2008-ci ildən başlayaraq söz azadlığı uğrunda mübarizə şüarı altında saytlara kiberhücumların sayı artır.Bu hücumların qurbanı bütün dünyadakı iri müəssisələr, hökumətlər və hətta Vatikan olub. Hücumların məsuliyyətini Anonymous adlı hərəkat öz üzərinə götürüb. Bu hərəkatda heç bir ierarxiya mövcud deyil, iştirakçılar isə cidd-cəhdlə kim olduqlarını gizləyirlər. Bu gün hərəkat siyasətin sərhədinə çox yaxınlaşıb və ən müxtəlif narazılıqların əksi kimi çıxış edir.
Kimdir onlar?
Onlar gizlənirlər, heç bir ierarxiya tanımırlar, tabe olmurlar və ümumiyyətlə rəsmi şəkildə mövcud deyillər – Anonymous-un dəqiq xarakteristikasını göstərmək asan məsələ deyil. Bu, nə siyasi partiyadır, nə də assosiasiya. Hərəkat ümumi ideya (internetdə söz azadlığının müdafiəsi) ətrafında yaranıb və hazırda ən müxtəlif şəxsləri özündə birləşdirib. «Anoniymous ilk növbədə ideyadır: istənilən şəxs qrupu dəstəkləyə və onun adından çıxış edə bilər». Bunu «Anonymous: informasiya quldurları və ya rəqəmsal alterqlobalçılar?» (Anonymous, pirates informatiques ou altermondialistes numériques?) adlı kitabın həmmüəllifləri Frederik Bardov ə Nikolya Dane bildirirlər.
Anonymous-un əsas fəaliyyət meydanı internetdir – burada hər bir üzv ləqəb altında gizlənir. Beləliklə, onların bir-birini tanımasına heç bir ehtiyac yoxdur. Buna baxmayaraq, hərəkat 2011-ci ildən başlayaraq «fiziki» aksiyalarının sayını artırıb (internetdəki virtual fəaliyyəti tarazlaşdırmaq üçün) və maskaya baxmayaraq, hərəkatın bəzi aktiv üzvlərinin kimliyi bəlli olub.
Hərəkat ilk əvvəl ABŞ-da yaransa da, hazırda Avropada (Böyük Britaniyadan Slovakiyaya qədər), eləcə də Latın Amerikasında (ilk növbədə Braziliyada) və az dərəcədə Asiyada fəaliyyət göstərir. Hərəkatın əsas silahı internet olduğundan, onun əsas silahı yayılmasının da əsas maneəsinə çevrilib: Anonymous internetin zəif olduğu Afrikada çox az yayılıb.
Onların şüarı İncildən götürülmüş «Bizim adımız legiondur» şüarıdır və bu, hərəkatın üzvlərinin sayının çox olmasına işarədir. Amma eyni zamanda hərəkat üzvlərinin dəqiq sayı barədə mülahizə yürütmək qeyri-mümkündür: təşkilatın üzvlərinin sayı barədə ancaq bu və ya digər əməliyyatda iştirak edənlərin təqribi sayı barədə danışmaqla kifayətlənmək olar. Bu dolayı rəqəmlər əsasında onu söyləmək olar ki, Fransada hərəkatın təxminən 3000 davamçısı fəaliyyət göstərir.
Onlar nə ilə məşğuldurlar?
Anonymous internetdə söz azadlığını məhdudlaşdırdığı iddia edilən təşkilatların internet səhifələrinə hücum həyata keçirir. Siyahı isə çox genişdir: Hadopi-dən tutmuş (Fransada kontentlərin internetdən qanunsuz çəkilməsi ilə mübarizə aparan təşkilat), Fransa Daxili İşlər Nazirliyi, ABŞ Federal Təhlükəsizlik Xidməti, Mərkəzi Kəşfiyyat İdarəsi, İnterpol, NATO, Stratfor, Sony, Mastercard, RayPal və Visa-ya (sonuncular 2010-cu ilin dekabrında WikiLeaks saytının yaradıcısı Culian Assancın hesablarını və kredit kartlarını bağlamaqda ittiham edilirlər) qədər. Bir qədər əvvəl isə Vatikan da Anonymous qruplaşmasının qurbanına çevrilib: hakerlər «korrupsiyaya bulaşmış Roma kilsəsini və onun tör-töküntülərini cəzalandırmaq» qərarına gəliblər. Bu zaman təşkilat üzvləri qeyd ediblər ki, onların bu aksiyası xristian dininə və bütün dünyadakı dindarlara qarşı yönəldilməyib.
Anonymous mövcud olduğu illər ərzində Almaniyada iri neofaşist qruplaşmasını və uşaq pornoqrafiyası yayan onlayn şəbəkəni aşkar edib. Onlar bəzi məlumatların oğurlanması, informasiya sızdırılması və saytların işinin iflic edilməsinin məsuliyyətini öz üzərilərinə götürürlər.
