Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stüardessa: səmada stil və moda

Dünyada ilk qadın stüardessa tibb bacısı olan Ellen Çerç hesab edilir. 1930-cu il 15 may tarixində o, ilk uçuşunu etmişdir.

24 yaşlı Ellen 8 qızla bərabər “Boinq” kompaniyasında bort baxıcısı vəzifəsinə təyin olundu, onlar müasir stüardessaların vəzifələrini yerinə yetirirdilər. Ellen Çerç ilk qadın stüardessadır, ondan əvvəl bu vəzifəni yalnız kişilər (stüart) icra edirdilər.

Onlar ayrı-ayrılıqda sərnişinləri və onların əşyalarını tərəzidə çəkirdilər. Təyyarəyə yanacaq doldururdular və hətta təyyarələri uçuşdan sonra dayanacağa çəkirdilər. O zamanlar stüardessa işləmək istəyənlərin xüsusi miniatür parametrlərdə olması tələb olunurdu. Belə ki, onların boyu 160 sm-dək, çəkisi isə maksimum 50 kq olmalı idi. Hal-hazırda isə müxtəlif aviakompaniyalarda stüardessa üçün müxtəlif parametrlər tələb olunur.

Pilotlardan fərqli olaraq, stüardessa sərnişinlərlə birbaşa ünsiyyətdə olan bir ekipaj üzvüdür. Buna görə də, stüardessalar xarici görkəmləri ilə bərabər, xoşxasiyyət, xoşsifət, gülərüz, şirindil, yaxşı danışıq qabiliyyətinə malik, təmkinli, sərnişinlərlə ünsiyyət yaratmağı bacaran olmalıdır. Bütün bunlardan əlavə, əsas olan odur ki, stüardessalar tam sağlam olmalıdırlar.

Stüardessa peşəsi elə ilk günlərdən romantik bir peşə hesab olunmuşdur. Elə ilk günlərdən bugünədək, yəni XX-XXI əsrlərdə, 100 ilə yaxın bir müddət ərzində ən romantik peşələrdən biri olaraq qalmaqdadır.

Bütün parametrləri uyğun gələn gələcək stüardessalar tibbi müayinədən keçdikdən sonra aviakompaniyalarda xüsusi kurslar keçirdilər. Bu cür kurslar 3 ay davam edir. Kurslarda stüardessalara nəzəri və praktik dərslər keçirlər. Sonda gələcək stüardessalar mütləq imtahan verməlidirlər. İmtahandan uğurla keçənlər şəhadəthamə alırlar.



Beynəlxalq səhadəthamə almaq istəyənlər isə xarici ölkələrdə xüsusi kurslar keçməlidirlər. Beynəlxalq kurslarda təhsil alanlar təqaüd alırlar. Buraxılış imtahanlarını verdikdən sonra isə praktik imtahan da verməlidirlər. Praktik imtahan – 30 saatlıq öyrədici uçuşlardan ibarətdir.

Bu uçuşlar zamanı gələcək stüardessalar öz qabiliyyətlərini tam şəkildə göstərməlidirlər. İmtahanların bütün etaplarını uğurla keçdikdən sonra gələcək stüardessalar “3-cü dərəcəli bort baxıcısı”(Stüardessa) sertifikatı əldə edirlər. Gələcəkdə onların dərəcələrinin yüksəlməsi isə uçuş saatlarının çox olması ilə bağlıdır.


Tarix: 26.11.2014 / 13:39 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar
loading...