Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Füzuli...
Məhəmməd Füzuli...

Doğum tarixi: 1494-cü il
Doğum yeri: Kərbəla, İraq
Vəfatı: 1556-cı il
Vəfat yeri: Kərbəla, İraq
Vəfat səbəbi: Taun xəstəliyi

Məhəmməd Süleyman oğlu Füzuli - görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Əsərləri

"Səhhət və Mərəz" - farsca və nəsrlə yazılmış alleqorik əsər.
"Rindü Zahid" - farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.
"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) - şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
"Hədisi ərbəin tərcüməsi"
"Mətləül etiqad"

Məşhur Qəzəlləri

"Məni candan usandırdı"
"Söz"
"Olsaydı məndəki qəm"
"Yetər ey fələk"
"Tutuşdu qəm oduna"
"Pənbeyi-daği-cünun"
"Keç"
"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"

"Leyli və Məcnun" Bakı, Uşaqgəncnəşr-1958


Tarix: 11.06.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 284 Bölmə: Müxtəlif
loading...