Qarşıya qoyulan hədəfə çatmaq üçün onlar hər hansı bir sayta eyni zamanda külli miqdarda müraciət ünvanlayırlar və bu da saytın işini iflic edir. Belə DDoS hücumlar («xidmətdən imtina edilmişdir» kimi bölünmüş hücumlar) adətən forumlarda və ya imicboardlarda hazırlanır. Anonymous üzvlərinin digər aksiyası internet-syatlara daxil olmaqla bağlıdır. Fransa, İrlandiya, ABŞ və Hollandiyada belə əməliyyatlar iştirakçıların həbsi ilə nəticələnib. Onları saytların işini pozmaq üçün əvvəlcədən planlaşdırılıb hazırlanan hücumda iştirakda ittiham ediblər.
Bundan əlavə, Anonymous internetdə senzuranın mövcud olduğu ölkələrdə informasiya əldə edə bilirlər: buna misal kimi bir qədər öncə Suriya hadisələrindən videoçəkilişlərin əldə edilməsini göstərmək olar.
İnternetdəki əməliyyatlardan əlavə, avropalı Anonymous ABŞ-dakı «böyük qardaşları» kimi bu gün «fiziki» aksiyalara da əl atırlar. Amerikalılar «fiziki» aksiyalara 2008-ci ildən başlayıblar. Etirazların «kristallaşmasının» (virtual aləmdən real aləmə keçməsi) səbəbi kimi qruplaşmanın gücünün artması və özünə arxayınlaşması hesab olunur.
Onlar necə yaranıblar?
Hərəkatın ilk aksiyaları 2006-cı ildə baş tutsa da, onlara əsl şöhrəti 2008-ci ildə saentologiya kilsəsi ilə mübarizə gətirib. Anonymous saentoloqların kilsəsini «şər təşkilatı» adlandırırlar. Hərəkatın aktiv üzvləri YouTube-yə kilsənin «dezinformasiya kampaniyası»nı tənqid edən videomanifest yerləşdiriblər və onun məhvinə nail olacaqlarını vəd ediblər. Bu bəyanat saentoloqların bir neçə gün öncə YouTube-yə əmr formasında müraciət edərək videoyazılardan birini yığışdırılmasını tələb etmələrinə cavab olub. Həmin videoyazıda kilsənin davamçılarından biri olan Tom Kruzun ucadan gülərək kilsəni müdafiə etməyə cəhd göstərməsi əks olunub. Bundan sonra saentoloqların saytlarına bir neçə güclü kiberhücum həyata keçirilib. Kilsə xadimləri hücumlarla bağlı Amerika məhkəməsinə müraciət ediblər. Məhz bu aksiya Anonymous-un fəaliyyətində başlanğıc nöqtə sayılır və hakerlər bundan sonra bütün dünyadakı saytlara daha tez-tez hücum etməyə başlayıblar.
Çevik qüvvələr
«Anonimlər»in aksiyası birbaşa təsir xarakteri daşıya, bəzən sadə və zarafat formasında ola, bəzən hədə ilə müşayiət edilə bilər. Bəzən bunların hamısı bir yerdə cəmlənir. Bəzən onlar bir yerdə «xuliqanlıq» etmək hissi ilə fəaliyyət göstərirlər – bunu «lulzov tutmaq» adlandırırlar (LOL – «möhkəm gülmək» sözündən yaradılmış anlaşılmaz termin).
Ekspertlər bildirirlər ki, Anonymous həm keyfiyyət, həm də çeviklik baxımından böyük uğur əldə edib. Bəziləri onun təşkilat deyil, brend olduğunu güman edirlər. Çünki istənilən ölkədəki istənilən şəxs, istənilən zaman özünü «anonim» elan edə bilər.
Siyasi baxışlar: varmı, yoxmu?
Anonymous-un əsas hədəfi internetdə söz azadlığıdır. Frederik Bardo və Nikolya Dane izah edirlər: «Bütün Anonymous-lar Braziliyadan tutmuş Almaniyaya kimi bir ideyaya xidmət edirlər: söz və informasiya azadlığı. Anonymous-ların qurbanları sırasında Misir hökuməti, ACTA, Monsanto və saentoloqlar var – çünki onların hamısı internetdə söz azadlığına təhlükədirlər. İnternet isə həmişə özünü təşkil etmə xüsusiyyətinə malik ekosistem olub. Bu səbəbdən də, xaricdən tənzimləmə cəhdləri Anonymous tərəfindən onların ərazisinə müdaxilə və onları özünə tabe etmək cəhdi kimi qəbul edilir».
