki, ingilis və amerikalı təyyarəçilər məhz bu aparatla qarşılaşıblar. Ola bilər ki, sovet təyyarəçiləri də ona rast gəliblər. Amma bu barədə məlumat yoxdur. Çünki II Dünya Müharibəsi barədə sənədlər Rusiya xüsusi xidmət orqanları tərəfindən məxfiləşdirilib.

Başqa bir informasiya da bu səpkidə düşünməyə vadar edir. 90-cı illərin əvvəlində dərc edilən bir xəbərə görə, 47 ildən sonra nasist kosmonavtlar Yer kürəsinə qayıtdı! Aprelin 2-də kosmonavtlar Atlantik okeanından səmaya uçmuşdular. Bəzi mənbələrin dəqiq məlumatına görə, uçuş Hitlerin şəxsi tapşırığı ilə həyata keçirilib. NASA-nın bəzi mütəxəssislərinin fikrincə, Penemyqnde poliqonundan 1943-cü ildə bir raket start götürüb. Raket açıq kosmosa uçub. Əldə edilən məlumata görə, uçuş zamanı kosmonavtlar qocalmayıblar və qayıdarkən Yer planetində uzun müddət uzaq düşdüklərindən xəbərsiz olublar. NASA-ya müraciət edən və bu barədə məlumat əldə etmək istəyən jurnalistlərin sorğusu cavabsız qalıb. Qurum bu məlumatı nə təsdiq edib, nə də inkar edib. Ola bilsin ki, nasist astronavtları unikal məlumata sahib idilər və ABŞ bu informasiyanın yayılmasında maraqlı deyil.

Bu, dolayı yolla da olsa, Üçüncü Reyxin yadplanetilərlə əlaqələrinin olduğunu sübut edir. Bu əlaqələrin hansı müddətdə olduğu barədə də məlumat yoxdur. Nasistlərin yadplanetlilərlə əlaqəsini sübut edən faktlardan biri də Hitlerin tez-tez sirli silahı olduğu barədə verdiyi bəyanatlardır. Amma onun hansı silahı nəzərdə tutduğu naməlum olaraq qalır. Ola bilər ki, Hitler tezliklə kosmonavtların Yerə qayıdacağına, əldə etdikləri informasiya və biliklərlə yeni texnika istehsal edəcəyinə və dünya hökmranlığını ələ keçirəcəyinə ümid edirdi.

Hələlik, Üçüncü Reyxin yadplanetlilərlə əlaqəsi tam açılmayıb. Amma Almaniyanın süqutundan sonra nasistlərin ələ keçirilən elmi-texniki layihələri insanı dəhşətə gətirir və bu barədə konkret düşünməyə vadar edir. Müharibənin sonunda müttəfiqlər bir-birinə etibar etmirdilər və Avropada kommunizmin yayılmasından qorxurdular. Bu səbəbdən də, Almaniyada ələ keçirilən laboratoriya layihələri gizli saxlanıldı. Qərb tarixçiləri və araşdırmaçılarının yazdığı bir çox məqalə və materiallar həddən artıq fantastik və absurd görünə bilər.Bununla belə, bəzi faktlar üzərində düşünmək lazımdır. Məlumdur ki, nasistlər nüvə bombası və yeni silah istehsalı sahəsində ciddi uğurlar əldə ediblər və bundan əlavə, texniki nəaliyyətlərə imza atıblar. Bir çox qərbli araşdırmaçının fikrincə, almanlar bu nailiyyətlərə yadplanetlilər sayəsində çatıblar. “Hitlerin yadplanetlilərlə əlaqəsi olubmu” sualına konkret cavab vermək mümkün deyil. Bu, Üçüncü Reyxin sirri olaraq qaldı. Bu sirri ya yadplanetlilər aça bilər, ya da müəmmanı nasistlərin gizli mağaralarında saxlanılan sənədlər vasitəsilə gün işığına çıxarmaq mümkündür. Hələ ki, bu barədə danışarkən yalnız dolayı faktlara istinad etmək mümkündür.


Tarix: 26.11.2014 / 19:00 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Maraqlı Melumatlar
loading...