Onların fikrincə, təşkilat məhz söz azadlığı uğrunda mübarizə aparmalı və siyasətdən bacardıqca uzaq durmalıdır. Amma Anonymous-un son zamanlar səsləndirdiyi bəzi şüarların hərəkatın yarandığı zaman qarşısına qoyduğu hədəfə çox az aidiyyatı var. Martın 10-da Parisdə keçirilən tədbir zamanı üzündə maska olan qız bəyanat verib: «Dünyada heç də hər şey düzgün getmir. Dözüm həddi çoxdan keçilib. Siyasi elita maliyyə elitasına tabe olur». Yaxınlıqda kimsə 1789-cu il «burjua» inqilabının ziyanı barədə meqafonla qışqırırmış. Sonra isə kimsə «Marselyoza» oxumağa başlayıb və onu 100-dən çox adam dəstəkləyib...
Özündə anarxizmin izlərini açıq şəkildə biruzə verən Anonymous-un fəaliyyəti bir sıra hallarda siyasi narazılığı əks etdirir. Səbəblər isə ölkədən ölkəyə dəyişir. Məsələn, Anonymous-un kifayət qədər aktiv olduğu Braziliyada aksiyaların böyük hissəsi korrupsiyaya qarşı yönəldilib.
Bayaq qeyd etdiyimiz kimi, qrupda hər hansı bir ierarxiya mövcud deyil. Bu cəhətdən təşkilat ötən il İspaniyada elitaya etiraz əlaməti olaraq yaranan «qəzəblilər» hərəkatını xatırladır. Buna baxmayaraq, Anonymous-un bəzi üzvləri bildirirlər ki, İspaniyada konkret fəaliyyəti birinci olaraq «qəzəblilər» deyil, məhz onlar tələb ediblər.
Maska haradan peyda olub?
Anonymous-un üzvlərinin üzlərini gizlətdiyi maska 1605-ci ildə kral I Yakova qarşı «barıt sui-qəsdi»nin iştirakçılarından olan ingilis katoliki Qay Foksun simasıdır. Uğursuz sui-qəsdə monarxın dini dözümsüzlüyü səbəb olub. Britaniyalı Alan Mur 1980-ci illərdə «V – vendetta deməkdir» adlı komiksinin baş qəhrəmanına tarixi şəxsiyyətin üz cizgilərini xatırladan maska geyindirib. 2006-cı ildə rejissor Ceyms Maktiqin «V — vendetta deməkdir» əsərini ekranlaşdırması onsuz da populyar olan maskanı bir qədər də məşhurlaşdırıb.
Anonymous-un ən böyük aksiyaları:
1. Mərkəzi Kəşfiyyat İdarəsinin saytı
Sındırılıb: MKİ-nin saytı, eləcə də bir neçə beynəlxalq hüquq mühafizə təşkilatının akkauntları sındırılıb.
Hadisənin vaxtı: 2012-ci il fevralın 3-ü.
2. CBS / Universal Music
Sındırılıb: CBS-in saytı, Universal Music-in saytı
Hadisənin vaxtı: 2012-ci il yanvarın 23-ü.
3. Neofaşistlər
Sındırılıb: Neofaşistlərin saytları dağıdılıb
Hadisənin vaxtı: 2012-ci ilin yanvarı.
4. Stratfor
Sındırılıb: Geosiyasət, təhlükəsizlik və iqtisadiyyatla bağlı informasiya dərc edən Stratfor analitik təşkilatının saytı dağıdılıb
Hadisənin vaxtı: 2011-ci il dekabrın 25-i.
5. Uşaq pornoqrafiyası serveri
Sndırılıb: 40-dan çox saytda çalışan yüksək gəlirli uşaq pornoqrafiyası serveri sıradan çıxarılıb. «Anonimlər» bu saytlara daxil olan hər bir İP-ni aşkarlayıblar.
Hadisənin vaxtı: 2011-ci ilin oktyabrı.
6. PayPal
Sındırılıb: «WikiLeaks»lə bağlı araşdırmalar nəticəsində həbslərə cavab olaraq 20 min müştəri Anonymous-un xahişi ilə PayPal-dakı hesabını bağlayıb, PayPal-ın saytı sındırılıb
Hadisənin vaxtı: 2011-ci ilin iyulu.
7. Tunis hökuməti
Sındırılıb: Tunis hökumətinin saytları
Hadisənin vaxtı: 2011-ci il yanvarın 3-ü.
8. HBGary
Sındırılıb: Amerika hökumətinin Anonymous şəbəkəsini tapmaq işini tapşırdığı HBGary Federal təhlükəsizlik şirkəti
Hadisənin vaxtı: 2011-ci ilin fevralın 6-sı.
9. NATO
Sındırılıb: Şimali Atlantika Blokunun şəbəkəsi
Hadisənin vaxtı: 2011-ci ilin iyulu.
10. Saentoloqların kilsəsi
Sındırılıb: Kilsənin saytlarına DDoS hücumlar
Hadisənin vaxtı: 2008-ci ilin yanvarın 14-də başlayıb, hücumlar bu gün də davam edir.
Tarix: 26.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 370 Bölmə: Maraqlı Melumatlar